Mərkəzi Bankı faiz dəhlizinin aşağı həddini 4%-ə endirir

 Mərkəzi Bankı faiz dəhlizinin aşağı həddini 4%-ə endirir
  31 Avqust 2022    Oxunub:1421
Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində sabahdan faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara alıb.
AMB bəyan edib ki, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri edib. "Qiymətləndirmələr göstərib ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliyi AMB-nin faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində AMB-nin faiz dəhlizinin aşağı həddinin sabahdan 4% səviyyəsində müəyyən edilməsi qərara alınıb.

Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılıb. AMB qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq AMB-nin faiz dəhlizinin eni daraldılacaq.

Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaq ki, bu da pul bazarında faizlərin uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti