London təxribatında kimlər maraqlı olub? - Mixail Neyjmakovun şərhi

   London təxribatında kimlər maraqlı olub? -    Mixail Neyjmakovun şərhi
  16 Avqust 2022    Oxunub:2557
Mixail Neyjmakov
Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki
Xüsusi olaraq AzVision.az üçün

Hər kəsə məlumdur ki, bu yaxınlarda Azərbaycanın Londondakı səfirliyinə hücum edən Xuddam əl-Mehdi (Mehdi Xidmətçiləri Birliyi) qruplaşmasının üzvləri 2018-ci ildə İranın Böyük Britaniyadakı səfirliyinə qarşı da analoji hərəkət ediblər.
Lakin bu plan Bakı ilə Tehran arasındakı münasibətlərə köklü təsir göstərə bilməz. Azərbaycan və İran arasında qarşılıqlı praqmatik fəaliyyət bundan sonra da davam edəcək. Bu baxımdan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin 2022-ci ilin avqustun əvvəlində “Tehran Times”a verdiyi müsahibəsini xatırlaya bilərik. Həmin müsahibədə diplomat Tehran ilə Bakı arasında bir sıra əməkdaşlıq sahələrinə - infrastrukturun tikintisindən tutmuş Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən və İran ərazisindən keçən marşrutun inkişafı ilə bağlı iki ölkə arasındakı əməkdaşlığa toxunmuşdu.

Eyni zamanda ola bilsin ki, Londonda baş verən insidentə istinad edən bəzi iranlı ekspert və siyasətçilər ümumi təhdidlər fonunda əlavə arqumentlər gətirərək, Tehranla Bakı arasında əməkdaşlığa ehtiyac olduğunu bəyan etsinlər. Belə bir arqument, misal üçün Təl-Əvivlə Bakı arasında əməkdaşlığın Tehranda təşviş doğurması səbəbindən və İsraildə parlament seçkiləri kampaniyası fonunda bu ölkə rəsmilərinin İranla bağlı sərt bəyanatlarını daha da kəskinləşdirə biləcəyi şəraitdə aktual ola bilər.

Böyük Britaniya və Azərbaycan da gələcək əməkdaşlıqda obyektiv olaraq maraqlıdırlar. London həm Cənubi Qafqazdakı vəziyyətə, həm də Türkiyə ilə əməkdaşlığa maraq gösrərir ki, bu da onun Bakı ilə münasibətlərinə təsir edəcək.

Baş nazir olmaq şansı hələ də yüksək olan Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri Elizabet Trass 2022-ci ilin iyulunda “taxıl dəhlizi” ilə bağlı sazişin imzalanmasında Ankaranın rolunu yüksək qiymətləndirib. Trassın bəzi açıqlamaları Ankarada soyuq qarşılansa da (ilk növbədə Britaniya nazirinin qeyri-qanuni miqrantların Türkiyəyə göndərilməsi perspektivləri ilə bağlı replikasını qeyd etmək olar), bu, iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı onları maraqlandıran amillərə ciddi təsir etmir, xüsusilə də indiki mərhələdə.

Azərbaycan da həm iqtisadi maraqlar, həm də Cənubi Qafqaza diqqət nümayiş etdirmək baxımından London üçün əhəmiyyətlidir. Bu mənada Böyük Britaniyanın müdafiə naziri Ceyms Hippinin 2022-ci ilin martında Bakıya səfərini qeyd etmək olar. Britaniyanın yeni baş nazirinin komandasında bu vəzifəni kimin tutmasından asılı olmayaraq, xarici siyasətdə böyük ehtimalla fəallıq nümayiş etdirəcək. Xüsusilə də, vəzifə kürsüsünə oturduğu ilk vaxtlarda.

Bu mənada 2022-ci ilin sonuna qədər Londondan Cənubi Qafqaza diqqət və Bakı ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu göstərən yeni addımlar gözləmək tamamilə mümkündür.



Teqlər: Təxribat  





Xəbər lenti