“Mauqli”lər və çaqqallar

// Bəzilərinə problemin həlli yox, yaradacağı faciə lazımdır

      “Mauqli”lər  və çaqqallar
  14 İyul 2022    Oxunub:5518
Qazilərlə bağlı danışarkən nə qədər ağır olsa da, ilk növbədə real problemi spekulyasiyalardan ayırmaq lazımdır. Çünki istənilən problemin həlli var, spekulyasiyanı isə çözməklə harasa çıxmaq mümkün deyil; onu ancaq baltalayıb, atmaq lazımdır. Bəs problem nədir? Özünü yandıran Qazimiz - “Mauqli” ləqəbli Elvin Cəfərovun istəyi, tələbi nə olub ki, bu cür dəhşətli yola əl atıb?!
Bu sualın cavabı hətta qazının intiharından da dəhşətlidir: Bilmirik!
Bəli, biz bilmirik ki, Qazımızın problemi nə olub, onu nə, yaxud kim incidib, “sındırıb”. Biz hətta bilmirik ki, onun sonuncu videosunu çəkən, Qazinin intihar fikrinin üstünə benzin tökən kimdir. Bilmirik ki, intiharından bir gün qabaq kiminlə görüşüb...

Bizim bircə yanaşmamız var ki, o da məmurlara qarşı olan apriori mənfi münasibəti qazı faciəsinə ekstrapolyasiya etməkdir. Ayrı vaxt bu yanaşmaya bəlkə də söz demək çətin olardı (məmur zəhmət çəkib, xalqın sevgisini qazansın!) , amma indi insan, hətta üst insan – Qazi intiharının nəinki qarşısını almır, hətta yol açırsa, bu yanaşmanı qatlayıb, qırağa qoymaq lazımdır. “İndi hər səsdən, hər küydən sükuta dönmək vaxtıdır” (V.Səmədoğlu) .

İndi emosiyaları, məmurlara münasibəti ortaya qatmadan, problemin mahiyyətini aşkarlayıb, onu düzgün çatdırmaq bizim vətəndaşlıq borcumuzdur. Çünki ancaq bu halda həll tapıla bilər. Vətəni xilas edənləri düşdükləri vəziyyət nədirsə, oradan xilas etmək lazımdır. Diqqəti başqa hədəflərə yayındırmadan! Bu istiqamətdə gedilməsi vacib, uzun və incə bir yol başlayır. Onu mütləq keçməliyik və keçəcəyik.

Amma öncə bizi yoldan sapdırmağa çalışanları da tanımaq və qəti şəkildə prosesdən kənarlaşdırmaq lazımdır ki, real problemin həlli yönündə əl-ayağa dolaşmasınlar, mövzuya lazımsız siyasət zəhərini qatmasınlar. Bugünə qədər heç bir qazının dilindən heç bir siyasi şüar səslənməyib; onların bütün narazılıqları sosial və məişət zəminlidir. Amma bəlli bir qrup fəal şəkildə qazı mövzusunu siyasiləşdirməyə, rəngləri tündləşdirməyə çalışır.

Məsələn, Elvin Cəfərovun faciəsinin ağrısını yaşadığımız bir vaxtda Əli Kərimli və onun işlədiyi mərkəzin xaricdəki agentləri ikinci bir qazının – Elvin Məmmədovun özün yandırdığı haqda məlumat yaydılar. Halbuki, Elvin Məmmədov şəxsən xəbəri təkzib edərək, özünə məxsus kafedə manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan əlini yandırdığını dedi.


Kabab bişirərkən əlin yanmasını “Qazi özünü yandırdı” şəklində təqdim etmək sadəcə yanlışlıq ola bilərmi? Haradan-hara?! Açıq-aydındır ki, kimlərəsə bu yanğını üfürüb, böyütmək lazımdır. Bir qrup isə bu tip xəbərlərə “kabab üstdən sərin su pis olmaz” məntiqilə yanaşır. Çünki burada tarixi Zəfəri və onu qazanan insanları gözdən salmaq üçün fürsət görürlər.



Başqa bir qrupun məqsədi bu qədər dərin və məkrli deyil, onlara sadəcə, sosşəb gəvəzələrinin reaksiyası lazımdır ki, beyinləri dofamin ifraz etsin. Yəni psixi asılılıq yaranıb və bu “sosşəb narkomanlığı” onları hər cür axmaqlığa sövq edə bilər. Onlar axmaqdırlar, amma təəssüf ki, təhlükəli axmaqdırlar.

Üçüncüsü isə, reket medianın sosial platformalarda kök salıb, çiçəklənən yeni alaqotu növü Qazi faciələrində özü üçün əla qazanc mənbəyi görür: Bəs necə, hansısa Qazının dilindən hansısa məmurla bağlı şikayət qoparmağı bacarsan, hesab elə ki, maşını yenilədin!

Bu cür çaqqalların dolu olduğu cəngəllikdə “mauqli”lərin bircə sığınacaq yeri var - Dövlət. Onları dinləyən də, dərdinə əlac tapan da yenə də dövlət olacaq. Daxildəki və xaricdəki siyasi şarlatanlar yox, reketlər yox, “layk narkomanları” yox, məhz Dövlət! Əgər Dövlət Ata ilə Qazi Oğulların arasındakı kommunikasiya haradasa qırılırsa, düz işləmirsə, pozulursa, onu sadəcə, düzəltmək, tənzimləmək, kökləmək lazımdır. Bu, çözülən problemdir və hər bir Vətəndaş bunun üçün çalışmalıdır.

Faciənin bütün günahkarları mütləq cəzalarına çatdırılmalı, bir də belə halların olmaması üçün isə Dövlət-Qazi Kommunikasiyasının mexanizmi saat kimi işləməlidir. Heç bir Qazinin dövlətdən incik düşməsi üçün heç bir səbəb olmamalıdır. Buna hamımız nəzarət etməli və məsuliyyət daşımalıyıq!

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Qazi   İntihar   Faciə  





Xəbər lenti