Qərb Ermənistandakı polis zorakılığını niyə "görmür"?

Qərb Ermənistandakı  polis zorakılığını niyə "görmür"?
  09 May 2022    Oxunub:2073
İki həftəyə yaxındır ki, Ermənistan müxalifəti ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirir. Əsasən Köçəryan-Sarqsyan tandeminin nəzarəti altında olan siyasi qüvvələrin təşkil etdiyi etiraz aksiyalarına hakimiyyətin reaksiyası Paşinyanın təslim olmaq istəmədiyindən xəbər verir. Maraqlıdır ki, hökumətin mitinq iştirakçılarına qarşı repressiya siyasəti Qərbin aparıcı dövlətləri, demokratik təsisatlar və insan haqları təşkilatları tərəfindən laqeydliklə qarşılanır.
"Nəyin baş verdiyini görmürlərmi?"

İrəvanda hərəkəti dayandırmağa və barrikadalar qurmağa cəhd göstərən yüzlərlə etirazçının zorla polis məntəqələrinə gətirilməsi, heç bir izahat verilmədən azı 3 saat ərzində saxlanılması Paşinyan hökumətinin özünün vaxtilə təşkil etdiyi mitinqlərin necə neytrallaşdırılması taktikasını çox yaxşı mənimsədiyini göstərir. Keçmiş prezident Robert Köçəryanın və KTMT-nin sabiq Baş katibi general-polkovnik Yuri Xaçaturovun oğullarının mitinqlərdə iştiraka görə saxlanılaraq polisə gətirilməsi ilə Nikol Paşinyan cəmiyyətə və opponentlərinə “sabiqlər”lə mübarizədə qətiyyət nümayiş etdirəcəyi mesajını ünvanlayır. Vaxtilə Nikol Paşinyanın özünün vəzifəyə təyin etdiyi keçmiş polis rəisi Valeri Osipyanın da etiraz aksiyası zamanı saxlanılması bu məsələdə heç kimə güzəşt edilməyəcəyinin göstəricisidir.



Saxlanılan və polis bölmələrinə aparılan aksiya iştirakçıları onlara qarşı çoxlu pozuntulara yol verildiyini bildirirlər. Hətta etirazçıların qurduğu çadır düşərgəsindəki insanlardan birinin ölümü də hökumətin mitinq iştirakçılarına qarşı sərt siyasətini dəyişməyib.



Bir neçə il əvvəl məhz küçə etirazları dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyanın bu siyasəti nə qədər təəccüb doğursa da, onu zor-xoş baş nazir kreslosuna əyləşdirən kənar qüvvələrin indi Ermənistanda yaşanan hadisələrə açıq-aşkar laqeydliyi erməni cəmiyyətində hiddətə səbəb olur. Təsadüfi deyil ki, Ermənistan parlamentinin deputatı Hayk Mamicanyanın rəhbərlik etdiyi müxalifətçilər qrupu Avropa İttifaqının diplomatik nümayəndələrinin və bəzi Avropa ölkələrinin səfirlərinin nahar etdiyi İrəvanın mərkəzindəki restoranlardan birinə daxil olmağa cəhd göstərib.
"Bizə dedilər ki, bu restoranda Avropa İttifaqının səfiri Andrea Viktorin, habelə Avropa İttifaqının müxtəlif ölkələrinin səfirləri nahar edirlər. Biz, əlbəttə ki, onlara yaxşı iştah arzulayırıq. Amma onlar Ermənistanda nə baş verdiyini görmürlərmi?", - Mamicanyan sual edib.
Lakin polis “rüsvayçılıq, biabırçılıq” şüarı səsləndirən etirazçıların restorana girməsinə imkan verməyib. Yəqin ki, avropalı diplomatların iştahının pozulmasının İrəvana baha başa gələcəyini dərk etdiyinə görə.

İştah nə vaxt pozulur

Amma Avropa İttifaqı da daxil olmaqla, Qərbin aparıcı dövlətlərinin, demokratik təsisatlar və insan haqları qurumlarının hazırda Ermənistanda yaşanan hadisələrə laqeydliyi onların iştahının belə “elementar” repressiyalardan çox ciddi şəkildə sığortalandığından xəbər verir. Bu qüvvələrin gözləri və qulaqları yalnız Azərbaycanda hansısa bir marginal konkret cinayət əməlinə görə saxlanılanda, qanun pozuntusuna görə cərimələnəndə, sivil şəkildə avtobusa mindirələndə və ya polis bölməsinə dəvət olunanda açılır.

Daim insan haqları və demokratiyadan danışan Qərbin, beynəlxalq və regional təşkilatların susqunluğu hansı məntiqə söykənir? Şübhəsiz ki, siyasi məqsədəuyğunluq və ikili standartlar prinsipinə. Vaxtilə Paşinyanı hakimiyyətə gətirən küçə hərəkatını demokratiyanın əsil təzahürü kimi qiymətləndirən və protest aksiyalarının iştirakçılarına qarşı atıla biləcək sərt addımların yolverilməz olduğunu bildirən Qərbin indi Ermənistan hökumətinin sərt tədbirlərinə biganə qalması bunun əyani sübutudur.

Bu konteksdə Nikol Paşinaynın ötən ilin noyabrında İrəvanda AŞPA-nın Monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Kimo Kilyünen və Boriannu Aberqlə görüşünü xatırlatmaq çox yerinə düşür. Həmin görüşdə xanım Boriannu Aberq Ermənistanı "regionda demokratiyanın parlayan ulduzu" adlandırıb.

Ulduz, yoxsa "qara dəlik"?

Halbuki, “Sərhədsiz reportyorlar” təşkiltanın 2022-ci il üçün KİV-lərin azadlığı barədə hazırladığı hesabatda Ermənistan cəmiyyətinin misilsiz dərəcədə dezinformasiyaya və nifrətin qızışdırılmasına, erməni mediasının hakimiyyət və hakimiyyətə yaxın dairələr tərəfindən ciddi təzyiqlərə məruz qaldığı göstərilir. Bu nifrətin dərəcəsinin Ermənistan-Azərbaycan qarşıdurması məsələsində daha yüksək səviyyədə olduğu vurğulanır ki, İrəvandakı son etiraz aksiyaları bunu bir daha sübut edir.

Belə ki, “Hayastan” partiyasının lideri, Ermənistanın Milli Təlüksəzilik xidmətinin sabiq direktoru Artur Vanetsaynın başçılıq etdiyi “Müqavimət” hərəkatının iştirakçıları “türklərsiz Ermənistan” qışqıra-qışqıra ölkənin Xarici İşlər nazirliyi qarşısında aksiya keçiriblər. Ermənistanda yaşanan son hadisələrdə ən maraqlı məqamlardan biri də ASALA erməni terrorçu təşkilatnın üzvü Hampik Sasunyanın etiraz aksiyalarında iştiraka görə saxlanılaraq polisə bölməsinə aparılmasıdır. 1982-ci ildə Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə apellyasiya hüququ olmadan ömürlük həbs cəzası almış Sasunyan ABŞ məhkəməsinin “humanist”liyi nəticəsində ötən ilin yazında azad edildikdən sonra payızda Ermənistana gəlib. Açığı, Ermənistanda revanşistlərin Azərbaycana qarşı nifrətinin qızışdırıldığı bir vaxtda terrorçu Sasunyannın ABŞ məhkəməsi tərəfindən azadlığa buraxılması da heç təsadüfə bənzəmir.

Sadalanan məqamlardan Qərbin "qara dəliyə" çevrilmiş Ermənsitanı regionda demokratiyanın “parlaq ulduzu” kimi qələmə vermək cəhdlərinin hansı maraqlara xidmət etdiyi aydınlaşır. Onlar “mövqesizlik özü də bir mövqedir” prinsipinə üstünlük verirlər.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Ermənistan   mitinqlər  





Xəbər lenti