“Əsl feminizm” nədir? Birinci yazı: Dörd dalğa
Feminizmin yaranması
"Feminizm" termini 200 il əvvəl "qadınların sosial vəziyyətinin ictimai inkişafın ölçüsü olduğuna" inanan bir kişinin - fransız filosofu Şarl Furyenin sayəsində meydana çıxıb. Doğrudur, 18-ci əsrin sonuna aid publisistikada feminizm sadəcə qadına xas olan xüsusiyyət və keyfiyyətlər, onun “femina” təbiəti kimi başa düşülürdü. Məsələn, sadəlik, qayğıkeşlik, incəlik... İndi anladığımız mənada isə “feminizm” sözü cəmi 100 il bundan əvvəl istifadə olunmağa başlayıb. Baxmayaraq ki, feminizmə yaxın ideyalar Qərb cəmiyyətində xeyli əvvəl mövcud olub. Elm adamları onlara münasibətdə "proto-feminizm" anlayışını tətbiq etməyə üstünlük verirlər, çünki feminizmin meydana çıxmasında bu cərəyanlar ilham mənbəyi olub. Məsələn, Platonun “Dövlət” əsərində göstərilir ki, təkcə kişi deyil, qadın da xalqı idarə edə bilər.
Gender bərabərliyini müdafiə edən ayrı-ayrı qadınların səsləri 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində eşidilməyə başlayıb. "Biz qəbulunda iştirak etmədiyimiz qanunlara və maraqlarımızı təmsil etməyən hakimiyyətlərə tabe olmayacağıq" deyən ilk amerikalı feminist Abigeyl Smit Adams bunu Birləşmiş Ştatların ikinci prezidentin olan əri Con Adamsa yazmışdı.
Elə o dövrdə "Qadın Hüquqlarının Müdafiəsi" traktatının müəllifi Meri Uolstonkraft Böyük Britaniyada Jan-Jak Russo ilə polemikaya girdi. O, manifest müəllifi olaraq qadının cəmiyyətdəki rolunun lazımınca qiymətləndirilməməsindən danışdı və qadının öz taleyini idarə edə biləcəyi şüarı ilə qalmaqala səbəb oldu.
Meri Uolstonkraft
Uolstonkraftın ideyalarının o dövrdə cəmiyyətdə absurd qəbul edildiyini Kembric universitetinin filosofu Tomas Taylonun feministin ictimai bəyanatını parodiya edən “Heyvanların hüquqlarının müdafiəsi haqqında” essesi sübut edir. Müəllif qadın və kişi bərabərliyinin tanınmasını pişiklərə, itlərə və atlara hüquq və azadlıqların verilməsi ilə eyniləşdirirdi.
Bu kontekstdə digər əhəmiyyətli əsərləri xatırlamamaq mümkün deyil: Olimpiya De Qujun “Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi”, Britaniya parlamentinin deputatı Con Stüart Millin çıxışları, onun “Qadınların itaəti haqqında” essesi, Harriet Teylor-Millin feminist ideyaları qadınları real hərəkətlərə sövq edirdi.
20-ci əsrdə cəmiyyəti “bürüyən” və 21-ci əsrdə də davam edən “dalğalar” feminist hərəkatın necə inkişaf etdiyindən xəbər verir. Hazırda alimlər feminizmin üç və ya dörd dalğasını ayırırlar.
Feminizmin ilk dalğası:
Səsvermə Hüquqları Uğrunda mübarizə
(1890-1920-ci illər)
Uzun müddət rədd edilməsinə baxmayaraq, feminist ideyalar 19-cu əsrin sonlarında qadınların cəmiyyətdəki mövqelərindən narazılıq hallarının artması fonunda Böyük Britaniyada və sufrajist hərəkatı (latınca suffragium - seçki hüququ) ilə ABŞ-da meydana çıxdı. Hərəkata vəkil əri Riçard Pankherst tərəfindən fəal dəstəklənən Emmelin Pankherst rəhbərlik edirdi.
Sufrajistlər qadınların səsvermə hüquqları uğrunda təkcə qanuni və dinc vasitələrlə (mitinqlərin, nümayişlərin, çıxışların köməyi ilə) deyil, həm də ekstremal - aclıq aksiyaları, tətillər, pəncərələri sındırmaq və yandırmaq üsullarıyla mübarizə aparırdılar. Sufrajistlər tənqid olunur, fəalları çox vaxt həbsə alınır, ictimaiyyətin gözü qarşısında aclıq aksiyası keçirir, sağlamlıqlarına ziyan vuraraq, kiçik addımlarla öz məqsədlərinə yaxınlaşırdılar.
Elə o zaman belə bir mif yarandı ki, siyasi hüquqlar uğrunda mübarizə aparanlar arasında sevgi və evlilikdə bədbəxt olan çirkin qadınlar çoxluqdadır. Qəzetlərdə sufrajistləri pinti, qarımış qızlar kimi təsvir etsələr də, bu həqiqətə tam uyğun deyildi. Sufrajist hərəkatı liderlərinin əksəriyyəti nəinki tanınmış simalarla evli və onların dəstəyinə malik idilər, onlar həm də öz fikirlərinə diqqət çəkmək və yeni tərəfdarlar cəlb etmək üçün gözəl görünməyə çalışırdılar.
O dövrdə Rusiya İmperiyasında seçki hüququ təkcə qadınlar üçün əlçatmaz deyildi. 1906-cı ildə parlamentin meydana çıxması ilə fəhlələr, əsgərlər, matroslar, 25 yaşına çatmamış gənclər, milli azlıqların nümayəndələri ümumi səsvermədən kənarda qaldılar. Ona görə də, qadın hərəkatı əvvəlcə təhsil tələbi ilə çıxış etdi, sonra isə sufrajistlərin təcrübəsindən istifadə edərək, səsvermə hüququ uğrunda mübarizəyə başladı.
1906-cı ildə bütün kontinental Avropada qadınlar ilk dəfə Finlandiyada (o vaxt Rusiya İmperiyasının tərkibində), 1917-ci ildə Rusiya Respublikasında seçki hüququ qazandılar. ABŞ-da bu yalnız 1920-ci ildə, Böyük Britaniyada isə 1928-ci ildə baş verdi. Qadınlar ən son olaraq Səudiyyə Ərəbistanında 2015-ci ildə ilk dəfə səsvermədə iştirak etdilər.
Feminizmin ikinci dalğası:
Ailədə və işdə bərabərsizliyin aradan qaldırılması
(1960-1980-ci illər)
Hərəkatın inkişafında yeni mərhələ seçki hüququnun həll edə bilmədiyi problemlərin kəskinləşməsi ilə əlaqələndirilir. Əgər 20-ci əsrin əvvəllərinin feministləri seçkilərin köməyi ilə dövlət orqanlarına yeni qaydalar gətirməyin mümkün olduğunu güman edirdilərsə, 1960-cı illərin feministləri özləri seçilmək və qadınların ikinci növ insan olmadığını sübut etmək istəyirdilər. Ayrıseçkiliyin aradan qaldırılması feministlərin ikinci dalğasının həll etdiyi problemdir.
Simon de Bovuarın 1949-cu ildə nəşr olunan “İkinci cins” əsəri dövrün əsas mətninə çevrildi. Fransız yazıçısı təkid edirdi ki, qadın kişilərin ona tətbiq etdiyi “qadın dünyası”ndan (evlilik, analıq, evdə qulluq) kənarda da özünü ifadə edə bilər və etməlidir.
Qadının şəxsi həyatının dərindən siyasiləşdiyi və uzun müddət “güclü cinsin” qəbul etdiyi qərarlardan asılı olması fikri publisist Karol Hanişin “Şəxsi olan siyasidir” şüarında öz ifadəsini tapıb. Qeyd edək ki, hazırda Azərbaycandakı feministlərin əsas şüarlarından biri də budur.
Betti Fridan da “Qadın sirri” kitabında bunu vurğulayır. O deyir ki, psevdo-elmi nəzəriyyələr, reklamlar, parlaq jurnallar təhsilə, karyeraya və siyasi azadlığa ehtiyacı olmayan “əsl qadın” haqqında ictimai rəyi gücləndirib. Yazıçının fikrincə, məhz bu qadını öz mövqeyinin girovuna çevirir: evlilik və doğuş həyatın başlıca hadisələri kimi təqdim olunur, karyera və ambisiyalar periferiyaya itələnir. O dövrün feministləri cəmiyyətin diqqətini əvvəllər ağlasığmaz olan bir aksioma yönəltdi: eyni vaxtda ana, həyat yoldaşı və feminist olmaq münkündür.
İkinci dalğa öz məqsədlərinə tam nail ola bilmədi. Ancaq keçən əsrin ortalarında qadınlar kütləvi şəkildə əmək bazarına daxil oldular və gender siyasəti ideyasını əbədi olaraq dəyişdirdilər.
Feminizmin üçüncü dalğası:
Gender və seksuallıq problemləri
(1990-2010-cu illər)
20-ci əsrin sonunda feministlərin fəaliyyəti yenidən gücləndi. İkinci dalğanın vəzifələri həll olunmamış qalsa da, "köhnə feminizm"in qoyduğu məhdudiyyətlər aktuallığını itirdi, yeni ünsiyyət kanalları və öz mövqeyini çatdırma yolları meydana çıxdı. Yazıçı Rebeka Uolker 1992-ci ildə feminizmlə bağlı məqaləsində yazırdı: “Mən post-feminist deyiləm. Mən üçüncü dalğa feministiyəm”.
Bu zaman feministlər cəmiyyət üçün daha çox “anlaşılmaz” olan mövzuları qaldırmağa başladılar və aqressiya ilə üzləşdilər. Müzakirə “şəxsiyyət” və “gender” anlayışları ətrafında quruldu. Feministlər dedilər ki, təkcə kişi və qadınların hüquqlarını müəyyən etmək vacib deyil, gender rollarının necə qurulduğunu - kişi və qadın olmanın yollarını da anlamaq lazımdır. Burada başqa gender rollarının ola biləcəyi sualı da doğur. Hazırda feminizmlə ayrılmaz şəkildə bağlı olan “queer” nəzəriyyəsinin təsvir etməyə çalışdığı da budur.
Reproduktiv və cinsi zorakılıq, obyektivləşdirmə, qurbanın günahlandırılması, qadınlara qadağan edilən peşələrin ləğvi, feminitivlərdən istifadə edilərək qadınların görünüş səviyyəsinin artırılması, pornoqrafiyaya və fahişəliyə alternativ baxış - bütün bunlar feministlərin əsrlərin qovşağında qaldırdığı mövzulardır.
Bu mərhələdə ən çox "yeni qadın"ın azad və güclənmiş estetikasını quran yarıgizli pank-rok hərəkatı “Riot Grrrl” diqqət çəkir. Ümumiyyətlə, indiki mərhələdə feminizm ideyalarının nəzəri birliyindən danışmaq artıq kifayət qədər çətindir.
Feminizmin dördüncü dalğası:
Seksizm və internet fəallığına qarşı mübarizə
(2010-cu illərdən günümüzədək)
Bu vaxta qədər cəmiyyətin əksəriyyəti feminizmin məqsədlərinə artıq nail olunduğuna əmindir, lakin gənc qadın nəsli qanundakı bərabərliyin praktik bərabərliyə çevrilmədiyini dərk edir. Fəallar diqqəti qanuni haqlardan mübarizə aparılması daha çətin olan diskriminasiyaya keçirirlər. Seksizm hələ də qalır və qadınların özlərini cəmiyyətin tamhüquqlu üzvü hesab etmələrinə mane olur.
İnternet fəallığı getdikcə güclənir, bu sayədə nə qədər qadının eşidilmək istədiyi aydın olur. Fəal Laura Beyts 2014-cü ildə “Gündəlik seksizm” layihəsini yaratdı və minlərlə qadın özünə qarşı qeyri-bərabər münasibət hiss etməsindən danışdı.
2017-ci ildə “#MeToo” həştəqi ilə ABŞ-da cinsi təcavüzə və qısnamaya qarşı kütləvi kampaniyaya başladı. Onun fəaliyyəti dövründə müxtəlif müəssisələrdən olan bir çox nüfuzlu kişilər vəzifə səlahiyyətlərindən sui-istifadədə və cinsi təcavüzdə günahlandırılıblar.
Feminizmin dördüncü dalğası “queer”, interseks, seksual-pozitiv, trans-inklüziv, body-positive və həştəq aktivliyi, antiseksizm ilə xarakterizə olunur. Bu mərhələdə “interseks feminizm” anlayışı qadınların müxtəlif qruplarının müxtəlif üsullarla təzyiqə məruz qalması ideyası kimi meydana çıxır ki, bu da bərabərlik uğrunda mübarizəni xeyli genişləndirir.
Növbəti yazıda bu suallara cavab tapa bilərsiniz:
- Feminizmin hansı növləri var?!
- Müasir feminizm nə ilə məşğul olur?
- 8 martın feminizm ilə əlaqəsi varmı?
- Feminizm haqqında əsas miflər hansılardır?
Nadir Quliyev
AzVision.az
Teqlər: Feminizm