“Köhnə çamadanlar” bədii filminin premyerası olacaq
Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır.
Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər.
Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Final səhnələri Azərbaycan Ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır.
Əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdüsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva və başqaları ifa edirlər. Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri – əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alıblar.
Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.
AzVision.az
Teqlər: Film