Akademik Musiqili Teatrdan bayram töhfəsi – "Gözəllik" rəqsi

Akademik Musiqili Teatrdan bayram töhfəsi –    "Gözəllik" rəqsi
  19 Mart 2022    Oxunub:1957
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artistlərinin iştirakı ilə ərsəyə gələn növbəti maraqlı layihələrdən biri olan "Gözəllik" rəqsinin video versiyasının təqdimatı keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev rəqs kompozisiyası haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.



Gənc balet artistlərinin bir-birinin ardınca qazandığı uğurları sadalayan Ə.Lalayev bütün bunları teatrın quruluşçu baletmestri, Əməkdar artist Emin Əliyevin başladığı ənənəvi layihələrin davamı kimi qiymətləndirib, təcrübəli balet artistinin iştirakı və xoreoqrafik quruluşunda hazırlanan balet kompozisiyalarının digərlərinə də örnək olduğunu qeyd edib.
Emin Əliyev kollektivdə yaradıcı heyətə, xüsusən gənclərə göstərilən diqqət üçün teatr rəhbərliyinə təşəkkür edib, "Gözəllik" rəqsinin quruluşçu xoreoqrafı Məhəmməd Abdullayevi və ifaçısı Aynurə Əsgərovanı təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Bu rəqsi Akademik Musiqili Teatrın Novruz bayramına bir töhfəsi hesab edən gənc balet artistləri burada yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlıqlarını bildirərək gələcək layihələrini daha şövqlə yerinə yetirmək arzusunda olduqlarını vurğulayıblar.

Rəqs kompozisiyasına baxan tədbir iştirakçiları heyranlıqlarını gizlətməyiblər.



Qeyd edək ki, dünya şöhrətli kamança və saz ifaçısı Mark Eliyahunun musiqisindən istifadə edilən bu rəqs kompozisiyasının quruluşçu xoreoqrafı Məhəmməd Abdullayev, ifaçısı Aynurə Əsgərova, quruluşçu rejissoru və montajçısı Alvin Mahmudovdur.

Balet artistinin geyimi Leyla Əliyevaya, qrimi isə Səma Novruzzadəyə məxsusdur.

AzVision.az


Teqlər:





Xəbər lenti