“Rusiya müharibənin Ukraynadan kənara çıxmasını istəyir” – Ünal Atabay

 “Rusiya müharibənin Ukraynadan kənara çıxmasını istəyir” –  Ünal Atabay
  10 Mart 2022    Oxunub:2436
“Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq “bumeranq effekti” verməyə başlayıb. Bu sanksiyaların dünyanı qlobal iqtisadi böhrana aparmaq riski də var. Əgər Rusiya bu müharibədən uğurla çıxarsa, o zaman Qərb ilə Rusiya yeni dünya düzəni üçün masa arxasına keçib, danışıqlara başlayacaqlar”.
Bu sözləri AzVision.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahının sabiq idarə rəisi, polkovnik Ünal Atabay deyib. Ukrayna və Rusiya XİN rəhbərlərinin Antalya görüşünü şərh edən ekspert bildirib ki, bu forum əslində bir fürsətdir:

- Türkiyə bu fürsəti dəyərləndirdi. Ankara iki ölkə arasında əlaqələndirici funksiyanı öz üzərinə götürdü. Türkiyə hər iki ölkə ilə də normal əlaqələri olduğundan, tərəfləri razı sala bildi. Rusiya Türkiyə vasitəsilə bir növ həm də Qərblə danışmış olacaq. Görüşdə atəşkəs və ya müharibənin dayandırılması ilə bağlı bir qərar çıxarılmaya bilər. Ancaq görüşlərin davam etdirilməsi üçün addım atılmış olacaq. Ən azından iki dövlətin yüksək çinli şəxslərinin üz-üzə danışıqları baş tutdu.

- Müharibədən öncə müsahibəmiz zamanı siz NATO-nun və Amerikanın birbaşa müharibəyə girməyəcəyi bildirmişdiniz. Bəs indi hazırda gedən müharibənin ssenarisini necə görürsünüz?
- Rusiya sadəcə Ukrayna ilə bağlı iddia ortaya qoymayıb. Şərqi Avropada da NATO-nun silah sistemlərinin yerləşdirilməsinə qarşıdır və 1997-ci ilin əvvəllərinə çəkilməsini tələb edir. Əslində iki siyasi hədəfi var. Biri Ukrayna idi ki, savaşa çevrildi. Digəri isə Qlobal Təhlükəsizlik Memarlığının balanslaşdırılmasıdır. Əslində bütün strategiya budur. Ukraynadakı müharibə yekunlaşsa da, ikinci siyasi hədəfin planlarının icrası başlayacaq. Yəni NATO-nun Şərqi Avropadan çıxmasına çalışacaq. Bu da nə deməkdir? NATO-nun Rusiya ilə üz-üzə gəlməsidir. Ukraynadakı müharibə də elə əslində NATO-Rusiya qarşılaşmasıdır.

NATO bu müharibənin Ukraynadan kənara çıxmamasına çalışır. Bu səbəblə bəzi yardımlar edilir Ukraynaya. Amma Rusiya müharibənin Ukraynadan kənara çıxmasında maraqlıdır. Təbii ki, burada Rusiyanın müharibədəki uğur və uğursuzluğu da rol oynayacaq. Əgər uğur əldə edə bilməsə, Şərqi Avropa ilə bağlı hansısa iddia ilə çıxış etməsi çətinləşəcək. Ukraynada Rusiyanın hərbi gücü hiss olunur, ancaq iqtisadi cəhətdən çox böyük yük altındadır.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: NATO   Rusiya  





Xəbər lenti