ABŞ “OPEK+”u parçalaya bilmədi – TƏHLİL
//Qlobal istehsal dalana doğru gedir
ABŞ-ın özündə benzin son günlər bir neçə dəfə bahalaşıb. Bu, avtomobil sənayesi üçün yaxşı deyil. O cümlədən, digər sənaye sahələri üçün də... Söhbət, zəncirvari reaksiyadan və təsirlərdən gedir.
Yeri gəlmişkən, Qərb indiyədək Rusiya iqtisadiyyatını çökdürmək və bu ölkənin dövlət gəlirlərini azaltmaq üçün demək olar heç vaxt idxala məhdudiyyət qoymayıb. İstəyinə yalnız dünya bazarlarında qiymətləri kəskin aşağı salmaqla nail olub. Elə indi də Ağ Ev administrasiyası Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyini dilə tutur ki, qiymətləri sabit saxlamaq üçün bazara əlavə həcmlər çıxarsınlar. Beləliklə, ABŞ dünyanın bilavasitə neft ehtiyatlarının 2/3 hissəsinə nəzarət edən ölkələrin 2016-cı ilin təxminən ikinci yarısında yaratdıqları OPEC+ birliyini bir növ parçalamağa cəhd edib.
Xatırladım ki, neftin dünya bazar qiymətlərini 2016-cı ildən sonra sabit saxlayan bu ölkələrdir. Həmin vaxtadək isə Vaşinqton ƏR-Riyadla razılığa gələrək istədiyi vaxt bazarda tələb ilə təklifi idarə edə bilirdi.
Hərçənd, ABŞ bacarsaydı, Rusiya hələ Ukraynaya müdaxilə etmədən öncə qiymətləri aşağı salardı. Və indi neftin 1 barelinin qiyməti bəlkə də 20 dollar civarında olardı. Ancaq vəziyyət o yerdədir ki, Vaşinqton Rusiyadan enerji daşıyıcılarının idxalına məhdudiyyət tədbiq etməsi fonunda belə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyini ixraclarını artırmaları barədə razılığa gətirə bilməyib.
Məsələ bundadır ki, dünya iqtisadiyyatında diqtə edən tərəflərin sayı çoxalıb, çünki maraqlar arasında ziddiyətlər dərinləşib. Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyi özləri ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasətdən narazıdırlar. Odur ki, bu ölkələr neftin bahalaşmasında maraqlıdırlar. Çünki onlar da bu üsulla Vaşinqtona qarşı etiraz edir və mübarizə aparırlar. 1973-cü ildə ərəb-İsrail müharibəsi zamanı ərəb dövlətləri koalisiyasının tutduğu mövqeyi xatırlamaq kifayətdir. Həmin ildə OPEC iştirakçıları ABŞ-a və Qərbi Avropa ölkələrinə neft satışına embarqo tədbiq etdiklərindən qiymətlər kəllə-çarxa qalxdı. Və 1973-cü ilin oktyabrından 1974-cü ilin martına qədər olan dövr yanacaq böhranı yarandığından, Amerikada avtomobil sənayesini vurdu, Yapon avtomobillərinin satışı isə artdı.
Beynəlxalq Enerji Agentliyi (BEA) də məhz bundan sonra - 1974-cü ildə yaradıldı. ABŞ ilə Qərbi Avropa ölkələri tərəfindən yaradılan bu qurum guya OPEC-ə qarşı nəzərdə tutulmuşdu. Ancaq heç bir zaman neftin qiymətlərinə OPEC qədər təsir edə bilməyib. Elə son hadisələr fonunda da adı çəkilən qurum ehtiyatlarını satışa çıxardığını elan etsə də, qiymətlər enmdi.
Demək istədiyim budur ki, qlobal iqtisadiyyat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda birinciyə qarşı tədbiq olunmaqda davam edən sanksiyalar nəticəsində getdikcə daha çox uçuruma gedir. Enerji resurslarının bahalaşmasının qarşısını almaq mümkün olmayacaq. Bu isə qlobal istehsalı dalana dirəyəcək.
Pərviz Heydərov
Azvision.az üçün