Qərb Rusiyanın çipini kəsir: “Ayı” meşəyə qaytarılacaq – ŞƏRH

      Qərb Rusiyanın çipini kəsir:    “Ayı” meşəyə qaytarılacaq –    ŞƏRH
  01 Mart 2022    Oxunub:6431
Rusiyaya Ukraynaya hücuma başlayanda Çexiya prezidenti, əvvəllər Moskvaya rəğbətlə yanaşan Miloş Zeman belə bir çıxış etdi: “Bir neçə gün əvvəl mən demişdim ki, Rusiya Ukraynaya hücum etməyəcək, çünki dəli deyil. Amma indi yanıldığımı etiraf edirəm: Rusiya dəli olub. Dəliləri isə təcrid etmək lazımdır”.
Hazırda həmin təcridetmə siyasi kulminasiyaya çatıb. Hər dəqiqə Rusiyanın daha nələrdənsə kənarlaşdırılması haqda xəbərlər yayılır. Bəs bu təcrid tədbirləri nə qədər effektlidir? Rəqəmlərə baxaq.

2014-2018-ci illərdə ərzində sanksiyalar Rusiya iqtisadiyyatının artımını cəmi 0,2% ləngidib. “Ayı”nın qarşısını kəsmək üçün çox azdır. Rusiya ekspertlərinin hesablamalarına görə, banklara qoyulan yeni sanksiyalar ÜDM-in 1%-i qədər ziyan vuracaqlar. Bu, artıq hiss olunan zərbədir. Amma SWIFT-dən çıxarılmaqla yanaşı, Rusiyadan enerji resurslarının idxalı da dayandırılsa, bu, artıq ÜDM-in 4–5%-i həddində ziyan deməkdir (Rusiyanın enerji xammalının ümumi ixracı $240 milyard dollardır ki, bu da ÜDM-in 15%-nə bərabərdir).

2019-cu ildə İran SWIFT-dən kənarlaşdırıldı, neft ixracına qadağa qoyuldu və xarici banklardakı hesabları donduruldu. Bu cəzalar birlikdə İrana ÜDM-in 7%-i bahasına başa gəldi. Təxmin etmək olar ki, Rusiyaya dəyən ümumi ziyan da təxminən ÜDM-in 7-9%-ni aşmayacaq.
Amma unutmaq olmaz ki, Rusiyaya qoyulan sanksiyaların məqsədi onu təkcə təcrid etmək yox, həm də zəiflətməkdir. Qərb dövlətləri artıq müharibədən sonrakı dövrü, gələcəyi düşünürlər. Məqsəd Rusiyanın iqtisadi inkişafını əngəlləməkdir. Buna görə də onun qabaqcıl texnologiyalara çıxışının qarşısı kəsilir.


Rusiyaya satışı qadağan olunan texnologiyaların siyahısına o cümlədən də, bunlar daxildir:
- Yarımkeçiricilər (mikrosxemlər)
- Kompüterlər
- Telekommunikasiya avadanlıqları
- İnformasiya təhlükəsizliyi avadanlıqları
- Lazerlər
- Sensorlar.


Artıq Qərbin aparıcı texnoloji şirkətləri Rusiya ilə əməkdaşlıqdan imtina etdiklərini açıqlayıblar. Təkcə Qərbin yox: məsələn, dünyada ən böyük çip istehsalçılarından biri olan Tayvanın TSMC (Taiwan Semiconductor Manufacturing Company) şirkəti Amerikanın təzyiqi altında Rusiya ilə əməkdaşlığı dayandırır. Məqsəd ilk növbədə odur ki, Rusiya gələcəkdə texnologiyalarını, o cümlədən, hərbi texnologiyanı inkişaf etdirə bilməsin.
Sanksiya müharibəsində ən vacib cəbhə məhz budur. Rusiya nəhəng ölkədir, böyük iqtisadi resurslara malikdir, bir çox vəziyyətlərdən çıxa bilər. Amma yaxın illərdə çip istehsal etməyi bacarmayacaq. Çipsiz isə XXI əsrə keçmək mümkün deyil. Məsələ ondadır ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrdə də eyni vəziyyətdir və əgər Çin yaxın vaxtlarda Tayvanı tutmasa, çıxış yolu görünmür. Rusiya sənayesi dalana dirənəcək.

Yeri gəlmişkən, vaxtilə SSRİ-ni çökdürən amillərdən biri məhz bu olmuşdu: iqtisadiyyatın qabaqcıl texnologiyalardan təcrid edilməsi. Yada salaq, 80-ci illərin sonlarında xaricdən gətirilən istənilən texnika, hətta adi maqnitofonlar, saatlar da sovet insanlarına möcüzə kimi görünürdü. Əgər “çip blokadası” məsələn, 10 il davam etsə (hərçənd, bu, ehtimaldır, hələ ki inandırıcı görünmür) Rusiya ilə Qərb arasındakı texnoloji fərq yenidən həmin səviyyələrə yaxınlaşacaq.

Bir şeyi başa düşmək lazımdır ki, qalan sahələrdə sanksiyalar o qədər də effektiv nəticə verməyəcək. Əksinə, cənab prezident İlham Əliyevin Rusiya jurnalistlərilə söhbətində dediyi kimi, anoloji sahələrin Rusiyada inkişafına təkan verəcək. Xarici turizmi daxili turizm, xarici ərzağı yerli ərzaq, xaricdəki daşınmaz əmlakı, səhmləri və sair və ilaxırı yerli alternativləri əvəzləyəcək. Məhz buna görə müharibənin ikinci günündə biznesmenlərlə görüşən Putinin onlara “böyük azadlıqlar” vəd etməsi boşuna deyildi.

Yeganə istiqamət yüksək texnologiyalardır ki, Rusiya onu heç nə əvəz etməyə qadir deyil. “iPhone”-u yerli istehsal smartfonla əvəzləmək üçün ilk növbədə çip lazımdır. Amma “Skolkovo” nə etsə də, “Silisuim vadisi”nə çevrilə bilmədi, yaxın illərdə də çətin ki, çevrilsin. Hərçənd, bu istiqamətdə də bir “amma...” bağlayıcısı var. Rusiya ilə Qərbin arasındakı “dəmir pərdə” yenidən enərsə, ölkədən “beyin axını” da dayanacaq. Bu zaman rusların intellektual potensialı daha “silisium vadisinə” axmayaraq, yerli texnologiyanın inkişafına yönələcək.

Rusiya belə vəziyyətdə nəyə ümid edə bilər? Qərbin sanksiyalarının davamlı olmayacağına. Əgər Qərb mövqeyində möhkəm durub, sanksiyaları uzun müddət saxlasa, effekt əldə edəcək. Əks halda yox.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor


Teqlər: Sanksiya  





Xəbər lenti