“Tinder-sürpriz”: Qadın ağlını poz və qazan

// “Netflix” qəhrəmanının real hekayəsi

      “Tinder-sürpriz”: Qadın ağlını poz və qazan
  19 Fevral 2022    Oxunub:6309
Ostap Bender qadınları tovlamaq mövzusun yaxşı bilən mahir fırıldaqçı idi. Amma o bundan sui-istifadə etmirdi və üstəlik, uydurma personaj idi. Bir çox qadının ürəyini qıran, ciblərini boşaldan “Tinderli fırıldaqçı” Simon Levayevdən fərqli olaraq.
Bu şəxs hələ 2019-cu ildə Norveç mətbuatında onun haqqında eyni adlı məqalə çıxanda tanınıb. Məlum olmuşdu ki, bir kişi qızlarla tanış olur, özünü saxta adla təqdim edir, sonra isə müxtəlif uydurma bəhanələrlə borc pul alırmış. Bu yolla sadəlövh xanımları on milyonlarla dollar məbləğində soymağı bacarıb.


Bu il Netflix “Tinderli fırıldaqçı” adlı sənədli filmi nümayiş etdirdikdən sonra Levayevə maraq kəskin artdı. Xüsusilə də hüquq-mühafizə orqanları tərəfindən.


Fırıldaqçının əsl adı Şimon Hayutdur. O əslən İsraildəndir, lakin 15 yaşında ailə dostlarının köməyi sayəsində Bruklinə köçüb. Yeri gəlmişkən, onun ilk qurbanları da elə dostları olublar, çünki onların kredit kartından icazəsiz istifadə edib. Onu ağıllandırmaq mümkün olmayıb və gənc oğlan daha sonra saxta çek alverinə başlayıb.


Onu ilk dəfə 2011-ci ildə özünü milyarder Lev Levayevin oğlu kimi təqdim edərkən yaxalayıblar. O, iki imkanlı ailəyə köməkçisi kimi işə düzəlib, onların çek kitabçalarını oğurlayıb və saxta adla pul nağdlaşdırıb. Lakin Hayut məhkəmədən yayınaraq, Mordehay Nissim Tapiro adı altında saxta pasportla İordaniyaya qaça bilib.

Avropaya köçən fırıldaqçı orada Maykl Bilton adı ilə qadınlardan pul qoparmağa başlayıb. Bunun üstündə Finlandiyada tutulub və üç illik həbs edilib. Həbs zamanı ondan bir dəstə saxta sənəd və kredit kartları alınıb.


Yenidən həbs olunmasını gözləmədən İsrailə qayıdıb, burada Simon Levayev adına daimi pasport düzəldib. Amma vətəndə də çox qalmayıb, çünki onu yeni ittiham gözləyirdi, buna görə də, tələsik Avropaya qayıtmalı olub. Orada tanışlıq proqramında şansını sınamaq qərarına gəlib.

O, varlı qızlar axtarır və özünü onlara düşmənlərilə problemlərini həll etmək üçün təcili borc pula ehtiyacı olan almaz maqnatının oğlu kimi təqdim edirdi. Bütün qurbanlarına eyni fotoşəkilləri göndərir, sadəlövh xanımları uğurla idarə edirdi. Sonradan daha çox borc götürə bilmək üçün yeni qurbanlarına pul xərcləyərək, onların gözündə varlı major obrazını yaradırdı.


Aldığı borcları qaytarmadığına görə Levayev Yunanıstanda yenidən tutuldu və 15 aylıq həbs cəzasını çəkmək üçün vətəninə köçürüldü. Ancaq şans yenə onun tərəfində idi. Pandemiya səbəbindən vaxtından əvvəl evə buraxıldı və ölkələri sərbəst gəzmək üçün özünü tibb işçisi kimi təqdim edərək, peyvənd işinə girişdi.

Təəccüblü deyil ki, Norveç, Böyük Britaniya və İsveçdə onu bu gün də axtarırlar. “Netflix”in Simonun qurbanlarından bəhs edən sənədli filminin gətirdiyi qəfil şöhrət olmasaydı, yəqin ki, hələ də ölkələri dolaşmağa davam edərdi.


Gözlənildiyi kimi, o, dələduzluqla heç bir əlaqəsi olmadığına, qadınların ona böhtan atdığına dair bəhanələr uydurmağa başladı. Film nümayiş olunana qədər o hər kəsi özünün aktyor, haqqında deyilənlərin uydurulmuş ssenarinin bir hissəsi olduğuna inandırmağa çalışırdı. Bununla belə, həqiqət üzə çıxdı.

Hayutun Instagram, Tinder və digər tanışlıq proqramlarında iştirakını qadağan ediblər. Ancaq bu, dələduzun dəbdəbədə içərisində üzməyə davam etməsinə mane olmur. Onun öz şıltaqlıqlarını indi kimin pulu ilə təmin etdiyi bəlli deyil, çünki düzgün yolla pul qazanmağı planlaşdırmadığı hər kəsə aydındır.

Nadir Quliyev
AzVision.az


Teqlər: Fırıldaq   Tinder  





Xəbər lenti