“NATO-nun heç bir üzvü Rusiya ilə döyüşməyəcək”

Hasan Ünal: “Bayden hökuməti Türkiyəyə pislikdən başqa heç nə bacarmır”

  “NATO-nun heç bir üzvü Rusiya ilə döyüşməyəcək”
  31 Yanvar 2022    Oxunub:4252
○ Ukrayna millətçiliyi anti-Rusiya istiqamətində formalaşıb;
○ Ukraynanı qızışdırıb verdilər Rusiyanın qabağına;
○ Xorvatiya bu gün öz mənafelərini düşündüyündən, Amerikanın yox, Almaniyanın yanında yer alır;
○ Türkiyə ilə Rusiya arasında bir çox məsələdə ümumi razılaşma var;
○ Sanksiyalarla Rusiyanı fikrindən döndərmək mümkünsüzdür.
○ Bayden heç bir strategiyası olmayan axmaq adamdır.
Bu fikirləri AzVision.az -a müsahibəsində İstanbul Maltəpə Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər Fakültəsinin professoru Hasan Ünal deyib. O bildirib ki, Amerika və İngiltərə başda olmaqla Rusiya ilə müharibə etmək riskini heç kəs gözə almayacaq.

- Amerika və NATO-nun Rusiyaya cavabı bəllidir: “açıq qapı” siyasəti davam edəcək. Yəni Ukrayna və Gürcüstanı NATO-ya qəbul etməyəcəklərinə dair söz vermirlər. Digər tərəfdən, Amerikanın Rusiyaya yazılı cavabının ictimaiyyətə açıqlanmaması tələbi çox maraqlıdır. Bəlkə də məktubun sətirlərinin arasında bəzi alış-veriş, sövdələşmə və razılaşmalardan söhbət gedir. Biz buna “Constructive ambiguity” deyirik. Yəni bir mətni “Constructive ambiguity” tərzində yazsanız, o zaman qarşı tərəf sanki istədiklərinin o mətndə olduğunu düşünə bilər. Amma siz də qarşı tərəfin istədiklərini vermədiyinizi düşünürsünüz. Bu, bizə onu deməyə əsas verir ki, diplomatik müzakirələr hələ çox çəkəcək.

Digər yandan, Putinin Türkiyəyə səfərinin ola biləcəyi xəbərləri də çox maraqlıdır. Əslində Türkiyənin bu münaqişədə vasitəçilik etməsi demək olar ki, mümkün deyil. Ancaq təzyiqi endirməyə kömək etməsi mümkün görünür. Prezident Ərdoğanın Zelenski ilə görüşünün də bu istiqamətdə olduğunu düşünürəm. Bu da bizi belə nəticəyə gəlməyə vadar edir ki, proseslər Ukrayna hakimiyyətini Donbasdakı qruplarla danışıqlara getməyə məcbur edir. Çünki Ukrayna 2014-cü ilin sentyabr ayında Minsk razılaşmasını imzalayıb. Donetsk və Luqanskdakı qrupların Ukraynaya necə inteqrasiya edilə biləcəyinin müzakirəsi düşünülür. Bu sənəddə Krımdan söhbət getmir. Türkiyə bəlkə də bu istiqamətdə vasitəçilik missiyasını gerçəkləşdirəcək. Şəxsi düşüncəmə görə, 2021-ci ilin sentyabrın 29-da baş tutmuş Ərdoğan-Putin təkbətək görüşündə müzakirə edilən əsas mövzulardan biri bununla bağlı olub. Həmin görüşdə Türkiyə ilə Rusiya arasında bir çox məsələdə konsensusa gəlinib. Rusiya-Ukrayna böhranı Türkiyə ilə Yunanıstan arasındakı problemə bənzəyir. Psixoloji ünsürlər, tarixi qəzəb, kin və s. amillərin müstəsna rolu var. Ukrayna millətçiliyi anti-Rusiya istiqamətində formalaşıb. Bu səbəbdən problemin aradan qaldırılması çox uzun zaman ala bilər. Ancaq Rusiya Ukraynaya qarşı hərbi fəaliyyətə keçsə, bunun nəticəsinin nə olacağını təxmin etmək çox çətindir.

- Hər halda, əgər müharibə baş verərsə, Ukrayna yanında kimləri görəcək?
- Hərb meydanında Ukrayna yanında heç kimi görməyəcək. Amerika və İngiltərə də daxil olmaqla bu regionda Rusiya ilə müharibə etmək riskini heç kəs gözə almayacaq. Rusiyanın necə hərbi əməliyyatlar düşündüyünü, nəyə nail olmaq istədiyini əvvəlcədən başa düşmək çətindir. Müxtəlif fərziyyələr mövcuddur. Fərziyyələrdən biri budur ki, hərbi əməliyyatla Ukraynadakı hökuməti dəyişəcək. Ancaq bir həqiqət də var ki, Rusiyaya bağlı əhali Donbas, Luqansk və Krımda cəmləşib. Ukraynanın dərinliyində isə Rusiyaya bağlı kəsim demək olar ki, yox dərəcəsindədir. Bunu nəzərə alanda Ukraynadakı hakimiyyəti dəyişdirmək haradasa mümkünsüz görünür. Ancaq böyük bir əməliyyatla lap hakimiyyəti dəyişib, Rusiya tərəfdarı bir iqtidar qurulsa belə, onun ömrü çox çəkməz. Çünki Ukrayna millətçiliyi artıq anti-Rusiya ideologiyası formasına çevrilib. Bu tip millətçiliyə bir çox nümunələr var. Yunanıstan və Ermənistan nümunəsi göz önündədir.
Qərb ölkələri bu məsələdə mövqelərini ifadə ediblər. Əgər Rusiya Ukrayna ilə irimiqyaslı müharibəyə başlasa, ona sanksiyalar tətbiq ediləcək. Sanksiyalarla Rusiyanı fikrindən döndürmək isə mümkünsüzdür.


- NATO-ya üzv olan bəzi dövlətlərin – məsələn, elə Xorvatiyanın,- bu məsələdə Alyans ilə eyni fikirdə olmadıqlarını görürük. Bu vəziyyət nəyə işarə edir?
- Əslində Xorvatiyanın yanaşması çox aydındır. Onun üçün ən vacib ölkə Almaniyadır. Xorvatiya da Almaniya kimi Rusiyaya qarşı planın bir parçası olmayacağını nümayiş etdirir. Baltik ölkələri, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya da Almaniyanın tərəfdarlarıdır. Ancaq tarixi baxımdan bu ölkələrin Rusiyaya qarşı tarixi bir antipatiyası olduğundan, tam şəkildə Almaniyanın istədiyi mövqeyi nümayiş etdirmirlər. Bolqarıstan son açıqlamasında heç bir silahlı toqquşmada əsgərlərinin olmayacağını bəyan etdi. Bu da onu göstərir ki, sonradan NATO-ya daxil olmuş ölkələr öz fərqliliklərini saxlayırlar. Maraqlı məqam isə orasındadır ki, Yuqoslaviya dağılanda Rusiya daha çox Serbiyanın yanında olmuşdu, yəni Xorvatiyaya qarşı idi. Xorvatiyanın Bosniyadakı əməliyyatlarında isə yanında Amerika var idi. Türkiyə də o zamanlar Xorvatiyaya yardımçı olmuşdu. Xorvatiyaya isə bu gün öz mənafelərini düşünərək, Amerikanın yox, Almaniyanın yanında yer alır. Çünki iqtisadi olaraq Almaniyaya çox bağlı bir ölkədir. Bu da anlaşılandır.

- Kənardan baxanda sanki Amerikanın Ukraynanı Rusiyanın önünə yem kimi atdığı təsəvvürü yaranır. Bütün bunların Qazaxıstanda baş verənlərlə, Belarusiya və Özbəkistan məsələsilə əlaqələsi varmı?
- Amerikanın Ukraynanı Rusiyanın önünə yem kimi atması strateji addım da ola bilər. Ukraynanı qurban verərək, Qərb ölkələrini Rusiyaya qarşı birləşdirməsi mümkündür. Amma Bayden hökuməti o qədər axmaq hakimiyyətdir ki, bunu da düzgün etməyi bacarmır. Bunu aprel ayında yoxladılar. O zaman da başda Almaniya, Fransa gəlməklə, Avropa ölkələri belə bir planın parçası olmaq istəmədiklərini bildirdilər. Artıq Almaniya və bir necə ölkə bu siyasətə qarşı çıxmağa başlayıb. Sual yaranır: belə halda Ukraynanı qurban verməyin mənası nədir? Əgər Amerika bu planda israr etsə, NATO-da yaranmış çatları bir az da böyütmüş olacaq. Onsuz da NATO-nun bu qədər böyüməsi və bu qədər üzv qəbul etməsi səhv idi. İndi də o səhvlərini təkrarlayır.
Bayden hakimiyyətinin hansısa strategiyasının olduğunu düşünmürəm. Çünki Bayden axmaq adamdır. Ən müasir silahları olan, NATO-nun 2-ci ən böyük ordusuna sahib olan Türkiyəni PKK-ya, Yunan Kiprinə dəyişən hökumətdən nə gözləyəsən?! Ən güclü müttəfiqini qondarma “soyqırım” sözü ilə özündən uzaqlaşdırır. Belə bir hökumətin hansı strategiyasından bəhs etmək mümkündür?
Ukraynanı da qızışdırıb, verdilər Rusiyanın qabağına. Bayden hakimiyyətinin bir işlək funksiyası var, o da Türkiyəyə pislik etməkdir. Həbsxanalardan yüzlərlə İŞİD-çinin qaçmağı da təsadüfi deyil. Suriyada PKK və YPG-yə daha çox silah vermək üçün bəhanələri oldu. Sonra da çətinə düşəndə NATO Türkiyədən yardım istəyir. Putin hakimiyyəti ilə Türkiyə bu səbəbdən özlərini bir-birlərinə daha yaxın hiss edirlər.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Ukrayna   ABŞ   Rusiya  





Xəbər lenti