Kosmik turizm dövrü: Səyahətçi kosmosda ölsə nə baş verəcək?

      Kosmik turizm dövrü:   Səyahətçi kosmosda ölsə nə baş verəcək?
  22 Yanvar 2022    Oxunub:2062
Astronavtlar kosmosa uçmazdan əvvəl hərtərəfli hazırlıq və tibbi müayinədən keçirlər. Məhz buna görə onların kosmosda təbii səbəblərdən ölüm riski olduqca cüzi səviyyədə qiymətləndirilir. Lakin qarşıdakı illərdə kosmik turizm dövrünün başlanması ilə əlaqədar olaraq kosmosda ölüm riski də xeyli artacaq.
AzVision.az xəbər verir ki, bu cür risklər, tibbi müayinənin kosmonavtlardakı kimi güclü keçirilməməsi və ya tələsik aparılacağı ilə bağlıdır. Ona görə də, kosmosda ölüm artıq nadir və heyrətamiz bir hadisə sayılmayacaq.

Kosmik turizm dövrünün başlandığını nəzərə alsaq haqqında yazdığımız mövzu vacib bir sual doğurur - səyahətçilərdən biri açıq kosmosda faciə ilə qarşılaşarsa nə baş verəcək?

Beynəlxalq Kosmik Stansiyanın keçmiş komandiri Kris Xedfild deyir ki, əslində açıq kosmosa çıxmağın özü potensial təhlükələrdən biri sayılır.

"Yer əhalisi Marsın məskunlaşdırılmasına kifayət etməyəcək" - Mask
Birincisi, kiçik kosmik daşlar qoruyucu kostyumu zədələməyə qadirdir. Belə olan təqdirdə isə insan oksigensiz qala və ekstremal temperaturdan qorunmaqdan məhrum ola bilər. Əgər belə arzuolunmaz hal baş verərsə, 10 saniyədən sonra insan bədənindəki su kütləsi buxarlanacaq və maye əvəzinə hava yaranacaq... Təxminən 15 saniyədən sonra isə genetik olaraq yer mühitinə alışmış insan huşunu itirəcək. Daha 30 saniyə keçərsə ağciyərlər çökməyə başlayacaq və turist iflic olacaq. Beləcə tezliklə ölüm onu haqlayacaq.



Maraqlıdır, ehtimal olunan bu cür faciələrdə cəsədlə necə davranılacaq?

Əgər ölüm halı baş verərsə, həmin şəxsi müşayiət edən xüsusi komanda əlavə enerji sərf edərək cəsədlə məşğul olmaq məcburiyyətində qalacaq. Xedfild deyir ki, astronavtlar cəsədi biotəhlükə kimi qəbul etməli və onu saxlamaq üçün variantlar hazırlamalı olacaqlar. Hərçənd bunun üçün xüsusi yer də olmayacaq. Çox güman ki, ölən şəxsin cəsədi xüsusi hermetik kostyumda saxlanılacaq.

- Qoxunun qarşısını alamaq üçün isə cəsədi soyuq yerdə, məsələn, kosmik gəmidən kənarda saxlamaq olar.

Qeyd edək ki, NASA cəsədlərin utilizasiyası ilə bağlı təklif irəli sürüb. Mütəxəssislər cansız bədənləri maye azotla dondurmağı təklif edirlər. Beləliklə, onlar az yer tutacaq kiçik parçalara da bölünə bilərlər ki, bu da kosmik gəmidə yerə qənaət deməkdir.

Sual yaranır, niyə cəsədi ən asan variant kimi kosmosa atmaq olmaz?

Cavab çox sadədir. Raket qurğusu olmadan kosmosa atılan hər hansı bir istənilən əşya öz trayektoriyasını dəyişə bilər. Bu mənada cəsədlərin kosmik gəmidən kənara atılması onların müxtəlif problemlər yaratmaq ehtimalını ortaya qoyur. Bundan başqa, kosmosa istənilən növ zibil, o cümlədən insan qalıqları atmaq qadağandır.



Qeyd edək ki, kosmosa səyahətlə bağlı ilk addımlar artıq atılıb. “Virgin” şirkətlər qrupunun qurucusu, milyarder Riçard Branson ötən ilin yayında dörd nəfərlik heyəti olan "Unity" adlı xüsusi kosmik gəmi ilə ekipajın bir neçə dəqiqə çəkisizlik hiss edə biləcəyi 80 kilometrdən çox yüksəkliyə qalxıb. İş adamı ilə uçuşda şirkətin 3 astronavtı- keçmiş NASA əməkdaşı Bet Mozes, 33 yaşlı Hindistan əsilli Sırışa Bandla və mühəndis Kolin Bennet də iştirak edib.

Bu, kosmik gəminin ilk tam yüklü sınaq uçuşu olub. Beləliklə, şirkətin yetmiş yaşlı qurucusu cihazı sınaqdan keçirmək və xidmətinin insanları orbitə təhlükəsiz şəkildə çatdırdığını dünyaya nümayiş etdirmək niyyətini həyata keçirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kosmos   Cəsəd   Ölüm   Risk   NASA  





Xəbər lenti