"Zəfər" saytının təqdimatı keçirildi - Fotolar+Video

 "Zəfər" saytının təqdimatı keçirildi -  Fotolar+Video
  21 Yanvar 2022    Oxunub:5636
Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş zefer.az saytının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra “ zefer.az ” saytına həsr olunmuş videoçarx nümayiş etdirilib.


Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova xalqımızın “ Zəfər ” salnaməsinin yaddaşalara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytının, bundan əvvəl isə, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “ Memorial.az ” saytının yaradıldığını bildirib. O, Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan “Zəfər” saytının ideya və məqsədlərindən danışıb.



Saytın logosunun 3 elementi əhatə etdiyini qeyd edən S.Yusifova onların birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış bu tarixi Qələbə hər birimizin qələbəsidir. Vahid ideya, vahid amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycan milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünə inamını bərpa edən, xalqımızı özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir".



O deyib ki, əgər 2020-ci il Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci il bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili oldu. "Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoiqtisadi xəritəsini dəyişəcək",- Səadət Yusifova vurğulayıb.



Onun sözlərinə görə, bu fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir: "Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, Qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək".



S.Yusifova vurğulayıb ki, qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtilərini artıq görünür: "Azərbaycan Respublikası Prezidentinin son müsahibəsində qeyd etdiyi kimi, “beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq. Ona görə, biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq. Vətən müharibəsindən sonra irəli sürülən “3+3” formulu Vestfal dünyasının yekunlaşması və yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır. Yeni dünya əslində dünya xalqlarının, o cümlədən də bizim onu necə görmək istəyimizdən və səylərimizdən asılı olacaq.
"Zəfərimiz bizi yeni formatda şəkilləndirir" - Səadət Yusifova
Azərbaycan xalqının yazdığı bu tarixi heç vaxt unutmayacağını vurğulayan S.Yusifova bildirib ki, bizim üzərimizə düşən missiya bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə ötürmək, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan Zəfər portalının missiyası məhz buna hədəflənib”.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc qeyd edib ki, “44 günlük savaş milli və siyasi təqvimimizin yeni, parlaq, möhtəşəm salnaməsidir. Azərbaycan xalqı təkcə 30 illik işğala son qoymayıb, həm də böyük zaman ölçüsündə - az qala 300 illik tarixində regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bilib, əsrlərlə onun taleyini başqa meydanlarda müəyyən edən qüvvələrlə bir masada öz hərbi qələbəsini rəsmiləşdirə bilib.



"Ona görə də heç bir “uğur hekayəsi” bir xalqı savaşda qazanılan qalibiyyət qədər dünya xəritəsində qalıcı və güclü etmir. Yeni milli və siyasi kimliyi formalaşdırmaq üçün kollektiv yaddaşın formalaşdırılması, bu məqsədlə yüzlərlə platformaların və resursların yaradılması təkcə dövlət və hakimiyyət orqanlarından deyil, eləcə də bütün sosial-siyasi qruplardan, dini, etnik və mədəni fərqləri vahid ideal naminə kənara qoyub döyüşlərdə olduğu kimi eyni məqsəd naminə birləşməyi bacaran hər bir insandan konkret işlər görməyi tələb edir. Yüzlərlə ədəbi, bədii, elmi nümunələrin yaradılması, yaddaş kitablarının yazılması, ordumuzun qəhrəmanlığından bəhs edən gerçək tarixin daş salnamələrə köçürülməsi indiki və gələcək nəsillər qarşısında fövqəladə vəzifələr qoyur. Zəfər.az informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz “hard disk”inə çevirmək üçün böyük fürsətlər açır".



Daha sonra “Azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova www.zefer.az saytını təqdim etmişdir. Qeyd edildi ki, saytın ideyası və konsepsiyası, özü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölüm, 62 alt-bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən Müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. Sayt ensiklopedik formatda hazırlanıb, Vətən Müharibəsi və “Böyük qayıdış”la bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində də olması nəzərdə tutulur.

Tədbirdə çıxış edən xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən Müharibəsi qazisi Vasif Dilavərzadə müharibənin itkisiz, ağrısız, zəhmətsiz olmadığını bildirib: “Mən bir Xüsusi Təyinatlı mənsubuyam. 44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərmiş, işinə, xidmətə məsuliyyətlə yanaşmış və vicdanla çalışmışlar. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu”. Təqdimatın keçirilməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Medianın İnkişafı Agentliyi tərəfindən dəstək verilib.



Aytən Zəhra
Foto: Əhməd Xəlilov
AzVision.az

Qalereya




Teqlər:   Zəfər.az  





Xəbər lenti