Ukrayna ilə münasibətlərdə Prezidentin dediyi “yenilik” nədir? - Versiya

   Ukrayna ilə münasibətlərdə Prezidentin dediyi “yenilik” nədir? -    Versiya
  20 Yanvar 2022    Oxunub:4088
“Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfərindən sonra bu ölkə ilə qarşılıqlı əlaqələrimizə maraq daha da artıb. Bunun üçün ciddi səbəblər var: hazırda dünyada ərzaq təhlükəsizliyi məsələsi getdikcə kəskinləşir, Ukrayna isə bu sahədə önəmli ölkələrdən birinə çevrilir. Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində (GFSI) 58-ci yeri tutan Ukrayna hazırda dənli bitkilərin ixracı üzrə dünyada ikinci yerdədir. Dəqiqləşdirsək, çəltik ixracında ikinci, qarğıdalı ixracında dördüncü, buğda ixracında isə beşincidir”.
Bu fikirlər Ukrayna Ticarət Evinin baş direktoru, iqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadəyə məxsusdur. O, bildirib ki, ölkənin statistika xidmətinin məlumatına əsasən, 2018-ci ildə Ukrayna 70,1 milyon, 2019-cu ildə 75,1 milyon ton dənli və paxlalı bitki tədarük edib. 2020-ci ildə ölkənin ərzaq və kənd təsərrüfatı məhsulları ixracı 6,5 milyard dolları keçib. Bu, Ukrayna üçün rekord göstəricidir.

- Bu il Ukrayna taxıl istehsalında öz rekordlarını təzələyəcək. Belə ki, cari ildə ilk dəfə 33 milyon ton taxılın tədarükü gözlənilir. Ölkədə ərzaq buğdasına tələbat 5 milyon tondur. Rəsmi qiymətləndirməyə görə, ölkə bu il 24,4 milyon ton taxıl ixrac edə biləcək,- professor qeyd edib.

O, xatırladıb ki, Azərbaycan il ərzində təxminən 3,3-3,4 milyon ton buğda istehlak edir. Bunun 2 milyon tonu ölkədə becərilir, qalanı idxal olunur. Biz təxminən 48 faiz ixracdan asılıyıq. Normal halda bu, qorxulu sayılmır: dünyada özünü sırf daxili istehsal hesabına buğda ilə təmin edən ölkələrin sayı elə də çox deyil. Amma indi qlobal taxıl bazarında gedən proseslər çoxlarında narahatlıq doğurur. Bu sahədə gərginlik yaxın aylarda nəinki aradan qalxmayacaq, hətta əksinə, problemlər kəskinləşə bilər. Ona görə də, Azərbaycanın etibarlı tərəfdaşa ehtiyacı var.


Bizim ehtiyacımıza toxunan ekspert vurğulayıb ki, ölkənin buğda balansında 1,3-1,4 milyon ton kəsir var. İlkin mərhələdə bunun 300-400 min tonu məhsuldarlığı artırmaqla təmin edilə bilər. Amma ildə 1 milyon ton taxıl idxal olunmalıdır. Özü də etibarlı, sabit, öhdəliklərinə ciddi yanaşan tərəfdaşın hesabına. Ukrayna bunun üçün ideal namizəddir. İllərdir ki, Azərbaycan Ukraynanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. Ukraynanın ümumi neft idxalında Azərbaycanın payı 70%-ə bərabərdir. İndi bunu ikitərəfli zəminə keçirmək olar.

Professorun sözlərinə görə, Azərbaycan prezidentinin Kiyevə səfəri zamanı imzalanan sənədlər göstərir ki, dövlətlərimiz məhz bu istiqamətdə gedirlər. Sənədlərdən biri “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş idi. Bu, onu göstərir ki, ölkələr ərzaq sferasında əlaqələri genişləndirməyə hazırlaşırlar və onun üçün hüquqi baza hazırlanır.
Azərbaycan-Ukrayna sənədləri imzalanıb

- Növbəti iki sənədin arasındakı bağlılıq daha maraqlıdır və dediyimiz fikri təsdiqləyir: “Aqrar sahədə əməkdaşlıq haqqında” və “Energetika sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumları. Ölkələr bu iki sahədəki əlaqələrini qarşılıqlı bağlılıqla möhkəmləndirirlər. Azərbaycan Ukraynaya energetika, Ukrayna Azərbaycana ərzaq, konkret olaraq taxıl sahəsində dostcasına təhlükəsizlik zəmanəti verir. Dostluğumuz ikitərəfli qaydada əməkdaşlıqla bərkidilir,- ekspert bildirib.

Əlibala Məhərrəmzadənin sözlərinə görə, başqa bir maraqlı məqam da var: “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalanmasına cənab İlham Əliyevin dediyi bu sözlərin kontekstində yanaşmaq lazımdır: “Birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün zəmin yaradıldı. Bu, bizim əlaqələrimizdə bir yenilikdir, bu sahə ilə bağlı atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq”. Yenilik nədən ibarətdir? Biz tezliklə bunun şahidi olacağıq. Güman ki, söhbət kənd təsərrüfat, konkret olaraq taxılçılıq sahəsində birgə müəssisələrin yaradılmasından gedir. Sənədin adını bir də oxusaq, istisna deyil ki, Ukrayna Azərbaycana taxıl əkmək üçün öz torpaqlarını icarəyə də verə bilər. Həmin ərazilərdə Ukrayna təcrübəsinin tətbiq olunması ilə birgə müəssisələr yaradıla, beləliklə, Azərbaycan bazar konyunkturasından asılı olmadan, öz ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl becərə bilər”.

Sonda professor vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycan ilə Ukrayna müttəfiqliyin artıq daha yüksək mərtəbələrinə doğru yüksəlməyə başladığını sübut edir. Bizim ticarət dövriyyəmiz artıq 1 milyard dollara çatıb. Amma qarşıda daha böyük hədəflər var. Ölkələrimizin arasında getdikcə güclənən dostluq və tərəfdaşlıq münasibətləri həmin hədəflərə də çatılacağına heç bir şübhə yeri qoymur.


Teqlər:   Ukrayna   Azərbaycan  





Xəbər lenti