“Özbəkistan “rəngli inqilab” texnologiyasının növbəti hədəfi ola bilər” – Belarus ekspert

   “Özbəkistan “rəngli inqilab” texnologiyasının növbəti hədəfi ola bilər”    – Belarus ekspert
  20 Yanvar 2022    Oxunub:3039
KTMT-nin Qazaxıstandakı vəziyyətlə bağlı keçirilən onlayn sammitində Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistanın baş verənlərdən ibrət almalı olduğunu bildirmişdi. Belarus lideri bununla əslində nə demək istəyirdi və bu ritorikanın arxasında nə dayanır?
Belaruslu politoloq Denis Bukonkin AzVision.az -a bildirib ki, Lukaşenkonun Özbəkistanla bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil. Belarus postsovet məkanında demokratiyanın və liberal islahatların təşviqi ilə məşğul olan Qərb strukturlarının fəaliyyətini yenidən ciddi şəkildə qiymətləndirib.

- Tunis, Misir, Liviya, Ukrayna, Belarus Respublikası və Qazaxıstanda baş verən hadisələr arasında qanunauyğunluqlar görmək və paralellər aparmaq üçün alim olmağa ehtiyac yoxdur. 2020-ci ildə Minsk peşəkar "inqilabçıların" səyləri üçün tətbiqat nöqtəsinə çevrildi və bu ilin əvvəlində qardaş Qazaxıstanda oxşar hadisələrin şahidi olduq. Eyni texnologiyalar özlərini “islahatları təşviq edən” strukturlara qapılarını açan ölkələrlə bağlı da sınaqdan keçirildi. Nəticədə hər iki ölkə dövlətçiliyin məhvi və sabitliyin pozulması üçün tətbiq edilən eyni sxemlərin qurbanı oldu,- Bukonkin deyib.

Politoloqun sözlərinə görə, bu gün Özbəkistan regionda daha bir dinamik inkişaf edən və “ağırlıq mərkəzi” olmağa iddialı ölkədir. Eyni zamanda, onun Qərb QHT-ləri ilə “oynamaq” strategiyası da gizli deyil. Hakimiyyətin məqsədi prinsipcə başa düşüləndir, lakin bu, Qərbin islahatçı agentlərinin məqsədləri ilə üst-üstə düşmür.

- Təsadüfi deyil ki, son üç ildə USAİD Özbəkistanın layihələrinin maliyyələşdirilməsini durmadan artırır, - ekspert əlavə edib. - Bir sıra fond və strukturlar ölkədə öz ofis və nümayəndəliklərini açıblar. Bununla belə, Özbəkistandakı “superprezident” rejimi neo-liberal dövlət modelinə uyğun gəlmədiyi üçün bir sıra xarici tərəfdaşları qane etmir. Bu şəraitdə Özbəkistanın “rəngli inqilab” texnologiyasının tətbiqi üçün növbəti hədəfə çevriləcəyini proqnozlaşdırmaq tamamilə mümkündür. Nəzərə almaq lazımdır ki, Qazaxıstandan fərqli olaraq, Daşkəndin kömək üçün KTMT-yə müraciət etməsi xeyli çətin olacaq. Ona görə də, “rəngli çevriliş” ehtimalları artır. Dövləti sarsıtmaq sxemlərində dini terrorçu qruplarından istifadə edildiyi şəraitdə KTMT üzvləri, təbii ki, MDB üzvü olan hər hansı ölkədə vəziyyətin qarışdırılması cəhdlərindən də narahatdırlar.

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az



Teqlər: Özbəkistan  





Xəbər lenti