Avropa çempionlarımız vətənə döndü

Avropa çempionlarımız vətənə döndü
  06 Aprel 2014    Oxunub:1250
Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan yığmasının üzvləri Vətənə qayıdıblar.
AzVision.az APA- ya istinadən xəbər verir ki, gecə yarısı qadın güləşçilərimiz, səhər saatlarında isə kişilərdən ibarət yığmamızBakıya dönüb. Çempionatı ümumilikdə 6 medalla başa vuran güləşçilərimizi Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının nümayəndələri, eləcə də, azarkeşlər qarşılayıb.

Sərbəst güləş yarışında Azərbaycana qızıl medal qazandıran Hacı Əhmədov yarışla bağlı təəssüratlarını bölüşüb.
"Xeyli vaxt idi hazırlaşırdıq. Əziyyətimiz yerdə qalmadı. İlk növbədə Azərbaycanda idmana göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Federasiyamızın prezidentinə, məşqçilərimizə minnətdaram.
Digər qızıl medalçımız Ruslan Dibirhacıyev isə bildirib ki, yığmamız çempionata ciddi hazırlaşmışdı və bu hazırlıqlar bəhrəsini verdi. Qeyd edək ki, Ruslanın finaldakı rəqibi erməni güləşçisi Qriqor Qriqoryan olub. Rəqibinə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanıb və Avropa çempionu olub.

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov deyib ki, güləşçilərimizin çıxışı uğurlu olub və yığmamız komanda hesabında ikinci yeri tutub. Məşqçi çempionatın Azərbaycanda ən çox müzakirə olunan məqamdan - Olimpiya çempionu Toğrul Əsgərovun ilk görüşdə məğlub olmasından da danışıb.

"Məğlubiyyəti böyük faciəyə çevirmək lazım deyil. Bu, Toğrul üçün bir siqnal oldu. O, özündə məsuliyyət hiss edəcək. Anlayacaq ki, nə qədər peşəkar olsan da, məşqsiz heç bir nəticə göstərmək olmaz".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 2 qızıl və 2 gümüş, qadın güləşi üzrə yığmamız isə 1 qızıl və 1 gümüş medal qazanıb.


Teqlər:





Xəbər lenti