“Xalq Tokayevdən islahatlar gözləyir” - Radik Temirqaliyev

// "Bəzi qüvvələr etirazların artmasından istifadə etdilər"

   “Xalq Tokayevdən islahatlar gözləyir” -    Radik Temirqaliyev
  14 Yanvar 2022    Oxunub:2256
Qazaxıstanlı tarixçi, Aspandau Elm və Təhsil Fondunun idarə heyətinin üzvü Radik Temirqaliyevin AzVision.az-a müsahibəsində ölkəsində baş verənlərin pərdəarxası tərəfləri və mümkün inkişaf ssenarilərilə bağlı fikirlərini bölüşüb.
- Necə oldu ki, etirazlar birdən-birə radikal forma aldı?
- Qazaxıstanın böyük şəhərlərində yoxsul rayonlardan və kənd yerlərindən çox sayda daxili miqrant qrupları var. Onların əksəriyyəti Almatıda cəmləşib. Bu insanların əksəriyyətinin ümumiləşdirilmiş portretini təsəvvür etmək çətin deyil. Formal olaraq, əlbəttə ki, onların müəyyən təhsili var, lakin çətin ki, sadə bir imla yaza, hətta kiçik mətnin məzmununu təkrar danışa bilsinlər. Onların çoxunun ixtisası da yoxdur. Bu, dağılmış təhsil sisteminin, ümumilikdə regionlar, şəhərlər və kənd yerləri arasında resursların qeyri-bərabər bölüşdürülməsinin nəticəsidir.

Buna baxmayaraq, daxili miqrantların əhəmiyyətli bir hissəsi öz inadkarlığı sayəsində zamanla ayağa qalxa bilir. Ancaq təsadüfi və hər zaman qanuni olmayan gəlirlərlə yeni həyatda həmişə özünə yer tapa bilmir. Eyni zamanda, onlar hər gün uğurlu soydaşlarının brend paltarlar geyindiyini, restoranlarda yemək yediyini, xaricdə istirahət edərək, cazibədar “gözəl həyat” yaşadıqlarını müşahidə edirlər.

Bu yaxınlarda Almatıda çarəsiz qalan gənc qadın əvvəlcə uşaqlarını, sonra özünü pəncərədən atmışdı. Bundan əvvəl də avtomobil güzgülərinin oğurlanması ilə məşğul olan cinayətkar dəstə məşhur idmançı Denis Teni öldürmüşdü. Kreditlərindən başqa itirəcək heç nəyi olmayan bu əhali qrupunun həyatındakı ən rezonanslı və illüstrativ faciələr bunlardır. Quldurluq və talanların əsas iştirakçılarının onlar olduğu da şübhəsizdir.

Mütəşəkkil cinayətkarlığa, dini ekstremistlərə, hakimiyyətə iddialı olan müxtəlif siyasi qüvvələrə gəlincə, məncə, onlar yalnız hadisələrin gedişində yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlmişdilər. Amma təbii ki, bu məsələ ilə bağlı məndə etibarlı məlumat yoxdur.

- Prezident Tokayev niyə kömək üçün KTMT-yə müraciət etməyə məcbur oldu?
- Rəsmi olaraq Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif strateji obyektlərinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücə malik olmadığını bildirdi. Onların bir hissəsinin sülhməramlıların mühafizəsinə verilməsi Almatı və digər bölgələrdə iğtişaşların aradan qaldırılması üçün əlavə qüvvələrin cəlbinə imkan verdi.
O da aydındır ki, prezident Tokayev qorxaqlıq və səriştəsizlik nümayiş etdirən və ya faktiki olaraq sabitliyi pozmağa oynayan bir çox hüquq-mühafizə orqanları rəhbərlərinə etibar edə bilməzdi. Rusiya rəhbərliyinin açıq dəstəyi hakimiyyət uğrunda rəqabətə meyilli olan bəzi “ağırçəkili siyasilərin” gözünün odunu aldı.

- Qazaxıstanda vəziyyət bundan sonra necə inkişaf edəcək? Nələri gözləmək olar?
- Aydındır ki, hazırda prezident Tokayev Qazaxıstan cəmiyyətinin əhəmiyyətli və yəqin ki, üstünlük təşkil edən hissəsinin etibar mandatına malikdir. Yəqin ki, sosioloji sorğu keçirilsə, prezidentin indiki məqamda reytinqinin xeyli gücləndiyini görərik.

Etirazçıların iddiaları praktiki olaraq şəxsən Tokayevə qarşı yönəlməyib. Mitinqlərdə iştirak edənlər əsasən hökumətin, region liderlərinin istefasını, Nazarbayev və ətrafının tam şəkildə siyasi səhnədən getməsini tələb ediblər. Bununla belə, xalq ümidini prezidentə bağlayır və ondan siyasi sistemin yenilənməsi, dövlət aparatında və hüquq-mühafizə orqanlarında kadrların təmizlənməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və sair məsələlərlə bağlı qəti addımlar gözləyir.

Bunlar çox çətin vəzifələrdir, çünki hər hansı islahatları ən azı sabotaj edəcək qüvvələr var. Elə oliqarxlar, monopolistlər var ki, onlar öz maraqları üçün mübarizə aparacaqlar, döyüşmədən təslim olmayacaqlar. Elə bir dövlət aparatı var ki, hər hansı dövlət proqramını axtalayıb növbəti yem çarxına çevirmək sənətini mükəmməl bilir.

Digər tərəfdən, ələbaxımlıq duyğusu cəmiyyətdə çox populyardır. İnsanlar iqtisadi vəziyyətin daha da pisləşməsi, pulun daha da ucuzlaşması haqda düşünmədən kreditlərin silinməsini, əmək haqlarının və müavinətlərin artırılmasını tələb edirlər. Odur ki, cəmiyyətdə əhval-ruhiyyə tez dəyişə və növbəti etiraz şəxsən Tokayevə qarşı yönələ bilər.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti