"Rusiyanın müdaxiləsi Çini narazı sala bilər" - RƏY

Ukraynalı politoloq hadisənin mümkün səbəb və nəticələri haqda

   "Rusiyanın müdaxiləsi Çini narazı sala bilər" -    RƏY
  07 Yanvar 2022    Oxunub:2404
Dmitri Qalkin
Politoloq
Xüsusi olaraq Azvision.az üçün

Fikrimcə, Qazaxıstanda etirazların artmasına səbəb olan üç əsas amil vardı:
- Birincisi, iqtisadi problemlərdən qaynaqlanan geniş narazılıq;
- İkincisi, gəlirli iqtisadi sahələrə nəzarət uğrunda müxtəlif iqtisadi qruplar arasında mübarizə. Bu baxımdan, etirazların neft hasil olunan rayonlarda, Almatıda və xromit yataqlarının yerləşdiyi böyük sənaye mərkəzi Aktobedə xüsusi miqyas almasına diqqət yetirmək lazımdır;
- Üçüncüsü, Qazaxıstan elitasının bir hissəsinin Nursultan Nazarbayevin ətrafının təsirini azaltmaq istəyi.
Hesab edirəm ki, indiki vəziyyətdə Qazaxıstanda sabitliyin pozulmasında nə ABŞ, nə də Aİ maraqlıdır, çünki Rusiya və Çin öz təsirlərini artırmaq üçün, şübhəsiz, siyasi böhrandan istifadə edəcəklər. Mənə elə gəlir ki, indiki böhran əsasən daxili amillər, o cümlədən Nursultan Nazarbayevin ətrafının ölkənin iqtisadi və siyasi məkanını nəzarətdə saxlamaq istəyi ilə bağlıdır. Yeri gəlmişkən, etirazçıların əvvəlcə siyasi şüarlar irəli sürməməsi, sosial tələblərlə məhdudlaşması dolayısı ilə buna işarədir.


Siyasi şüarlar etiraz aksiyası genişmiqyaslı xarakter almağa başlayanda peyda oldu və Qazaxıstanın elitar siyasi qrupları bundan öz məqsədləri, o cümlədən, ölkənin siyasi sisteminin demokratikləşməsinə nail olmaq üçün istifadə etmək qərarına gəldilər. Bu məqsədləri etirazçıların əhəmiyyətli bir hissəsi də, çox güman ki, bölüşür, buna baxmayaraq, ilk vaxtlar onlar bu barədə düşünmürdülər. Aksiyanın təşkilinin arxasında ABŞ və Aİ yönümlü ictimai-siyasi təşkilatlar dayansaydı, aksiyaların lap əvvəlində siyasi şüarlar ortaya çıxardı.
Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Prezident Tokayevin hərbi yardımla bağlı KTMT-dəki tərəfdaşlarına müraciətinə gəlincə, o, açıq şəkildə Rusiyanın dəstəyinə arxalanmaq istədi ki, Şimali və Mərkəzi Qazaxıstanda etiraz dalğasının səviyyəsi azalsın. Bundan əlavə, daxili siyasi böhrana geosiyasi ölçü qazandırdı ki, bu da Qərbin müdaxiləsinin və Çinin Qazaxıstan daxilində qüvvələr balansını öz xeyrinə dəyişmək cəhdlərinin qarşısını alacaq. Ancaq Rusiyanın Qazaxıstan böhranına açıq müdaxiləsi Çinin narazılığına səbəb ola bilər.

Rusiya sülhməramlılarının vəzifələri Moskvanın böhrana müdaxiləsinin nə dərəcədə güclü olacağından asılıdır. Bu gün Rusiyanın müdaxiləsinin miqyasını proqnozlaşdırmaq çətindir. Nazarbayev və ətrafı əvvəlki mövqelərini itirdikdən sonra Rusiya prezident Tokayevi dəstəklədiyini ən qısa zamanda nümayiş etdirməli idi. Hələlik sülhməramlıların Qazaxıstana göndərilməsi ilə bağlı qərar mühüm simvolik jestdir və onun praktiki əhəmiyyəti sonra bəlli olacaq.

Qazaxıstanda vəziyyətin gələcək inkişafı birbaşa hazırkı prezidentin etiraz əhval-ruhiyyəsindən yararlanmağa çalışan iqtisadi və siyasi elitar qruplarla razılığa gələ biləyəcəyindən asılıdır. Hakimiyyət siyasi sistemin demokratikləşməsinə yönəlik hər hansı addımlar atmağa qərar verərsə, etirazlar qısa vaxtda dayana bilər. Hakimiyyətin etirazları bir neçə həftə ərzində güc yolu ilə yatıra biləcəyi tamamilə mümkündür. Amma bu halda ölkə yeni sosial problemlərin və iqtisadi çətinliklərin doğuracağı siyasi böhran təhlükəsi altında qalacaq.

Hazırladılar:
Samir Vəliyev
Nadir Quliyev



Teqlər: Qazaxıstan  





Xəbər lenti