Kimyaçı alim Sərdar Zeynalov vəfat edib

Kimyaçı alim Sərdar Zeynalov vəfat edib
  29 Dekabr 2021    Oxunub:1269
Görkəmli kimyaçı alim, AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biomimetik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov bu gün vəfat edib.
AMEA-dan AzVision.az -a verilən məlumata görə, Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsini bitirib, 1973-1975-ci illərdə orta məktəbdə müəllim işləyib, 1975-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) aspiranturasında oxuyub. 1979-1981-ci illərdə həmin institutda kiçik elmi işçi, 1981-1991-ci illərdə böyük elmi işçi, 1991-ildən vəfatına kimi laboratoriya müdiri vəzifəsində çalışıb.

1979-ci ildə “Etilen və propilen qlikolların tsikloheksil efirləri və onların törəmələrinin alınması və işlənməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Alitsiklik sırası qlikolların sadə efirləri, onların çevrilmələri və tətbiqi” mövzusunda “Neft-kimyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb. O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.


AzVision.az



Teqlər: AMEA   Alim  





Xəbər lenti