Ərdoğanın sözü dollardan güclü çıxdı

// Türk lirəsi itridyi mövqeyin 30%-ni geri qaytardı

  Ərdoğanın sözü dollardan güclü çıxdı
  22 Dekabr 2021    Oxunub:4253
Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra ölkənin milli valyutası mövqelərini bir qədər bərpa edib.
Bu ilin əvvəllərində Türkiyədə 1 ABŞ dollarının məzənnəsi 7,4 türk lirəsi təşkil etdiyi halda, dekabrın 20-də artıq 18,4 lirəyə satılırdı. Təkcə həmin gün ərzində amerika valyutası Türkiyənin milli valyutasına nisbətdə 10% bahalaşdı. İlin əvvəlindən isə türk lirəsinin ucuzlaşması 60% civarında idi ki, bunun da 40%-i son bir ayın payına düşüb.

Dekabrın 20-dəki qiymət sıçrayışı Türkiyə Mərkəzi bankının uçot dərəcəsini 15%-dən 14%-ə salmasından sonra baş versə də, ümumilikdə il ərzində ABŞ dollarının bahalaşmasına rəvac verən səbəblərdən biri Ankaranın Türkiyəyə qarşı qərəzli mövqe tutan bir sıra Qərb ölkələrinə qarşı apardığı mübarizə olub. Bu müstəvidə yaşanan qalmaqallar və Türkiyəyə qarşı sanksiyaların tətbiqi təhdidləri də müəyyən mənada öz neqativ rolunu oynayıb.

Yerli istehsalın ixtisarının qarşısını almaq yönündə hökumətin milli valyutanı uculaşdırmaq siyasətinin qırmız xətti keçməsi nəticəsində ABŞ dolları ilə bərabər, inflyasiyanın səviyyəsi də artmağa başladı. Sözsüz ki, iqtisadiyyatda müşahidə olunan çətinliklərdə koronavirus pandemiyasının yaratdığı fəsadların hələ də tam aradan qaldırılmamasının, Türkiyə iqtisadiyyatında əhəmiyyətli yer tutan turizm industriyasının işinin tam bərpa edilməməsinin də payı var.

Belə mürəkkəb vaxtda məsuliyyəti öz üzərinə götürən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər kabinetinin yekun iclasında yeni alternativ maliyyə siyasəti təklif etdi. Vətəndaşların valyuta mübadiləsində müşahidə olunan narahatlığına son qoymaq üçün o, hökumətin bir sıra addımlar atacağını açıqlayıb.

1. Türkiyənin milli valyutası depozitlər üzrə təklif olunan faiz dərəcələrindən çox ucuzlaşarsa, banklarda əmanətləri olanlara üzləşdikləri zərər ödəniləcək;
2. Lirənin kursunun yüksək volatililliyi ilə bağlı riskləri azaltmağa kömək edəcək irəlicədən çatdırılan mallar üzrə ixracatçılar dəstəklənəcək;
3. Lirə ilə nominallaşdırılmış qiymətli kağızların sərmayə kimi qoyuluşu zamanı indi mövcud olan 10% gəlir vergisi sıfırlanacaq;
4. Pensiyaların özəl sektorla birgə maliyyələşdirilməsi sistemi çərçivəsində hökumət öz ödəmə payını 25%-dən 30%-ə qaldıracaq.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatına vətəndaşlar tərəfindən 280 milyard dollar həcmində 5 min ton qızıl yatırılmasını şərtləndirəcək yeni maliyyə layihələrinin işlənib-hazırlandığını deyib.

Ən əsası isə, Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyatının dəstəklənməsi naminə Türkiyə vətəndaşlarının ABŞ dollarında saxladıqları əmanətləri türk lirəsinə çevirəcəyinə ümid etdiyini bildirib. Bunun nəticəsində milli valyutanın volatilliyinin dayanacağını və cəmi bir neçə aydan sonra bunun effektinin özünü göstərəcəyini vurğulayıb.

Amma Türkiyə Prezidnetinin təkliflərinin və çıxışının effekti özünü cəmi bir neçə saat sonra göstərdi. Rəcəb Tayyib Ərdoğanın çıxışından dərhal sonra türk lirəsi itridyi mövqenin 30%-ni geri qaytardı. Hazırda Türkiyədə 1 ABŞ dollarının məzənnəsi 13,85 lirədir.

Türkiyə Banklar assosiasiyasının idarə heyətinin sədri və dövlət “Ziraat” bankının baş direktoru Alpaslan Çakar Rəcəb Tayyib Ərdoğanın məlum çıxışından sonra yalnız mobil telefonlardakı proqramlar vasitəsilə 1 milyard dollar həcmində vəsaitin türk lirəsinə dəyişdirildiyini bildirib.

Xalqın etimadını qazanmış dövlət başçısının sözünün kəsəri məhz budur. Cəmi bir neçə cümlə ilə yeni iqtisadi məramları açıqlamaqla, Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qarşı açıq və ya gizli şəkildə maliyyə-iqtisadi savaş aparan daxili və xarici düşmənlərin siyasətini puça çıxardı. Xalq isə onun vətənpərvərlik ruhlu çağırışını birmənalı şəkildə dəstəklədi.

Ən ibrətamiz məqam isə budur ki, Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyən və hətta orada dövlət çevrilişi cəhdində əli olan ölkələrin rəhbərlərinin heç biri cəmi bir neçə cümlə ilə xalqının onun çağırışına belə sürətlə müsbət reaksiya verməsinə nail ola bilməyib. Başqa sözlə desək, belə möcüzələr yarada bilməyiblər. Əksinə öz cəmiyyətlərində ona qarşı ikrah hissini daha da gücləndiriblər.

Sözünün kəsəri olan liderlə, dediyinin mahiyyətinə belə varmayan ölkə başçısının fərqi bax bundadır.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ərdoğan   lirə  







Xəbər lenti