Sosial yönümlü dövlətin yeni sosial paketi

          Sosial yönümlü dövlətin yeni sosial  paketi
  22 Dekabr 2021    Oxunub:5195
Azərbaycan hökumətinin sosial yönmülü siyasət apardığı və ölkənin iqtisadi inkişafının əsas hədəfinin məhz vətəndaşların rifahının yüksəlməsi olduğu dəfələrlə öz sübutunu tapıb. Bunun üçün iki il əvvəl 4,2 milyon insanı əhatə edən təxminən 4 milyard manatlıq iki böyük sosial paketin həyata keçirilməsini yada salmaq yetərlidir. Belə siyasətin ardıcıl şəkildə davam etdirilməsi kontekstində Azərbaycan Prezidenti son günlər daha bir neçə Fərman və Sərəncamlar imzalayıb.
Vətəndaşların rifahının davamlı şəkildə artırılması, əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi müstəvisində Prezident İlham Əliyevin imzaladığı növbəti Fərman və sərəncamları bu yöndə aparılan ardıcıl sosial islahatların növbəti mərhələsinin vacib məqamları kimi tarixə düçəcək.

Yeni sosial islahatlar mərhələsi əslində dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamının həyata keçirilməsi isiqamətində atılan addımları özündə ehtiva edəcək. Yeni ildən icrasına başlanılacaq bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək və onların yerinə yetirilməsi üçün ildə əlavə 1,5 milyard manat vəsait xərclənəcək.

Sözsüz ki, bu kontekstdə əsas diqqətçəkən məqam minimum aylıq əməkhaqqının 300 manata çatdırılmasıdır. Belə ki, digər sahələr üzrə ödənişlərin səviyyəsi də məhz bu göstəriciyə birbaşa bağlıdır. Əməkhaqqlarının minimum səviyyəsi barədə imzalanan Sərəncam dövlət və özəl sektorlarında işləyən 800 min işçinin ailə büdcəsini artıracaq. Azərbaycan Prezidentinin apardığı sosial islhatlar nəticəsində son üç ildə bu göstərici 2,3 dəfə yüksəliş nümayiş etdirib.

Əhalinin gəlirlərinin yüksəliş dinamikası öz növbəsində işçi bazarında rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əmək fəaliyyətinin leqallaşdırılmasını da stimullaşdırır. Digər tərəfdən, bu artım xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti göstəricisini yenə də yüksəlməsi imkanı yaradacaq ki, son nəticədə bu nisbət təqribən 40-41% səviyyəsinə yüksələcək. Belə reallıq isə bu göstərici üzrə qabaqcıl beynəlxalq normalara uyğunlaşma istiqamətində müəyyən irəliləyiş deməkdir.

Minimum əməkhaqqının artırılması həmçinin vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə orta hesabla 20% yüksəlişi şərtləndirəcək. Bunun nəticəsində hazırda qüvvədə olan 19 pilləli VTC üzrə əməkhaqları (minimal hədd 250, maksimal hədd 906 manat) minimum əməkhaqqı artımına uyğun qaydada müsbət tərəfə dəyişəcək. Eyni zamanda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan əməkdaşların maaşlarının minimum məbləğləri də sözügedən sənədə uyğun qaydada artırılacaq.


Yeni sosial islahatlar paketində ən önəmli məqamlardan biri təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının ehtiva olunmasıdır ki, bu da Azərbaycan Prezidentinin ölkədə təhsilin inkişafına və savadlı gənc nəslin yetişməsinə yetirdiyi xüsusi diqqətin məntiqi nəticəsidir. Çünki bu müstəvidə qarşıya qoyulan vəzifələrin vaxtlı-vaxtında və keyfiyyətli şəkildə yerinə yetririlməsi üçün müəllimlərin sosial rifahının yüksək səviyyədə olması ən vacib tələblərdən biridir. Bu baxımdan, gələn ilin ilk günündən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşlarının orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşlarının 40%, habelə fiziki tərbiyə rəhbərlərinin maaşlarının 30% artırılması ən önməli addımlar sırasındadır. 165 min təhsil işçisinə şamil olunacaq bu sosial paket üçün dövlət büdcəsindən ildə 273 milyon manat xərclənəcək.



Dövlət başçısının daha bir Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 4 min vətəndaş da 2022-ci il yanvarın 1-dən etibarən orta hesabla 20% çox maaş alacaq. Bundan başqa, 132 min döktorant və tələbə də daxil olmaqla, 732 min şəxsin də, müavinət və təqaüdlərinin gələn ilin əvvəlindən artırılması ölkədə savadlı gənclərin yetişməsi, əhalinin həssas təbəqələrinin, çoxuşaqlı və aztəminatlı ailələrin, fəxri adlara layiq görülmüş insanların daim dövlətin qayğısı ilə əhatə edildiyinin sübutudur.

Sözsüz ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlərin artırılması son vaxtlar bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. Belə ki, son üç ildə əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb.
Müharibə və digər xüsusi səbəblərə görə əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Həmin kateqoriyadan olan şəxslər əmək pensiyası alacağı halda da onların sosial təminatında ciddi artımlar nəzərdə tutulub.

Daha bir önəmli addım sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların müavinətinin 150 manatdan 200 manata, onlara qulluğa görə aylıq təqüdün də 60% artırılmasıdır. Bu məqam ölkədə xüsusi xidmətə və qayğıya ehtiyacı olan insanlarla bağlı hökumətin sosial və humanist siyasətinin davamlı şəkildə həyata keçirildiyinin sübutudur. Gələn ildən yaşa görə müavinətin 130 manatdan 180 manata çatdırılması nəticəsində pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumu (176 manat) üstələnəcək. Bu isə bu və ya digər səbəbdən də yetrəli qədər iş stajı olmayan və yaxud da ki, əmək fəaliyyəti ərzində pensiya hesabına kifayət qədər pul vəsaiti toplaya bilməyən insanların ahıllıq dövründə güzəranlarının təminatı üçün əhəmiyyətli dəstək rolunu oynaycaq.
Ailə başçısının itirilməsinə görə alınan, müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətlərin artırılması, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinətin isə 55 manatdan 70 manata çatdırılması Azərbaycan Prezidentinin ailə institunun möhkəmləndirilməsi siyasətinin təzahürdür. Sözügedən kontekstdə, övladlığa götürülən, habelə sağlamlıq imkanları məhdud uşaqlara, uşağın anadan olmasına görə birdəfəlik müavinətlərin artırılması ən vacib addımlardn biridir.


Sosial islahatlar çərçivəsində azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına verilən Prezidentin aylıq təqaüdünün də müvafiq qaydada 50% və 67% artırılması Azərbaycan və dünya elminə öz töhfələrini vermiş şəxslərin zəhmətinin layiqincə qiymətləndirilməsi müstəvisində atılan addımların əhəmiyyətini sərgiləyir. Bu isə öz növbəsində ölkəmizdə elmi kadr potensialının genişləndirilməsinə və gücləndirilməsinə təkan verir.

Prezident İlham Əliyevin prezidentliyi illərində ölkədə əməkhaqlarının və pensiyaların, həssas qrupların təmsilçilərinin müavinət və təqaüdlərinin dəfələrlə artırılması vətəndaşlarımız üçün, demək olar ki, gündəliyə çevrilmiş reallıqdır. İlk növbədə məhz bunun nəticəsində, hətta koronavirus pandemiyasına bxmayaraq belə, Azərbaycanda yoxsulluğun səviyyəsi 5%-dən aşağıdır. Bu cür genişmiqyaslı sosial paketlərin reallaşdırılması beynəlxalq səviyyədə ölkəmizin reytinqinin artmasına, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əməkhaqları kimi neqativ halların aradan qaldırılmasına, dövlət və özəl sahələrdə, habelə qadınlarla kişilərin orta aylıq əməkhaqqları arasındakı fərqin azalmasına ciddi təsir göstərir. Minimum əməkhaqqlarının artırılması zəncirvari reaksiya kimi gələcək sosial təminatların həcminin də yüksəlməsinə öz töhfəsini verir. Belə ki, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlər nəticəsində hər bir işçinin işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır. Bu isə onun gələcək pensiya təminatı, bu və ya digər səbəbdən işini itirəcəyi halda, təyin olunacaq işsizlikdən sığorta ödənişinin çoxluğuna müsbət təsir göstərəcək.
Bu isə ümumilikdə Azərbaycanda sosial yönmülü dövlət mexanizminin qurulduğunun sübutudur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   sosialrifah  





Xəbər lenti