Özbəkistan Mərkəzi Asiyanın yeni lideri ola bilərmi? - VIDEOCAST
- Faktik olaraq, bu gün ölkə regional layihələrin reallaşdırılması nöqteyi-nəzərindən, açar dövlətə çevrilib. Bununla yanaşı, Özbəkistanın təkrar istehsal üçün böyük potensialı var. Bu həm böyük əmək resursları, həm kapital, həm də intellektual resursların inkişafı perspektivləri ilə bağlıdır. Ölkədə təbii resursların da kifayət qədər effektiv şəkildə istismarı siyasətinin aparaılması Özbəkistanın regional səviyyədə kifayət qədər rəqabət üstünlüklərinə malik olmasını şərtləndirir,- professor Elşad Məmmədov bildirib.
Özbəkistanın bu siyasətinin bölgədə rəqabət yarışlarını gücləndirə biləcəyini istisna etməyən iqtisadçı-alim, bunun əslində müasir dövrdə qlobal və regional iqtisadiyyatdakı trendlərlə izah olunduğunu deyib: “Dünyada rəqabət mühiti sərtləşir. Sözsüz ki, Özbəkistanın iqtisadi baxımdan Mərkəzi Asiyanın lider dövlətinə çevrilməsi rəqabəti bir qədər də gücləndirəcək” .
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin və ticarət dövriyyəsinin həcminin son illər yüksələn xətt üzrə inkişaf etdiyini bildirən professor Elşad Məmmədov bu kontekstdə böyük potensialın olduğunu və bir sıra vacib addımların atılmasının vacibliyini vurğulayıb. Çünki öz regionlarında açar dövlətlər olan bu ölkələr arasındakı ticarət dövriyyəsinin cəmi 80 milyon dollar təşkil etməsi qənaətbəxş sayıla bilməz.
İqtisadçı-alim bu kontekstdə Özbəkistanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməsinin bu ölkələr üçün yeni iqtisadi əməkdaşlıq formatlarının yaradılması perspektivləri açdığına diqqət çəkib.
- Dünya iqtisadiyyatında deqloballaşma və regionlaşma ilə bağlı trendlər hər 3 ölkə arasında yeni inteqrasiya formatlarının yaradılması perspektivlərini ortaya qoyur. Bütün bunlar şübhəsiz ki, sözügedən ölkələr üçün böyük əməkdaşlıq, iqtisadi inkişaf imkanları açır,- professor Elşad Məmmədov qeyd edib.
Tanınmış alim bu kontekstdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında iqtisadi inteqrasiyanı qlobal miqyasda ən perspektivli intеqrasiya istiqamətlərindən biri kimi qiymətləndirib. “Cənubi Qafqazla Mərkəzi Asiyanın iqtisadi inteqrasiyası bu gün bütövlükdə nəinki regionda, dünya miqyasında ən perspektivli inqteqrasiya istiqamətlərindən biridir. Bu coğrafi məkanda yerləşən dövlətlərin idarəetmə siyasətində müvafiq adekvat yanaşmalar olarsa, yaxın və orta perspektivdə evvektiv müsbət göstəricilər nümayiş etdirilə bilər”,- professor Elşad Məmmədov vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Özbəkistan Mərkəzi-Asiya