“Soyuq əllər, isti ürək” yarmarkasının açılışı olub

   “Soyuq əllər, isti ürək” yarmarkasının açılışı olub
  13 Dekabr 2021    Oxunub:1263
Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub.
AzVision.az xəbər verir ki, “Nargis” Fondunun və jurnalının fəaliyyətə başlamasının 9-cu ilinə təsadüf edən builki yarmarkanın açılış mərasimi əyləncəli musiqili paradla başlayıb. Əvvəlcə “Nargis” Fondunun rəhbərliyi və qonaqlar yarmarkanın ərazisində quraşdırılmış satış evləri ilə tanış olublar.

Sonra tədbir şou-proqramla davam edib. 71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci il yanvar ayının 15-dək davam edəcək. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.

Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər. Fondun fəaliyyəti barədə ətraflı məlumat və “Soyuq əllər, iti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri rəsmi sosial şəbəkə resurslarından əldə etmək mümkündür.

Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq əllər, isti ürək” qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq əllər, isti ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır. 2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbi ilə təxirə salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Nargis” Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam etdi, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi. Karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.

AzVision.az



Teqlər: Yarmarka  





Xəbər lenti