Ermənistan dinc insanları öldürməkdə davam edir... Bu dəfə yerin altından!

 Ermənistan  dinc insanları öldürməkdə  davam edir... Bu dəfə yerin  altından!
  09 Dekabr 2021    Oxunub:1818
Şuşanın Daşaltı kəndində daha iki şəxsin mina qurbanına çevrilməsi göstərir ki, müharibənin başa çatmasından bir il keçməsinə baxmayaraq, Ermənistanın hərbi cinayətləri davam edir. İrəvan hələ də Azərbaycan torpaqlarında basdırdığı saysız minalarla bağlı dəqiq xəritələri təqdim etməyib. Nəticədə bu gün minlərlə insan mina təhlükəsi ilə üzləşir, hərbi və mülki şəxslər həlak olurlar.
İşğal zamanı ermənilər bilərəkdən minaları elə quraşdırıblar ki, ona düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu həm də o deməkdir ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə cəhd göstərir. Yəni ənənəvi erməni üsulu ilə - altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina qoymaqla daha çox itkilərə nail olmağa çalışıblar. Adətən bu tip “sürpriz-minalar”dan diversiya, terror aktları zamanı istifadə olunur. Hər bir əməl onu törədənin kimliyini göstərir.
Mina xəritəsi qeyri-dəqiqdir və bütün əraziləri əhatə etmir - RƏSMİ

44 günlük müharibə zamanı peşəkar hərbçilərimiz minlərlə belə gözlənilməz təhlükələri vaxtında aşkarlayaraq böyük faciələrin qarşısını ala bilmişdilər. Amma indi müharibə bitdiyi üçün mina təhlükəsinin ən qorxulu fazası başlayıb.

Bu günədək Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələri qeyri-dəqiqliyi ilə seçilib. Buna son nümunə kimi ötən həftə işğaldan azad olunan ərazilərin mina sahələrinin formulyarlarının təqdim edilməsini göstərmək olar. ANAMA-nın rəsmi açıqlamasında deyilir ki, mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin təqdim edilmiş formulyarlarla ilkin tanışlıq zamanı onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratı yaradıb. Daha əvvəl Ağdam, Füzuli və Zəngilan rayonlarına dair verilmiş mina sahələri üzrə məlumatların da dəqiqliyi 25% təşkil edib. Bu hal göstərir ki, ermənilər hərbi cinayətləri indən sonra da davam etdirmək istəyirlər.


Bu cür düşmənçilik mövqeyinin, arzuolunmaz siyasi xəttin tutulmasında əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Bu, heç yeni siyasət də sayılmır. Ermənistanda bütün hakimiyyətlər dövründə daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb. Azərbaycan xalqı yaxın keçmişdə ardıcıl şəkildə dinc əhalinin raket atəşinə tutulmasını yaxşı xatırlayır. Döyüş meydanında Azərbaycan Ordusu ilə bacarmayan işğalçı ölkənin ordusu bunun əvəzini həmişə dinc insanlardan çıxmağa çalışıb. Bu gün də eyni proses baş verir.


Görünür Ermənistan Türkiyəyə və Azərbaycana qarşı nifrət üzərində qurulmuş milli ideologiyasını dəyişmək istəmir. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə - məsələn, meşələrdə - tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması – bütün bunlar Ermənistanın terror siyasətini davam etdirməsinin nəticəsidir. Qəribəsi odur ki, beynəlxalq təşkilatlar ardıcıl mina faciələrinə baxmayaraq, İrəvana heç bir təzyiq göstərmirlər. Az qala hər ay can alan mina partlayışları fonunda Ermənistana dəqiq xəritələrin verilməsilə bağlı nəinki çağırışlar edilmir, əksinə, susmaqla yeni hərbi cinayətlərin baş verməsinə şərait yaradılır. Azərbaycan isə ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, BMT-dən daha fəal dəstək gözləyir. Əlbəttə, heç kimin dəstəyi olmadan da biz bunu bacaracağıq, amma həyatını itirən insanları geri qaytarmaq mümkün deyil axı... Ona görə, azad edilmiş ərazilərə gedən vətəndaşlarımız da maksimum dərəcədə ehtiyatlı davranmalıdırlar.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Mina   Ermənistan   Xəritə   Terror  





Xəbər lenti