Kimin qalxanı möhkəmdir? Dünyanın ən güclü HHM sistemləri - ARAŞDIRMA

  Kimin qalxanı möhkəmdir?  Dünyanın ən güclü HHM sistemləri -  ARAŞDIRMA
  06 Dekabr 2021    Oxunub:5949
İslamabad bir müddət əvvəl Misirin paytaxtı Qahirədə keçirilən EDEX 2021 müdafiə sərgisində Pakistanın “NESCOM” müdafiə şirkətinin hazırladığı yeni “SHAHPAR-II” zərbə PUA-sını təqdim edib. Zərbə endirmək rejimində 7, kəşfiyyat xarakterli uçuş zamanı isə 14 saat havada qalmağı bacaran aparat 6 km. hündürlükdə uça bilir. PUA-nın faydalı yükgötürmə qabiliyyəti 60 kq-dır. Peyk rabitəsi olmadan uçuş potensialı 300 km, belə rabitə mövcud olduqda isə 1050 km təşkil edir.
Elə bu ərəfədə “Müdafiə və aviasiya sənayesi-2021 qlobal startegiyalar” konfransının açılış mərasimində çıxış edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin çoxunun türk PUA-larını almaqda maraqlı olduqlarını bildirib.
- Polşanın türk PUA-larını alması ilə ilk dəfə Aİ və NATO ölkəsinin öz hərbi arsenalını bizim silahla zənginləşdirməsi böyük əhəmiyyət kəsb edir. Hazırda Aİ və NATO ölkələrinin çoxu bizim məhsulumuzla maraqlanırlar,- Mövlud Çavuşoğlu vurğulayıb.
Bununla yanaşı, hava hücumları üçün PUA-ların, raket-kosmik texnikalarının, aviasiyanın və digər “ağıllı” vasitələrin inkişafı onlarla daha effektli mübarizə aparmaq müstəvisində mövcud zenit-raket komplekslərinin (ZRK) təkmilləşdirilməsi və yeni sistemlərin yaradılması zərurətini də aktuallaşdırır.

Bəs hazırda hansı ölkələr hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemləri ilə öyünə bilərlər? Diqqətinizə ilk beşliyə daxil olan sistemləri təqdim edirik.

1) Rusiya istehsalı olan S-400 “Triumf”.

Bu sistem hipersəs sürətli hədəflər də daxil olmaqla bütün müasir və perspektivli hava-kosmik hücum vasitələrini məhv etmək məqsədi daşıyır. Rusiya ordusunun arsenalına 2007-ci ildə daxil edilib. 2017-ci ildə “The Economist” jurnalı S-400 “Triumfu” hazırda dünyada istehsal olunan ən yaxşı HHM sistemlərindən biri adlandırıb.

8 divizionun daxil olduğu bir S-400 “Triumf” sistemi arsenalında 384 raket olan 72 atəş qurğusunu idarə edə bilir. Kompleks aerodinamik hədəfləri 400, ballistik raketləri isə 60 kilometrlik məsafədə vurmaq imkanına malikdir. 5 metrdən tutmuş 35 kilomterədək yüksəklikdə olan hədəfləri aşkarlaya və eyni vaxtda 80 müxtəlif hədəfə atəş aça bilir. Kompleks 600 km-lik məsafədə təbiətdə mövcud olan bütün uçan obyektləri – gözə görünməyən təyyarələrdən tutmuş, hipersəs sürətli raketlərə qədər – aşkarlayır. Bu sistem hava hücumunun adi vasitələri ilə bərabər, ərazinin relyefini qövsvari əyilmə bucağı altında keçərək çox aşağı hündrlükdə uçan çətin görünən təyyarələr və qanadlı raketlər kimi xüsusi hədəflərə də hücum etmək imkanına malikdir.


S-400 “Triumf” HHM sisteminə hücum üçün nəzərdə tutulan raket və qurğuların naviqasiyası və yönləndirilməsinin dağıdılması üçün radio-elektron mübarizəsi vasitələri ilə inteqrasiya olunub. S-400 “Triumf” ZRK-sı HHM-in müxtəlif zona sistemlərini inteqrasiya etməklə və onlara hədəfləri vurmaq əmri verməklə, HHM-in mövqe rayonunun idarə olunması sistemi rolunu oynamaq imkanına malikdir. Bu zaman hədəflərin vurulması üçün hətta HHM komplekslərinin əvvəlki nəsil sistemlərinin raketlərindən də istifadə edə bilir.

Ötən il sentyabrın sonunda Rusiya silahlı qüvvələrinin 34 alayında 560 S-400 “Triumf” atış qurğusu var idi. Rusiyadan başqa bu sistemlər yalnız Türkiyə və Çin ordularında da istismar olunur. S-400 “Triumf”un alınmasına Belarus, Hindistan, Səudiyyə Ərəbistanı, İraq, İran, Mərakeş və Serbiya maraq göstərirlər. Bu kontekstdə Hindistanla 2018-ci ilin payızında Moskva ilə Delhi arasında müvafiq müqavilə imzalanıb. Təxminən 5,5 milyard dollarlıq bu müqaviləyə əsasən, Rusiya Hindistana S-400 “Triumf” ZRK-nın 5 alay komplektini satacaq.

2) İsrailin istehsal etdiyi “Davidin sapandı” kompleksi .

Adı İncildəki David və Qoliaf haqqındakı rəvayətdən götürülən bu ZRK İsrailin raket əleyhinə müdafyə sisteminin ikinci səviyyəsinin gücləndirilməsi üçündür. Kompleksi İsrailin “Rafael” şirkəti və ABŞ-ın “Raytheon” korporasiyası birgə hazırlayıb. Düşmənin təyyarələrini, PUA-larını, orta və uzaq mənzilli taktiki ballistik raketlərini “tutmaq” bacarığına malikdir.


“Davidin sapandı” İsrail ordusundakı MIM-23 “Hawk” və MIM-104 “Patriot” amerika sistemlərini əvəzləməlidir. Bu komplekslərin hədəfləri “tutma” sistemi ikipilləli anti-raketdir. Anti-raketin başlıq hissəsində iki növ: radiolokasiya və optik-elektron, yönəltmə sistemi yerləşdirilib. Kompleksin arsenalında olan raketlər 300 km uzağa və 30-35 km hündürlüyə uça bilir. İsrail KİV-lərinin məlumatına görə, 2018-ci ilin yayında “Davidin sapandı” Suriya ordusunun buraxdığı iki “Toçka-U” raketinin “tutulması” üçün hərbi əməliyyatda tətbiq edilib. Hər iki hədəf Suriya ərazisinə düşüb. Raketlərdən biri hədəfdən yan keçib, ikinci raket isə hədəfin İsrail ərazisinə düşməyəcəyi aydın olnadan sonra özü özünü məhv edib.

3)Fransa və İtaliyanın birgə məhsulu olan “HHM SAMP-T” kompleksi.

Bu sistem yürüşdə olan qoşunların və mexanikləşdirilmiş hərbi hissələrin hava hücumundən müdafiəsini, habelə stasionar obyektlərin geniş spektrli hava vasitələrinin kütləvi aviasiya hücumundan müdafiəsinin təminatını nəzərdə tutur. Düşmənin müxtəlif növlü maneələr vasitəsilə gecə-gündüz və istənilən hava şəraitində taktiki qanadlı raketlərdən tutmuş bütün növ təyyarələrinə və müxtəlif PUA-larına qarşı istifadə olunur. “SAMP-T” kompleksinin əsas xüsusiyyətlərindən biri onun “FSAF” ZRK-sının modul xəttinin variantlarından biri olmasıdır.

Fransa və İtaliyanın hərbi-dəniz donanmalarının (HDD) təchizatı üçün “SAMP-T”-dan başqa tipik modullardan habelə müxtəlif konfiqurasiyalı dəniz “SAAM (PAAMS)” ZRK-sı hazırlanır. “Aster” qrupuna daxil olan idarə edilən zenit raketləri (İZR) bütün dəniz və yerüstü komplekslərin hədəfi vurma vasitəsidir. İZR “Aster-30” və gəmi variantı üçün hazırlanmış “Aster-15” maksimum dərəcədə eynilşədiriliblər. Modul konstuksiyasına malik olan bu raketlər faktiki yalnız atəşin sürətləndiricisi qurğusu ilə fərqlənirlər. 2005-ci ildə uçuş sınaqlarını başa vuran “SAMP-T”-lər, 2006-cı ildən ordunun silahlanması arsenalına daxil olub. Kompleksin bir batareyası eyni vaxtda 16 idarə olunan zenit raketlərini müxtəlif hava hədəflərinə yönəldə bilir.


Kompleksin hər atış qurğusunda döyüşə hazır və istifadə olunmuş raketlər barədə məlumat hərbi əməliyyat gedişində yeni qeydə alınan hava hədəflərini vurmaq üçün raketlərin təyinatı zamanı tətbiq edilir. “SAMP-T” ZRK-sını atəşin yüksək sürəti və hədəfə reaksiya müddətinin minimallığı fərqləndirir. Bir atəş qurğusundan cəmi 10 saniyə ərzində 8 raket buraxıla bilər. Hava hədəflərini 3-100 km uzaqlıqda və 25 km hündürlkdə vurmaq imkanına malikdir. “SAMP-T” kompleksinin radiolokasiya sistemi taktiki ballistik raketləri 600 km məsafədə aşkarlaya bilir.

4) ABŞ-ın ММ-104 “Patriot” ZRK-sı.

Bu sistem düşmənin güclü radioelektron qarşıdurması şəraitində böyük administartiv və sənaye mərkəzlərinin, hərbi-dəniz və aviasiya bazalarının bütün mövcud olan hava hücumlarından qorumaq üçün nəzərdə tutulub. ММ-104 “Patriot” eyni vaxtda yüzdən çox hava hədəfini aşkarlamağı və identikləşdirməyi, onlardan 8-ni fasiləsiz izləməyi, habelə atəş üçün ilkin məlumatları hazırlamağı, hər hədəfə qarşı 3-ə qədər raketi yönəltməyi və buraxmağı bacarır. 1982-cil ildən ABŞ ordusunun arsenalına daxil olan “Patriot”un bir zenit batareyasına hər biri 4 raketə malik 4-8 atəş qurğusu daxildir. Yüksək döyüş imkanlarına malik olan bu kompleks NATO-nun digər üzvlərinin də HHM sistemlərinin təchizatında perspektivli hərbi vahid kimi qiymətləndirilir.


Kompleksin effektivliyi onun qabaqcıl qərarların, müasir materialların və texnologiyaların istifadəsi əsasında qurulması ilə şərtləndirilir. Radiolokasiya sistemi əhəmiyyətli dərəcədə avtomatlaşdırılıb – ona xidmət idarəetmə məntəqəsinin iki operatoru tərəfindən həyata keçirilir. Stansiya müəyyənləşdirilən sektorda eyni vaxtda praktiki olaraq 90-dan 125-dək hava obyektini aşkarlaya, “tanıya”, müşayiət və hədəflərə yönəldilən bütün zenit raketlərinin uçuşunu idarə edə bilir. Aerodinamik hədəfləri 100, ballistik hədəfləri isə 20 km uzaqlıqda vurmağı bacarır.

Kompleks 600 metrdən 25 km-dək hündürlükdə uçan hədəflərin vurulmasında effektlidir. Suriyada, İran körfəzində və Yəməndə yaşanan münaqişələrdə istifadə olunub. Hazırda ММ-104 “Patriot” ZRK-sı ABŞ-dan başqa Yunanıstan, AFR, İspaniya, İordaniya, Qətər, Küveyt, Yaponiya, Niderland ordularının da arsenalına daxildir. Bu komplekslərin Polşaya da satılması barədə 2018-ci ildə saziş imzalanıb. 4,75 milyard dollarlıq müqavilə çərçivəsində Polşa 16 atəş qurğusu, 4 radiolokasiya stansiyası və 208 raket alacaq. Komplekslərin Polşaya tədarükü üzrə ilk tədbirlər gələn il həyata keçiriləcək.

5) Çinin istehsal etdiyi uzaq mənzilli “HQ-9” ZRK-sı.

Bu silah hərbi əməliyyatlar zamanı düşmənin bütün yüksəkliklərdə istifadə olunan təyyarələrinin, qanadlı raketlərinin və helikopterlərinin vurulmasını nəzərdə tutur. Kompleks günün istənilən vaxtında və istənilən hava şəraitində işləyə bilir. Çinin 3-cü nəsil HHM sisteminin daha təkmil nümunəsidir və radioelektron qarşıdurması, habelə düşmən tərəfindən müxtəlif hava hücumu vasitələrinin istifadəsi də nəzərə alınmaqla, yüksək döyüş effektliyi ilə seçilir.


“HQ-9” sistemi “yer-yer” tipli ballistik raketləri “tutmağı” bacaran ilk Çin istehsalı olan HHM kompleksidir. Bu ZRK 500 metrdən tutmuş 30 km-dək hündürlükdə uçan hədəflərlə işləyə bilir. Aerodinamik hədəfləri 200, ballistik raketləri isə 30 km məsafədə “tutur”. Kompleksin arsenalında olan raketlərin 200 km-lik məsafədə olan hədəfə çatması vaxtı 2 dəqiqəni keçmir, kompleksin yeni məkanda döyüş hazırlığına gətirilməsi isə cəmi 6 dəqiqə vaxt aparır. Hazırda “HQ-9” ZRK-sı Çindən başqa Özbəkistan, Əlcəzair, Mərakeş və Türkmənistanın da silahlı qüvvələrinin arsenalında yer alıb.

Reytinq cədvəlinə yalnız dövlətlərin silahlanma arsenalına daxil olan və müxtəlif orduların uğurla istifadə etdikləri sistemlərin adları salınıb. Bu baxımdan, müxtəlif dövlətlərin daha təkmil HHM və RƏM sistemlərinin hazırlanması üzərində apardığı ilşər böyük maraq doğurur. Hələlik isə, bu sahədə liderliyi əldən verməmək üçün Rusiyanın tezliklə yeni kompleksləri istifadəyə verəcəyi barədə səsləndirilən bəyanatlar xeyli intensivləşib.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: HHM   Hərb   Silah  







Xəbər lenti