Naumov atasının pərəstişkarlarına çağırış etdi: "Dəfnə gəlməyin!"

Naumov atasının pərəstişkarlarına çağırış etdi:  "Dəfnə gəlməyin!"
  30 Noyabr 2021    Oxunub:599
SSRİ xalq artisti, məşhur rejissor, “Tehran-43” və “Qaçış” filmlərinin yaradıcısı Vladimir Naumovun oğlu Aleksey Naumov atasının pərəstişkarlarına müraciət edib.
AzVision.az xəbər verir ki, o vətəndaşlardan dəfn mərasimində iştirak etmədən atasının xatirəsini yad etməyi xahiş edib.

- Biz belə qərara gəldik ki, ictimai vida olmasın. Dəfn mərasimində yalnız qohumlar olacaq. Sizdən xahiş edirik ki, mərasimdə iştirak etmədən Vladimir Naumovun xatirəsini yad edəsiniz. Bu, ailənin xahişidir, - Aleksey Naumov deyib.

Qeyd edək ki, Vladimir Naumov noyabrın 29-da 93 yaşında vəfat edib. Rusiya mətbuatı məşhur rejissorun dekabrın 2-də Novodeviçi qəbiristanlığında dəfn olunacağını yazıb.

“Tehran-43” filminin rejissoru vəfat edib
Xatırladaq ki, Naumov 6 dekabr 1927-ci ildə anadan olub. 1951-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. O, tələbəlik illərində kinoaktyor kimi debüt etdiyi “Üçüncü zərbə” (1948) filminin çəkiliş meydançasında İqor Savçenkonun köməkçisi olub. Savçenkonun ölümündən sonra rejissor Aleksandr Alovla birlikdə “Taras Şevçenko” adlı işini tamamlayıb. Həmin andan da Naumov və Alovun yaradıcılıq əməkdaşlığı başlayıb. Birgə ərsəyə gətirilən əsərlər arasında "Köhnə qala", "Pavel Korçagin", "Polad necə bərkidi", "Külək" kimi məşhur filmlər var. Bu rejissor duetinin ən məşhur filmləri Mixail Bulqakovun (1970) əsəri əsasında çəkilən "Qaçış" və “Tehran-43” (1980, SSRİ – İsveçrə – Fransa) sayılır.

Naumov, həmçinin “Seçim”, “Qanun”, “Yazışmadan on il”, “Ağ bayram” və digər filmləri çəkib. O özü də bir neçə dəfə filmlərdə rol alıb. Naumov Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının və Avropa Kino Akademiyasının üzvü olub.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Film   Dəfn   Rejissor  







Xəbər lenti