Gerçək SSRİ və ona qayıdış mifi

// Sovet nostaljisi üzərində oynayanların məqsədi nədir?

      Gerçək SSRİ və ona qayıdış mifi
  18 Noyabr 2021    Oxunub:4547
Rusiya ilə Belarus arasında noyabrın 4-də ittifaq dövlətinin yaranması haqda dekret imzalandıqdan və Dövlət Dumasının Kalaşnikov soyadlı deputatı digər keçmiş sovet respublikalarının bu ittifaqa qoşula biləcəyini bəyan etməsindən sonra SSRİ haqqında yazanların, 70 il vətəndaşı olduğumuz nəhəng dövləti tərifləyənlərin, hətta ideallaşdıranların sayı artıb. Bəlkə də, say o qədər də artmayıb, sadəcə insanlar Putin-Lukaşenko razılaşmasından həvəsləniblər və bu da onları fəallaşdırıb.
Yadıma istər-istəməz SSRİ-nin son günləri, meydan hərəkatı, mitinqlər, o mitinqlərə necə həvəslə getməyim, liderlərə, natiqlərə necə qulaq asmağım, onların çıxışlarından necə ümidlənib vəcdə gəlməyim düşdü. Torpağımızın üzərinin bir santimetr qızılla örtüləcəyi, hər kəsin bizneslə məşğul olacağı, uğurlu iş adamına çevrilə biləcəyi, iş görmək üçün banklardan istədiyimiz qədər kredit ala, televizorda istədiyimizi danışa, qəzetlərdə istədiyimizi yaza biləcəyimiz, hətta hər kəsin media qurumu, qəzet, televiziya aça biləcəyi ilə bağlı fikirlər çoxlarının yadındadır. Bu çıxışlar çox cəlbedici idi və mövcud partokratiyadan, bürokratiyadan, partnomenklaturadan, kommunist bosslardan, rüşvətxorluqdan, qohumbazlıqdan, əliəyrilikdən, yalan-palandan, saxtakarlıqdan, pripiskadan, az maaşdan, boş mağazalardan, alverçilərdən qurtulmaq istəyən namuslu sovet insanlarında müəyyən ümidlər yaradırdı. Əlbəttə, bunlara inanmayanlar da vardı, ancaq kütləvi hay-küy dalğasında onların səsini eşidən yox idi. Onların sayı da çox az idi və əsasən aşağı ranqlı partiya funksionerləri, rejim qulluqçuları olduqlarından insanların inamını da itirmişdilər.

Bəli, SSRI dağıldı, kommunist partiyası yıxıldı. Yeni müstəqil dövlətlər, partiyalalar yarandı. Ancaq bundan qazanan yalnız tribunalardan insanlara yağlı vəd verənlər oldu. Onları dinləyənlərin ümidləri isə puça çıxdı. Vəziyyət daha da pisləşdi. Ən pisi o oldu ki, müharibə başladı. Azərbaycan ərazisinin 20 faizi işğal olundu, 1 milyona yaxın insan qaçqın düşdü. Ölüm-itimi 1945-ci ildə unudan xalq 21-ci əsrin astanasında yenidən dadmağa başladı. Hərə milləti bir tərəfə çəkdi. İqtisadi vəziyyət daha da pisləşdi. Dünənə kimi insanlar yağ, ət, şəkər dərdi çəkirdilərsə, artıq çörək növbələri də yarandı. Polis milisdən daha rüşvətxor, qəddar, icra başçıları raykom katiblərindən daha acgöz, qaniçən oldular. Dünənə kimi ali məktəblərə qəbul rüşvətlə idisə, artıq təhsil ümumiyyətlə pullu oldu, rüşvət bir növ leqallaşdı. Əgər sovet dövründə rüşvət ancaq ali məktəblərdə idisə, yeni dövrdə orta məktəblərə, hətta uşaq bağçalarına da ayaq açdı. Əvvəllər orta məktəblərdə pis-yaxşı dərs keçilirdisə, müstəqillik dövründə repetitor bazarı, şıdırğı təhsil alveri qızışdı. Əvvəllər müəllimlər məktəblərə təyinatla göndərilirdisə, artıq 150 manat maaşı olan müəllim ştatı 5 min manata satılmağa başladı.


Meydanlarda vədlər verən siyasətçilər bütün bu problemlərə görə bir-birini suçlamağa, yamanlamağa başladılar və xalqın başını qatdılar. Torpağımızın üzəri 1 sm qızılla örtüləcəkdi, əvəzində barmağımızdakı son nişan üzüklərini də satıb, un kisələrinə verdik. Hər kəs bankdan kredit alıb biznesmen olacaq, varlanacaqdı, əvəzində krediti alıb qaytara bilmədi və başının üzərindəki damdan da məhrum oldu. Ümidsizliyə düçar olan xalq keçmişin, SSRİ-nin xiffətini çəkməyə başladı, nostalgiya hisslərinə qapıldı. Cəmi 30 il əvvəl çəkdiyi zülmləri, əzab-əziyyəti, məşəqqətləri unutdu. Təsəllini onda tapdı ki, əvvəllər heç olmasa bu qədər gözdağı olan göydələn, bu qədər bahalı maşın, harınları yemləyən bu qədər restoran, bu qədər mənasız şadlıq evi, ortalıqda bu qədər manıs, bu qədər lüt-üryan arvad, bu qədər bayağı media, bu qədər din-məzhəb, bu qədər saqqal, bu qədər çaqqal, bu qədər həci-kərbəlayı-məşədi, həcilərin saxladığı bu qədər bayramnurlu yox idi...

Ancaq bu yanaşmada da bir yanlışlıq var. Çünki SSRİ bu qədər yaxşı olsaydı, meydanlara o qədər adam çıxmaz, ona “doloy” (rədd ol!) deməzdi. Bugünkü problemlərin məngənəsində sıxılıb keçmişin həsrəti ilə yaşamaq, onu ideallaşdırmaq suda boğulanın saman çöpündən yapışma cəhdindən başqa bir şey deyil. Saman çöpü hələ heç kəsi xilas etməyib, etməyəcək də.

Sadəcə o zaman avtoritar formal sosializmdən bezən kütləni “demokratik, azad, xoşbəxt” kapitalizmlə müjdələyənləri əks mövqedə olanlar əvəzləyiblər. SSRİ-nin bərpasını təbliğ və təşviq edir, insanları “xoşbəxt keçmişə” səsləyirlər. Guya insanlar ayda 120 manata əla yaşayırlarmış, mağazalar keyfiyyətli və ucuz ərzaqla dolub daşırmış, insanların üzündən xoşbəxtlik, sevinc, gülüş əskik olmurmuş. Bəs onda niyə tanrılarına təpik ataraq, o xoşbəxt quruluşa xəyanət etdilər? Niyə meydanlara çıxdılar? Niyə heç olmasa SSRİ-nin dağılması ilə bağlı referendumda beş nəfər ortaya çıxıb, etiraz etmədi?


Bu gün siyasi təşəbbüsü ələ almaq istəyən bəzi siyasətbazlar demokrat sələflərinin yoluyla gedərək xalqı, xüsuilə də o dövrü görməyən gənc nəsli aldatmağa çalışır və yazırlar ki, SSRİ-də hər şey yaxşı idi. Bəli, nisbi mənada müəyyən alababat şeylər vardı, amma hər şey yaxşı, hətta məqbul belə deyildi. Gəlin, insanları aldatmayaq. Hər şeyi öz adıyla çağıraq, yaxın tariximizə obyektiv qiymət verək.

Yazırlar ki, elektrik enerjisi 2 qəpik idi. Bəli, tamamilə doğrudur. Ancaq gəlin o enerjinin keyfiyyətindən, verilməsindən danışaq. Mən 1970-1980-ci illəri İmişli şəhərində (İmişli kimi hər cəhətdən geri bir əyalətə saxta “şəhər” statusunu da sovet höküməti verib) böyümüşəm. O illər işıqlarımız, demək olar, hər gün sönürdü. Qışda vəziyyət daha ağır idi, gərginlik 220 Volt əvəzinə 140-150 Volt olur, elektrik lampaları yanmaq əvəzinə közərirdi. Bunun səbəbi sayca az və köhnə transformatorların çox yüklənməsi idi. Transformatorlar tez-tez partlayır və camaat pul yığıb işıq idarəsinə verməyənə qədər təmir olunmurdu. İnsanların bütün gecəni transformatorun yanında keçirdiyi onlarla hadisə xatırlayıram.

Elektrik sayğacları yerli-dibli yox idi. Daha doğrusu, vardı, amma heç kəsdə işləmirdi. Bizim ərazinin işıqpulu yığanı Böyük adlı bir kişi idi. Heç kəs ona pul vermirdi. Kimin qapısına gedirdisə, deyirdilər ki, işıq yanır ki, pul da verək?! Arabir büzüşərək bizim qapıya da gəlirdi və atam ona uzağı 2-3 manat pul verirdi. Rəhmətlik Böyük də üzərinə nə yazıldığını heç bir ekspertizanın müəyyən edə bilməyəcəyi bir qəbz yazıb verir və yəqin ki, o pulun yarısını mənimsəyirdi. Təbii ki, o pulu tək yemirdi... Gördüyünüz kimi, korrupsiya da bizə sovetdən miras qalıb. Sadəcə, miqyası böyüyüb. Bunun da səbəbi odur ki, o zaman indiki qədər pul yox idi.

Qaz yerli-dibli yox idi. Qışda məcburən ikimərtəbəli, dörd iri otaqlı, iki balkonlu-aynabəndli evimizin bir otağına yığılırdıq. Anam da yeməyi orada “maşınka”da bişirirdi. Qazı balonla alırdıq, yadımdadır, balonun qiyməti 4 manat idi. Ancaq tez qurtardığından yemək və çay üçün əsasən maşınkadan istifadə edirdik. Maşınkaya ağ neft (nöyüt) tökürdük. Nöyütü mən rəhmətlik Çoban dayıgildən alırdım. Litrini 10 qəpiyə verirdilər. Ancaq eşitdiyimə görə, dövlət qiyməti 7 qəpik idi. Daha sonra bizə daha yaxın yerdə yaşayan rəhmətlik Bilaldan aldıq. Onda artıq litri 20 qəpik olmuşdu. Bu artım rəsmi deyildi. Sadəcə neft bazası baha satdığından, o da qiyməti qaldırmağa məcbur olmuşdu.


Yaşadığımız bir otağı kömür, odun və solyarka (dizel yanacağı) ilə qızdırdığımızı xatırlayıram. Bir də işıq yanandan-yanana elektrik peçlərini taxırdıq. İşıqlar tez-tez söndüyündən nöyüt lampamız da gərək daim dolu olaydı. Mən lap balaca olanda atam bir maşın kömür gətirdir, onu qış boyu yandırırdıq. Onda babamla nənəm də sağ idilər və bir soba da onların otağında daim yanırdı.

Sonra kömür olmadı nəsə. Deyəsən, artıq Rusiya və ya Ukraynadan qatarla kömür gəlmirdi. Odur ki, oduna keçdik. Əsasən budadığımız ağacların qol-budağından əmələ gələn odunu yandırırdıq. Ancaq bu odun qışın bir ayına belə çatmadığından, yanvar ayında solyarka sobasına keçirdik. Solyarkanı bizə bir maşın gətirir, atamın dəmirdən bağlatdırdığı təxminən yarım tonluq çəni doldururdu. Qiyməti yadımda deyil. Hamımı da solyarka ilə qızdırırdıq. Həm evdəki soba, həm də hamamdakı forsunka his eləməsin deyə, tez-tez təmizləmək lazım idi.

İmişliyə qaz 1990-cı ildə - SSRİ-nin dağılmasına bir il qalmış çəkildi. Onun da istisinə qızınmaqdan daha çox tüstüsünə kor olduq. Küçələri qaz iyi başına götürdü. Bəzi yerlərdə boruların dəliklərindən sızan qaz elə küçənin ortasındaca gecə-gündüz yanırdı və əhəmiyyət verən yox idi. Qısa müddətdən sonra qaz yoxa çıxdı. Camaat boruları kəsərək mənimnsədi və “metallolom”a satdı.

İmişlidə içməli suyu hamı maşınlardan pulla alırdı. Suyu maşınlar Araz çayından doldururdular. El arasında “liqqa” deyilən bulanıq Araz suyunu çəlləklərdə, çənlərdə durultduqdan sonra qaynadıb içirdik. Bizə suyu öz traktoru ilə Alışan dayı gətirirdi. 4 ədəd 200 litrlik çəlləyi doldurması üçün ona 4 manat verirdik. Bu su bizə bir ay çatırdı. Paltar, qab-qaşıq yumağa, çimməyə həyətimizdəki quyudan istifadə edirdik. Rayonda hər kəsin həyətində quyusu vardı. Ancaq 7-8 metrlik quyuların suyu şor olduğundan, sonralar camaat 30-40 metrlik artezian qazdırmağa başladı. Onların suyu nisbətən yaxşı olsa da, içməyə yaramırdı. Dövlətin çəkdiyi su xəttindən ayda-ildə bir dəfə zəif su gəlirdi. Bu suyun Bəhəmtəpə qəsəbəsindəki böyük artezian quyusundan çıxdığını deyirdilər. Həmin suyun keyfiyyəti həyətimizdəki arteziandan keyfiyyətli, Araz suyundan keyfiyyətsiz idi. Ancaq onu da bir gözümüz görür, o biri görmürdü. Sonradan tamamilə kəsildi.

İmişlidə zibil də daşınmırdı. “Kommunxoz” deyilən idarənin sadəcə adı vardı. Camaat zibili ya yandırır, ya da müəyyən bir boş əraziyə tökür, ildə bir dəfə dava-dalaşla pul yığaraq, traktor və maşın gətirdib daşıtdırırdılar. Darvazamızın 10 metrliyində “Küllük” deyilən bir yer vardı. Qonşular zibillərini il boyu gətirib ora tökür, bəziləri elə oradaca yandırırdılar. Yaxşı ki, o vaxt uşaq idim və zibil qoxusu, onun yandırılması mənə o qədər də təsir etmirdi.


O dövr haqqında yazilacaq şey çoxdur, ancaq hamısını bir məqalədə əhatə etmək başağrısı olar. Bir az da əhalinin daha çox önəm verdiyi ərzaq, sənaye malları təminatı haqqında danışaq. Bəziləri yazır ki, ət 2 manat, yağ 3,6 manat idi. Bəli, rəsmi qiymətlər bu cür olsa da, bu iki məhsulu mağazalarda istədiyin vaxt tapa bilməzdin. Bakıda talonla adambaşına ayda yarım kilo kərə yağı, bir kilo ət satılsa da, rayonlarda belə şey yox idi. Əti əsasən elə indiki kimi qəssablar bazarda satırdılar və camaat da onlardan alırdı. Kilosu 5 manatdan ucuz ət xatırlamıram. Sonradan 6-7 manata qalxdı. Ayda-ildə bir dəfə, bayram ərəfələrində rayon mərkəzlndəki mağazalara ucuz buzlu ət gəlirdi və üstündə başyardı olurdu. Atam milisdə işlədiyindən və həmin növbələrə nəzarətə rəhbərlik etdiyindən evə son dərəcə əsəbi gəlir, camaatın 1-2 kilo ətdən ötrü nə oyunlardan çıxdığından ikrahla danışırdı. Onu da bildirim ki, rayon əhli arasında həmin buzlu əti, bolqar toyuğunu (o vaxt “broyler” sözü yox idi) bəyənib yeməyənlər də vardı.

Rayonda heç vaxt mağazada 3 manat 60 qəpiyə kərə yağı satıldığını görməmişəm. Ən ucuzu 5 manata olub və sonradan 10 manata qədər qalxıb. Həmişə də piştaxta altından (gənclər bunun nə olduğunu bilməzlər) tanışlıqla satılıb. Ümumiyyətlə, Bakı əhalisi istisna olmaqla Azərbaycan xalqı ərzaq təminatını daim öz gücünə qarşılayıb, yağını, pendirini, şorunu, südünü, qaymağını, ətini, toyuğunu, yumurtasını, meyvə-tərəvəzini, göyərtisini, balığını bir-birindən alıb. Bu ənənə indi də davam edir və əfsuslar olsun ki, dövlət bu məsələdə nə o zaman ona kömək edib, nə də indi edir. Əksinə, həm sovet dövründə mane olub, həm də indi. Müxtəlif müdaxilələrlə. O vaxt camaatı milis qovurdusa, indi polis “haqq” alır, o vaxt OBXSS (sosialist mülkiyyətinin oğurlanmasına qarşı mübarizə şöbəsi) hesab sorur, pay alırdısa, indi bunu vergi edir.

Bəziləri yazır ki, 120 manat maaşa bir ay normal dolanmaq olurdu. Birmənalı yalandır. Bu pula o vaxtkı bazar qiymətləri ilə uzaqbaşı bir həftə dolanmaq olardı. Üstəlik 120 manat orta aylıq əmək haqqı idi. Maaşlar 60-70 manatdan başlayırdı. Rayon camaatının həyətyanı təsərrüfatı, toyuq-cücəsi, mal-qarası olmasaydı, acından ölərdi. O zaman maaşla dolanmaq, “maaşa baxmaq” ümumiyyətlə əskiklik, “zapadlo” sayılırdı. İnsanlar ancaq masala dolanan adama yuxarıdan baxırdılar. “Çax-çux” deyilən bir anlayış vardı ki, bu da elə “oğurluq” demək idi. Yəni oğurluq, əliəyrilik etmək yerin vardısa, hörmətli adam idin. Hamı sənə məmnuniyyətlə salam verir, baş əyir, qız verirdi. Yox idisə, deməli, yaşayışın, dolanışğın, hörmət-izzətin də yox idi.

Geyim-gecim, təsərrüfat və sənaye malları sahəsində də bahalıq və qıtlıq idi. Yerli istehsal yox səviyyəsində və əsasən keyfiyyətsiz mallardan ibarət idi. Bakıdakı Volodarski adına tikiş fabrikinin tikdiyi məhsulları dilənçi də geyinmək istəmirdi. Hamı “bakinski” deyib, lağ edirdi. Bu haqda “Mozalan” satirik kinojurnalının çəkdiyi süjetlər hələ də durur. Pencəklərin bir qolu uzun, o biri gödək, şalvarların kisədən fərqi yox idi. Odur ki, insanlar istər-istəməz alverçilərin fantastik qiymətə satdığı xarici geyimlərə üstünlük verirdilər.


İnsanların ortalama 150-200, uzaqbaşı 250 manat maaş aldığı ölkədə normal ayaqqabı qiymətləri 70-80 manatdan başlayırdı. Normal kostyumların qiyməti 250-300 manat, fin istehsalı “Tiklas” plaşlar 500 manat, “Diplomat” paltolar 1000 manat idi… Xarici mallar “vneştorq” adıyla “raypo” (rayon istehlak cəmiyyəti) adlanan müəssiəyə gəlir, dərhal vəzəfəlilər və alverçilər arasında pay-püş olunurdu. Kasıb-kusub da son dərəcə keyfiyyətsiz yerli istehsalın ümidinə idi.

Bir məsələni qeyd edim, mən orta vəzifə tutan bir sovet qulluqçusunun ailəsində böyümüşəm. Bizə yaxın ərazidə bizdən yuxarı, yaxud bizimlə eyni səviyyədə yaşayan uzağı 10 ailə olardı. Bu isə təxminən elə 10 faiz idi. Qalan 90 faiz yoxsullar, dizi, dirsəyi yamaqlı paltarda gəzənlər, əsasən şor-çörəklə qidalananlar idilər. Uşaq vaxtı yaşıdlarımın küçədə dəfələrə qənd-çörək, şoraba-çörək yediklərini görmüşəm. Bu mənim üçün yad bir şey idi. Hələ bizim ailə yaxşı yaşayanlar kateqoriyasından sayılırdı.

Sovet dövrünə qayıtmaq elə 55 yaşlı bir adamın 15 yaşına qayıtması kimi qeyri-real, mümkünsüz bir şeydir. Əvvəla, qayıda bilməzsən, möcüzə nəticəsində qayıtsan da əvvəlki ləzzəti, həzzi ala bilməzsən. Bununla belə, belə şeyləri təbliğ edib, insanların duyğuları, heysiyyəti və hissiyatı ilə oynamağa cəhd edənlər, bu absurd ritorika üzərində siyasət, siyasi karyera qurmaq istəyənlər var. Yazının əvvəlində qeyd etdiyim kimi, onların SSRİ-nin süqutu ərəfəsində Qərb, Avropa, Amerika, kapitalizm, demokratiya təbliğatı aparanlardan heç bir fərqi yoxdur.

Xoşbəxtlik, rifah, güzəran, dolanışıq, inkişaf, tərəqqi nə Qərbədir, nə də Şimalda, nə Cənubdadır, nə də Şərqdə. Yaxşı, firvan yaşamağın yolu çalışmaqdan, işləməkdən, oxumaqdan, öyrənməkdən, düşünməkdən, kəşflər, ixtiralar etməkdən, rasional, elmi təfəkkür tərzini əxz etməkdən, özünə, öz yoluna, öz ağlına güvənməkdən keçir.

Nadir Qocabəyli
AzVision.az


Teqlər: SSRİ   Kommunizm  





Xəbər lenti