Uorlikin tvitləri – diplomatik quşbazlıq

  29 Mart 2014    Oxunub : 398
Uorlikin tvitləri – diplomatik quşbazlıq
ATƏT-in Minsk qrupunun onsuz da həmişə aşağı olan faydalı iş əmsalı Ceyms Uorlik bu quruma həmsədr təyin olunandan sonra tamamilə sıfıra düşüb. Münaqişənin həllinə doğru heç bir addım atılmır, heç bir yeni ideya irəli sürülmür, əvəzində Uorlik Tvitterdə fırtına qoparır. Sanki Qarabağ mövzusu onun üçün bir əyləncə, maraq, hobbi predmetidir. Nə oldusa, dərhal amerikalı diplomatdan bir tvit gəlir: `Filan yerdəyəm`. `Filankəslə görüşdüm`. `Bu da şəklim`.

Bəzən Uorlik Tvitterdəki səhifəsində elə suallar verir ki, Minsk qrupu həmsədrinin bunu soruşmasının özü gülməlidir və onun tutduğu mövqe üçün peşəkar yararsızlığından xəbər verir. Məsələn, soruşur ki, atəşkəs niyə pozulur? Yaxud, sual verir ki, diqqətin Ukrayna üzərində cəmləşməsi Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına səbəb ola bilərmi? Halbuki bu sualları biz Minsk qrupunun həmsədrindən soruşmalıyıq, o bizdən yox.

Amma məsələ bununla bitsə, dərd yarıydı. Uorlik öz tvitlərində çox vaxt açıq şəkildə tərəf tutduğunu gizlədə bilmir. Məsələn, yanvarın 29-da cəbhə xəttində erməni əsgərin ölümünü `faciə` adlandırsa da, Azərbaycan əsgərlərilə bağlı xəbərlərə heç vaxt belə reaksiya vermir.

Fevralın 13-də o, Qarabağın qondarma Xarici İşlər Nazirliyinin tvitini paylaşıb. Tvitdə deyilir ki, Qarabağ da tərəf kimi danışıqlara qatılmalıdır.

Fevralın 26-da amerikalı diplomat Xocalını xatırlatsa da, 27-də sanki bunu qəsdən neytrallaşdırmaq üçün Sumqayıt hadisələrini yada salıb. Halbuki, bu ikisini qiyaslamaq ermənilərin siyasətinin xəttlərindən biridir.

Martın 11-də Uorlik yazıb: `Moskvada Nalbandyanla görüşümüz bir daha təsdiqlədi ki, Ermənistan Qarabağ münaqişəsinin dinc yolla həllini axtarır`. Halbki, indiki mərhələdə danışıqların yerində qalmasının səbəbkarı məhz Ermənistandır.

Bir gün sonra isə Uorlik belə tvitləyib: `Rusiyalı diplomat Vladimir Kazimirovla görüşdüm. Onun Qarabağa sülh gətirmək yönündəki səyləri hələ uzun müddət xatırlanacaq`. Əgər Uorlik uzun müddət Kazimirovu xatırlayacaqsa, onda çətin ki danışıqlarda hansısa irəliləyiş olsun.

Martın 16-da isə diplomat belə bir tvit yazıb ki, `biz gərək Ukraynada baş verənlərdən Ermənistan-Azərbaycan münaqişəsi üçün dərslər çıxaraq`. Bu, nə deməkdir? Axı Ukraynada yaşananlara Azərbaycan-Ermənistan münaqişəsi heç bir halda müqayisə edilə bilməz.

Martın 23-də Uorlik özünü biabır edərək yazır: `Bu gün mənim səhvimi düzəltdilər: konflikt Dağlıq Qarabağla Azərbaycan arasındadır`. Məlum deyil, kim düzəldib, nə məqsədlə düzəldib, amma tvitter diplomatına xatırlatmaq yerinə düşər ki, formul belədir: Ermənistanla Azərbaycanın arasında Dağlıq Qarabağ münaqişəsi. Bunu bilmədən ümumiyyətlə, Uorlik hansı nizamlama ilə və necə məşğuldur – bu, böyük bir sual olaraq qalır.

Üç gün əvvəlki son tvitlərinin birində isə amerikalı diplomat Kemp-Devid sazişini və onun imzalanmasından öncə Ənvər Sadatın dediyi `Mən inanmadığım adamla necə anlaşa bilərəm?` sözlərini Qarabağ münaqişəsinə aid edib. Müqayisə ən azı ona görə yersizdir ki, Kemp-Devid sazişi imzalanarkən İsrail tutduğu Misir torpaqlarından –yəni Sinay yarımadasından çıxmağa razılıq vermişdi.

Uorlikin tez-tez müxtəlif formalarda təkrarladığı tvitlərdə soruşulur ki, niyə axı Qarabağda sülh əldə oluna bilməsin? Cavab aydındır: çünki vasitəçilər münaqişənin həlli istiqamətində real addımlar atmaqdansa, lazımsız işlərlə məşğuldurlar. Konkret olaraq onlardan biri logotipi quş olan Tvitterdə diplomatik quşbazlıqla məşğuldur. Yəni prosesə xeyir verməyəcək tvitləri bir ucdan uçurur. Bu qədər sual vermək, şəkil paylaşmaq, tvitləmək əvəzinə Uorlik bircə dəfə yazsaydı ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır, onda hansısa ciddi işlərdən danışmaq olardı. Belədə isə... tvitdir də, uçurdursan, gedir.

Tariyel Həsənov
AzVision.az

Teqlər: