Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL

   Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq –    TƏHLİL
  01 Noyabr 2021    Oxunub:1645
Füzuli Beynəlxalq Hava Limanının açılışını işğaldan azad olunmuş ərazilərimizdə keçən ilin sonu-bu ilin əvvəlindən başlamış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu kimi dəyərləndirmək olar. Hava Limanının cəmi 8 ay ərzində inşa olunması quruculuq işlərinin genişmiqyaslı olmaqla yanaşı, həm də necə sürətli xarakter daşıdığını göstərir.
Ümumiyyətlə, Azərbaycan hökumətinin daxili inkişaf strategiyasında öncə məhz nəqliyyat infrastrukturuna diqqət yetirməsi çox əhəmiyyətli faktordur. Çünki əslində hər şey bundan başlayır. Yol varsa demək, gediş-gəliş var, gediş-gəliş varsa demək, nəfəs var, nəfəs varsa demək, inkişaf üçün imkan var. Dövlət başçımız Qubadlıda qeyd etdi ki, Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Orada heç vaxt bu ölçüdə yol olmayıb.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli qoyuldu. Bundan əvvəl isə hər iki ölkənin dövlət başçıları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Bütün bunlar böyük işlərdir, uzaq məsafədəki hədəfə lazım gələndə qısa zaman ərzində və çərçivəsində çatmaq məqsədi daşıyan tədbirlərdir. Gələcək inkişafın əsasını qoyan, o cümlədən, hərbi-strateji məqsədlərə çatmaq istəyini də ehtiva edən addımlardır.

Azad edilmiş ərazilərimiz bərpa edildikdən sonra mövcud iqtisadi gücümüzə təqribən 50 faizədək əlavə güc qatılacaq. Sadəcə, bunu hərəkətə gətirmək tələb olunur. İlk növbədə infrastruktur yaradılmalı, azad edilmiş ərazilərin potensialının realizəsi məqsədilə tələb olunan ilkin şərtlər həllini tapmalıdır. Misal kimi ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı indiyədək qəbul və icra olunmuş Dövlət Proqramlarını göstərmək olar. Bölgələrimizin sürətli inkişafı məhz həmin sənədlərin hesabına baş tutub. İndi Qarabağ və Şərqi Zəngəzur da düşmən tərəfindən geyindirilən hisli-paslı cəhənnəm libasından tez qurtularaq, digər bölgələrimiz kimi inkişaf etmək şansı qazanıb.


Müəllifin əvvəlki yazıları:
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL


Bu ərazilər ilk növbədə qeyri-neft sektorumuza böyük töhfələr verməklə, özünü kənd təsərrüfatı, onun heyvandarlıq və bitkiçilik sahələrində, həmçinin tikinti materialları əldə etmək üçün zəruri xammal bazası sarıdan, turizmdə, şərabçılıqda göstərməlidir. Həmin zona həmçinin, faydalı qazıntılarla və mineral sularla da zəngindir. Prezidentin ölkədə iqtisadi rayonların yeni bölgüsünə dair 7 iyul 2021-ci il tarixli fərmanının girişində yazılıb ki, ölkənin şəhər və rayonlarının davamlı və tarazlı inkişafını təmin etmək məqsədilə qəbul edilən regionları sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişdi, regionların iqtisadi potensialı hərəkətə gəldi, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətləri, biznes və investisiya mühiti yaxşılaşdı, əhalinin rifah halı yüksəldi. Və bütün bunların nəticəsində həm də ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrəti güclənərək, 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanmağımız üçün zəmin yarandı. Odur ki, sözügedən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin etmək üçün də, bütün işləri vahid proqram əsasında aparmaq məqsədilə azad edilmiş rayonlar üzrə müvafiq bölgüyə əsasən ayrıca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması şərti ortaya çıxdı.

Yeri gəlmişkən, Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan birinə çevrilməklə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir ki, bu iqtisadi zonada qeyri-neft sektorunun bütün əsas qolları - kənd təsərrüfatı, sənaye və turizm üzrə inkişaf üçün böyük potensial mövcuddur. Qarabağ iqtisadi rayonu üzrə də həmçinin...


Füzuli Beynəlxalq Hava Limanının açılışı, dediyim kimi, işğaldan azad olunmuş ərazilərimizdə başlamış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu hesab edilir. Və Azərbaycan hökumətinin məhz nəqliyyat infrastrukturuna və yollara - gediş-gəlişin rahat olmasına diqqət yetirməsi çox əhəmiyyətli faktor sayılır. Ölkəmiz ümumiyyətlə, nəqliyyat sektorunda nə qədər işlər görüb: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, müasir hava limanları, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil, dəmir yolları xətlərinin tikintisi kimi irimiqyaslı infrastruktur layihələrinin icrası nəticəsində bölgədə nəqliyyat mərkəzinə çevrilmişik. Bundan isə təkcə Azərbaycan deyil, bütövlükdə region, o cümlədən, ona yaxın digər ölkələr töhfələr götürür və bundan sonra hələ daha geniş şəkildə götürməkdə davam edəcəklər. Bu töhfələr həm siyasi, həm də iqtisadi xarakter daşıyır.

Bunu həmin ölkələrin çoxu anlamır. Lakin əsas bu deyil. Hələ Zəngəzur dəhlizi işə düşdükdən sonra bundan nə qədər xeyir götürənlər olacaq. Ümumiyyətlə, Azərbaycan-Naxçıvan yerüstü əlaqəsinin olması təkcə Azərbaycan deyil, bütövlükdə regiona, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafını böyük bir töhfə verəcək. Sözün qısası, Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvanla gediş-gəlişinin olmasından bütövlükdə Avropa və Asiya ölkələri də qazanacaqlar. Çünki bundan hər kəsə pay çatacaq. Həyata keçirilən siyasət bütövlükdə Azərbaycanın inkişafına və ərazi bütövlüyünün möhkəmlənməsinə xidmət edir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Qarabağ   Quruculuq   Böyük-Qayıdış  





Xəbər lenti