Qərb nəzəriyyələrini alt-üst edən müttəfiqlik: Azərbaycan-Türkiyə qardaşlığı

  Qərb nəzəriyyələrini alt-üst edən müttəfiqlik:  Azərbaycan-Türkiyə qardaşlığı
  28 Oktyabr 2021    Oxunub:1776
Məşhur amerikalı geosiyasətçi Nikolas Spaykmen hələ 80 il əvvəl yazırdı ki, insanlar çox vaxt səhvən xalqlar arasındakı dostluq münasibətlərinin həmin ölkələrin müttəfiqlik münasibətlərini formalaşdırdığını düşünürlər. Amma əslində hər şey tam əskinədir. Yəni, ölkələrin uzunmüddətli müttəfiqlik münasibətləri son nəticədə onların cəmiyyətləri arasında dostluq hisslərinə transformasiya oluna bilər.
Açığı, amerikan mentallığının daşıyıcısı və çoxüzlü geosiyasi nəzəriyyələrin müəllifi Spaykmenin belə yanaşması təəccüblü görünmür. Onun 1942-ci ildə, hələ İknici Dünya müharibəsinin ən qızğın vaxtında – hadisələrin inkişafının perspektivlərinin qeyri-müəyyən dövründə,- “ABŞ yalnzı düşmənlərinə yox, müttəfiqlərinə də qalib gələnə qədər müharibəni davam etdirməlidir” şüarı da Qərb təfəkkürünün “dost”, “qardaş” və “müttəfiqlik” məfhumlarından nə qədər uzaq olduğunun göstəricisidir. Bir çox ölkələrin, xüsusilə də Qərb dövlətlərinin dünən “dost” və “strateji müttəfiq” adlandırdıqları siyasi liderlərə, ölkələrə və xalqlara bu gün “düşmən” damğaları vurmaları da məhz həmin düşüncənin inikasıdır. Çünki sözün əsl mənasında dost və qardaş olmadıqları üçün, digərləri ilə belə münasibətlər qura bilməyiblər və nəticədə də adekvat münasibətlə üzləşiblər. Amma yalnız onlarmı, bəs başqları necə?

Bu baxımdan, Azərbaycanla Türkiyə arasındakı hamının şahidi olduğu dostluq və qardaşlıq münasibətləri yalnız regional yox, həm də beynəlxalq miqyasda bütün ölkələr üçün önəmli nümunədir. Özü də bu münasibətlərin ahəngini yalnız müasir dövrün reallıqları yox, yüzilliklər boyu yaşanan hadisələr şərtləndirib. Bəli, hələ yüz il bundan öncə, taleyin oyunu və Cənubi Qafqazda yaşanan hadisələr nəticəsində Azərbaycanla Türkiyənin iki antaqonist blokda yer almasına baxmayaraq, bir millətin iki dövləti daim bir-birinin təəssübünü çəkib, bir-birinin ağrısını öz ağrısı, sevincuni öz sevinci kimi qəbul edib.
Təsadüfi deyil ki, SSRİ-nin süqutundan sonra beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə oldu. Ərazilərimizin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini də məhz Türkiyə bağladı, bütün təzyiq cəhdlərinə baxmayaraq onları açmadı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də hələ də açmır. Çünki ilkin şərt kimi Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” prinsipinə sadiqdir.

Ankara bununla Ermənistanın Azərbaycanla sərhədlərin tanınması, onların delimitasiya və demarkasiyasını nəzərdə tutur. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ölkəmizə son bir ildə 3 dəfə səfər etməsi və onlardan ikisinin Vətən müharibəsində xalqımızın Qələbəsindən sonrakı dövrə təsadüf etməsi Azərbaycan-Türkiyə sarsılmaz birliyinin ən bariz nümunəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə işğaldan azad edilmiş ərazilərimizdə ilk beynəxalq səviyyəli Füzuli aeroportunun açılışında iştirak etməsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyması tarixi ahdisə kimi iki dövlətin dostluq və qardaşlıq salnaməsinə yazıldıı.

Bu bir daha sübut edir ki, iki qardaş xalq dar gündə də, xoş gündə də bir-birinin yanındadır. Çünki əsl dost ağır gündə sənin dərdinə şərik çıxdığı kimi, sənin sevincini də öz sevinci kimi bölüşməyi bacarmalıdır. Əks halda bu yarımşıq dostluq və qardaşlıq hissi olacaq.
Ərazilərimizin işğal altında olduğu müddətdə Azərbaycanın haqq işinin müdafiəsi üçün beynəlxalq miqyasda fəal diplomatik siyasət aparan, hərbçilərimizin müasir ordular səviyyəsində hazırlığı üçün ölkəmizlə çoxsaylı hərbi təlimlər keçirən və nəhayət bütün təzyiq cəhdləriunə rəğmən, Vətən müharibəsində Azərbaycana öz siyasi-mənəvi dəstəyini səngitməyən məhz Türkiyə oldu.

Sözsüz ki, biz bu müstəvidə dost Pakistanın da önəmli addımalrını unutmuruq. Amma indi biz dil və etnik baxımdan qardaş ölkələrin münasibətlərindən danışırıq. Məhz bu göstəriciləri özündə ehtiva edən bir sıra ölkələrin düşmən münasibətləri fonunda Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilməsi dünya ictimaiyyəti üçün böyük nümunə rolunu oynaya bilər. Uzağa getməyək. Sarsılmaz Rusiya-Belarus-Ukrayna slavyan ittifaqı brədə onilliklərdir ki, nağıllar danışanlara Azərbaycan-Türkiyə münasibətləri tarixi dərs deyilmi?

Bu sarsılmaz birliyin təməlində isə məhz iki qardaş ölkənin Prezidentlərinin dostluq münasibətləri və liderlik keyfiyyətləri dayanır. Çünki bütün regional və beynəlxalq məsələlərdə öz dövlətlərinin milli maraqlarını qətiyyətlə müdafiə edən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin maraqlarını da qarşılıqlı şəkildə müdafiə edirlər. Bunu sübuta yetirən bir fakta diqqət yetirək.
2014-cü il aprelin 24-də “Şərq tərəfdaşlığı” proqramının 5 illiyilə bağlı dövlət və hökumət başçılarının Praqada keçirilən sammitində Ermənistan prezidenti Serj Sərkisyan plenar iclasdakı çıxışını bütövlükdə qondarma “erməni soyqırımı” barədə mülahizələrə həsr etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin cavabı Türkiyənin bu sərsəm iddiaları verəcəyi cavab qədər sərt oldu:
- Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm!

Budur Azərbaycan-Türkiyə vəhdətinin göstəricisi. Məhz hər iki dövlətin başçılarının bu qətiyyəti Azərbaycanla Türkiyənin böyük uğurlar qazanmasını, beynəlxalq miqyasda prinsipial, strateji düşüncəyə söykənən müstəqil siyasət aparan ölkələr kimi tanınmasını və qəbul edilməsini şərtləndirir.

Bu baxımdan, türk dünyasının liderləri olan Azərbaycanla Türkiyənin Türk Şurasına rəhbərlikləri müstəvisində də məhsuldar fəaliyyəti bir sıra ölkələr üçün böyük təcrübə rolunu oynaya bilər. Görünür, Türk Şurasının növbəti Zirvə toplantısında sədrliyin Azərbaycandan Türkiyəyə keçməsinin özü də təbii bir qüvvədən irəli gələn zərurətdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti