İncəsənətin 10 məşhur pişiyi – Bizim hit-parad

   İncəsənətin 10 məşhur pişiyi –    Bizim hit-parad
  24 Oktyabr 2021    Oxunub:7189
Prezident İlham Əliyevin pişiyi sığallayarkən çəkilmiş fotosu dünən axşam sosial şəbəkənin milli seqmentində yüngül zəlzələ yaratdı. Növbəti dəfə isbatlandı ki, Prezident ölkədə təkcə əsas nyusmeyker yox, həm də əsas influenserdir; onun davranışları yalnız mediada deyil, sosial media da böyük trendlər yaradır. Hamı həmin trendə qoşularaq, ya fotonun özünü bölüşməyə, ya da “mən və pişiklər” janrında paylaşımlar etməyə başladı.
AzVision.az da bu trendə qoşulmaq istəyir, amma bir qədər fərqli şəkildə. Biz dünya incəsənətinin 10 məşhur pişiyini xatırlatmağı qərara almışıq. Bəri başdan deyək ki, ədəbiyyatda və kinoda pişik obrazları həqiqətən çoxdur, ona görə də, siyahı xeyli dərəcədə subyektivdir.

1. Deja vu


“The Matrix” filminin 4-cü hissəsinin intizarında ikən birinci bölümdəki o məşhur pişiyi xatırlamamaq olmaz. Düzdür, bu pişik filmdə cəmisi bir neçə saniyə görünür, süjetin tərkib hissəsi deyil, amma ssenaridə çox vacib funksiya daşıyır. Məhz onun eyni yerdən iki dəfə keçməsi qəhrəmanlara başa salır ki, işlər düz getmir. Axı bir çaya iki dəfə girmək olmaz, bir pişik də eyni yerdən iki dəfə eyni cür keçə bilməz. Əgər bu, baş veribsə, demək, Matrisa yenidən yükləndi. “Deja vu” hadisəsinin əsərin dünyasının məntiqinə uyğun bu cür izahı sadəcə, dahiyanə idi.

2. Öz xoşuna gəzən pişik


İnək insana süd verir, it onu qoruyur və ovda kömək edir, bəs pişik insana nə üçün lazımdır? Redyard Kiplinqin nağılının əsasında çəkilmiş bu cizgi filmini sovet uşaqları çox sevirdilər. İndi isə o, feministlərin ən sevimli multfilmlərindən birinə çevriə bilər. Çünki orada qadın-pişik və kişi-pişik münasibətlərinin vektorları kəsişəndə kişi-qadın münasibətləri də aydınlaşır. Və məlum olur ki, kişinin pişiyə qarşı kobudluğuna dözmək qadının ən böyük səhvi imiş...

3. Matroskin


Nəinki sovet uşaqlarının, hətta onların uşaqlarının, uşaqlarının uşaqlarının da ən sevimli pişiklərindən biri, şübhəsiz, Matroskindir. O, bir evin dirəyidir, poçtalyon Peçkin heç də boşuna demir ki, “Mənim belə pişiyim olsaydı, evlənməzdim”. Üstəlik, buterbrodu düzgün yeməyin qaydasını da bizə məhz o öyrədib.
Ərlə arvadın pişiyə münasibətləri isə 2-ci bəndlə müqayisədə, tam tərsinə çevrilib. Bu dəfə “evdə pişik nəyə lazımdır” sualını qadın verir.
- Seçimini et: ya mən, ya da bu pişik!
- Əlbəttə, sən. Mən səni çoxdan tanıyıram, bu pişiyi isə birinci dəfədir görürəm!

4. Qarfild


“Evdə pişik nəyə lazımdır” sualı onun simasında öz apogeyinə çatır. Əvvəllər pişiklər siçan tuturdular. Sonralar sadəcə, sahiblərini əyləndirmək üçün lazım oldular. Daha sonra interyerin canlı elementinə çevrildilər. İndi isə bizim onlara qulluq etməyimiz üçündürlər. Məhz Qarfilddən sonra harınlamış və öz sahibinə yuxarıdan-aşağı baxan pişik obrazı qlobal memə çevrildi.

5. Çəkməli pişik


Əgər atanın sərvətindən böyük qardaşa dəyirman, ortancıla eşşək, kiçiyə pişik düşübsə, bu, ədalətli bölgüdürmü?! Tamamilə. Sadəcə, özünə düşən paydan düzgün istifadə etmək lazımdır. Şarl Perronun nağılındakı pişik dünyadakı ilk fərdi uğur kouçu sayıla bilər. Məhz onun məsləhətləri və biclikləri yetim oğlanı şahzadə qızla evlənəcək qədər uzağa aparır. Və uşaqlara başa salır ki, biclik əslində böyük istedaddır.

6. Çeşir pişiyi


Alisanın düşdüyü güzgüarxası dünyanın ən maraqlı, ağıllı və müdrik sakinlərindən biri həmişə gülümsəyən Çeşir pişiyi idi. Hətta özü yoxa çıxanda da, təbəssümü qalırdı. “Mən təbəssümsüz pişik çox görmüşdüm, pişiksiz təbəssümü isə ilk dəfədir...”,- demişdi Alisa.
Luis Kerrolun kitabı məntiqi tapmacalarla doludur və onların çoxu məhz Çeşir pişiyi ilə bağlı olur.
- Kəsin onun başını!
- Axı başı kəsmək – boynu vurmaq deməkdir. Boyun yoxdursa, deməli, başı kəsmək də olmaz!
- Hmmm... Əgər baş varsa, deməli, onu kəsmək də olar!

7. Şrödingerin pişiyi


Kvant qeyri-müəyyənliyi prinsipini izah etmək üçün Ervin Şrödingerin düşündüyü fikri eksperiment çoxdan fizikanın sərhədlərini aşıb və incəsənətin sevimli mövzularından birinə çevrilib. Bu məşhur pişik qutuda superpozisiya vəziyyətindədir: yəni eyni zamanda həm ölüb, həm də sağdır. Nə qədər ki, biz qutuya baxmamışıq, bunların hər ikisi həqiqətdir, real olaraq var. Biz qutunu açanda isə potensial variantlardan biri reallaşır.
Beləliklə, kvant fizikasının ən qəliz prinsiplərindən birini anlamaq üçün virtual da olsa, pişiyə minnətdar olmalıyıq. Amma niyə məhz pişik? Niyə, məsələn, siçan yox?! Bu sualı müsahibə götürdüyüm nüvə fizikası alimindən soruşanda belə cavab vermişdi: “Siçan iyrənc olur axı”.

8. “Hav” adlı pişik


“Котёнок по имени Гав” – uşaq məsumluğunu ən gözəl ifadə edən personajdır. Dünyanı uşaq gözü və uşaq ağlı ilə dərk etmək nə deməkdir – bunu bizə Hav öyrədir. Anası 2 yaşlı Aylaya “sənə yemək verməyəcəyəm, ac qalıb divarı yeyəcəksən!” deyəndə, uşaq ciddi bir maraqla “hansı divarı” soruşmuşdu. Hav adlı pişik həmin yaş döründə olan və dünyanı o cür birbaşa, məcazsız dərk edən uşaqların ümumiləşmiş, şirin, sevimli obrazıdır.
- O tərəfə getmə, orada səni pis şeylər gözləyir!
- Necə getməyim? Axı getməsəm, gözləyə-gözləyə qalarlar!

9. Alim-pişik


“У лукоморья дуб зелёный” misrasını eşitməyən varmı?! Əlbəttə və təəssüf ki, var – biz daha Rus ədəbiyyatını orijinaldan oxumuruq. Azərbaycanda rus klassiklərini türkcəyə tərcümədən oxuyan və Lev Tolstoya “Leo” deyən bir gənc nəsil yetişib. Amma “Rus poeziyasının günəşi” Puşkini orijinaldan oxumaq elə bir zövqdür ki, onu heç nə ilə müqayisə etmək olmaz. “Ruslan və Lüdmila” poemasının əvvəlində rast gəldiyimiz uzaq dənizin sahilindəki yaşıl palıda dolanmış qızıl zəncirin üzərində gəzən alim-pişiklə bağlı misralar o qədər güclüdürlər ki, ömürlük insanın yaddaşına həkk olunurlar.
У лукоморья дуб зелёный
Златая цепь на дубе том:
И днём и ночью кот учёный
Всё ходит по цепи кругом;
Идёт направо — песнь заводит,
Налево — сказку говорит.
Там чудеса: там леший бродит,
Русалка на ветвях сидит...

10. “Begemot”


Dünya ədəbiyyatındakı ən məşum pişik obrazlarının birinə Bulqakovun şedevr əsəri “Master və Marqarita”da rast gəlirik. Volandın əshabələrinin hər üçü (Bellanı saymırıq) özlüyündə kifayət qədər maraqlı və bənzərsiz alınıb, amma Begemot xüsusilə seçilir. O, orta əsr saraylarındakı təlxəyin İblisin hüzurundakı modifikasiyasıdır. Hər şeyin düzünü deyir, amma problem ondadır ki, hər şeyin düzü çox naqolaydır.

- Anlaya bilmirəm,- pişik quru bir tərzdə etiraz etdi,- niyə Azazello və Korovyevə üzlərini qırxandan sonra ağ kirşan vurmaq olar, amma mənə qızılısı olmaz? Ağ kirşanın nəyi qızılı kirşandan yaxşıdır ki?! Mən vur-tut, bığlarımı kirşanlamışam. Yox, əgər üzümü qırxsaydım, onda başqa məsələ... Üzünü qırxmış pişik – bu, həqiqətən biabırçılıqdır, min dəfə etiraf etməyə hazıram. Geniş mənada isə... – pişiyin səsi incik tərzdə titrədi,- görürəm ki, burada mənə qarşı qısnamalar var və qarşımda böyük bir müşkül durur: Ümumiyyətlə, mənim bala getməyim lazımdırmı? Nə buyurursunuz, messir?
Və pişik inciklikdən elə köpdü ki, az qala, bu saniyə partlayacaqdı.

- Bilirsən, necə cüvəllağı fırıldaqçısan sən?! – Voland başını yırğaladı,- hər dəfə qələbədən ümidini kəsəndə başılayırsan körpünün üstündəki ən axırıncı şarlatan kimi dil-dil ötməyə. Dərhal əyləş və bu söz tör-töküntüsünü yığışdır!

- Əyləşirəm,- pişik otura-otura cavab verdi,- Amma sonuncu dediyinizə etirazım var! Mənim nitqlərim əsla xanımın qarşısında ifadə etməyi sizin özünüzə rəva gördüyünüz kimi, tör-töküntü yox, bir-birilə möhkəm əlaqəli olan sillogizmlər şəbəkəsidir ki, Sekst Empirik, Marsian Kapella, nə gizlədim, hətta Aristotelin özü kimi bilginlər onu layiqincə dəyərləndirərdilər!

Vüsal Məmmədov


Teqlər: Pişik   Trend  





Xəbər lenti