“Xəngəl məhbusu”: Saakaşvili oyunu “3+3” formatı ilə bağlı ola bilərmi – TƏHLİL

      “Xəngəl məhbusu”:    Saakaşvili oyunu “3+3” formatı ilə bağlı ola bilərmi –    TƏHLİL
  21 Oktyabr 2021    Oxunub:2535
Gürcüstanın 3-cü prezidenti, 2003-cü ildə “məxməri inqilab”la hakimiyyətə gələn, 2008-ci ildə Cənubi Osetiya və Axaziyanın ölkəsinə birləşdirilməsi üçün Rusiyaya qarşı müharibəyə başlayan, lakin buna nail ola bilməyən, postsovet məkanının ən qalmaqallı siyasətçisi, 54 yaşlı Mixail Saakaşvili hazırda Rustavi şəhərində yerləşən 12 saylı həbsxanada təkadamlıq kameranın məhbusudur. Deyilənə görə, həbsxanada ona “cənab prezident” şəklində müraciət edirlər.
Saakaşvillinin ukraynalı rəfiqəsi, Ali Radanın deputatı Yelizaveta Yasko isə iddia edir ki, “cənab prezident”in səhhəti kritik vəziyyətfdədir və təcili müalicəyə ehtiyacı var. Yaskonun sözlərini Saakaşvilinin şəxsi həkimi Nikolaz Kipşidz də təsdiq edib və keçmiş prezidentin səhhətinin pisləşməsini günlərdir davam etdirdiyi aclıq aksiyası ilə əlaqələndirib. Saakaşvilli isə elan edib ki, özü və ona görə qeyri-qanuni həbs olunanlar azad edilməyincə aclığı dayandırmayacaq.

Qeyd edək ki, Gürcüstan prokurorluğu Saakaşvilinin qeyri-qanuni olaraq dövlət sərhəddini pozması ilə əlaqədar cinayət işi qaldırıb və bu cinayət işi çərçivəsində artıq üç nəfər həbs olunub. Onlardan biri, Saakaşvilinin xəngəl yemək istəyərkən həbs edildiyi mənzilin sahibi 63 yaşlı Elquci Çomayadır.
2012-ci ildə keçirilən prezident seçkilərində uduzduqdan sonra Gürcüstanı tərk edən Saakaşvili barədə müxtəlif illərdə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı ilə 3 dəfə cinayət işi qaldırılıb və qiyabi hökm oxunub. Bu hökmlərə əsasən Saakaşvili ümumilikdə 12 il həbsdə qalmalıdır. Onun həbsdən azad olunması üçün hazırda mümkün olan yeganə leqal prosedur prezidentin əfvi olsa da, Gürcüstanın dövlət başçısı Salome Zurabişvili qətiyyətlə bildirib ki, heç vaxt belə bir addım atmayacaq. Zurabişvilinin bu bəyanatı Tiflisdə Saakaşvilinin azad olunması tələbilə keçirilən mitinqdən əvvəl səsləndirdiyini nəzərə alsaq, prezidentin artıq bu qədər qətiyyətli danışmayacağını əminliklə söyləmək olar.


Zurabişvilidən fərqli olaraq, Saakaşvilinin özünün ikinci vətəni saydığı Ukraynanın prezidenti Vladimir Zelenski nəyin bahasına olursa-olsun, Mişanın azadlığa çıxmasına nail olacağını bildirib. Lakin Gürcüstan prokurorluğu iddia edir ki, Kiyevdən Saakaşvilli ilə bağlı hansısa sorğu daxil olmayıb.

Mixail Saakaşvilinin vətənə qayıdışı təbii ki, özünün dediyi kimi, təkcə “Gürcüstandan ötrü darıxmağı”ilə bağlı deyil, burada söhbət qlobal əhəmiyyətli missiyadan gedir. Sirr deyil ki, Cənubi Qafqazın geostrateji əhəmiyyətinin artması fonunda qlobal oyunçular regionda öz məqsədlərini həyata keçirməyə çalışırlar və bunun üçün Qafqaz respublikalarında sabit siyasi vəziyyətin qalmasında maraqlıdırlar. Gürcüstanın hazırkı hakimiyyəti isə artıq uzun müddətdir ki, siyasi sabitliklə öyünmək sevincindən məhrumdur. Son illərdə gürcüstanlı siyasətçilər ölkəni bürüyən siyasi böhranın öhdəsindən gəlməkdə acizdirlər. Hətta Avropa İttifaqının prezidenti Şarl Mişelin proseslərə müdaxiləsi və bunun üçün ittifaqın büdcəsindən vəsait ayırması da proseslərin tənzilmlənməsinə gətirib çıxarmadı.

Məhz bundan sonra “Saakaşvili planı” işə salındı. Onun dövlət strukturlarının xəbəri olmadan ölkəyə daxil olması göstərir ki, keçmiş prezidentin hələ də hakimiyyət daxilində ciddi dayaqları mövcuddur. Bunu seçki öncəsi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nüfuzlu siyasətçi, diplomat və hətta din xadimlərini dinləməsi barədə audio faylların yayılması da sübut edir. Əgər həqiqətən də, Saakaşvilinin ölkədəki siyasi vəziyyətə təsir etmək gücündə siyasi dayaqları mövcud olubsa, niyə indiyə qədər bu imkanlardan istifadə edərək, vətəninə qayıtmayıb? Məntiqli cavab odur ki, Saakaşvili qayıdışı hazırki tarixi mərhələdə ehtiyaca çevrilib və məhz bu səbəbdən keçmiş əlaqələr yenidən işə salınıb.


Saakaşvilinin Gürcüstana dönməsində əsas məqsəd onun yenidən hakimiyyətə qaytarılmasıdır və bu prosesdə Avropa İttifaqı ilə yanaşı, hətta Rusiya da maraqlı ola bilər. Avropa İttifaqının əsas marağı Cənubi Qafqazın hər üç respublikasında siyasi sabitliyi təmin etməkdir ki, regional iqtisadi layihələri uğurla icra olunsun. Bunun üçün Gürcüstanda ilk növbədə əhali arasında siyasi fəallıq artmalıdır. Diqqət etsək, Saakaşvilinin əsas çağırışlarından biri öz yaratdığı partiyanın lehinə səs vermək yox, ümumiyyətlə səsvermədə iştirak etmək idi. Eyni zamanda, artıq vətəndaş müharibəsi səviyyəsinə qalxmış iqtidar-müxalifət münasibətləri tənzimlənməli və cəmiyyətdə nisbi həmrəylik əldə olunmalıdır ki, siyasi sabitlik təmin edilsin. Bunun üçün xarizmatik liderə ehtiyac var ki, bu rolun öhdəsindən Saakaşvilli uğurla gələcək.

Nəhayət, qeyd olunmalıdır ki, tarixdə ilk dəfə Qafqazda sabitliyin qarantı sayılacaq unikal əməkdaşlıq formatı olan “3+3” formulu irəli sürülüb ki, bu, eyni zamanda Qərbi də qane edir. Lakin Gürcüstanın hazırkı hakimiyyəti ictimai etirazdan çəkindiyi üçün bu formul çərçivəsində əməkdaşlığa daxil olmaqdan ehtiyatlanır. Çünki bu format dolayı yolla Rusiya ilə əməkdaşlığı nəzərdə tutur. “Gürcü arzusu” ictimai şüurda Rusyayönümlü siyasi təşkilat kimi qavranıldığı üçün Qaribaşvilli hökumətinin istənilən rusiyayönümlü addımı ciddi etirazla qarşılanır.


Bu nöqteyi-nəzərdən, Gürcüstanı “3+3” formatına qoşmaq gücündə olan yeganə lider kəskin qərbpərəst mövqeyi ilə tanınan və Rusiya ilə münasibətləri düşmənçilik səviyyəsində olan Saakaşvilidir. Məhz Saakaşvilinin əli ilə Gürcüstanın bu formatda əməkdaşlığa daxil olmasını gürcülər satqınlıq kimi qəbul etməyəcəklər. Odur ki, bu ehtimallar real olarsa, Saakaşvilinin Gürcüstana gətirilməsinin arxasından elə Bidzina İvanişvilinin özü də çıxa bilər. Artıq belə ehtimallar səsləndirilməkdədir. Unutmaq olmaz ki, Saakaşvilinin hakimiyyətinin ilk illərində onun əsas dəstəkçilərindən biri məhz İvanişvili olub.

Tofiq Vahid
AzVision.az

Müəllifin digər yazıları:
Sammitdən qabaq Paşinyan Moskvaya niyə getmişdi - VERSİYA
İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi – TƏHLİL
Prezidentin son müsahibələrində verilən mesajlar – TƏHLİL
İran Qarabağda nə axtarır? Sadə suala böyük cavab – TƏHLİL


Teqlər: Saakaşvili   Gürcüstan   3+3  





Xəbər lenti