Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL

      Dollara tələb niyə azdır?    Müsbət və mənfi məqamlar –    TƏHLİL
  18 Oktyabr 2021    Oxunub:2538
Ölkədə xarici valyutaya tələbin azaldığı məlum faktdır. Bunu şərtləndirən əsas faktor keçən ildəki pandemiya olsa da, real olaraq vəziyyət dəyişməyib. Çünki digər amillərin və şəraitin də rolu var. Bunların sırasında ən mühümü sözsüz, neftin dünya bazarlarında baha olması ilə əlaqədardır.
“Brent” markalı neftin qiyməti bu günlərdə son 3 ildə ilk dəfə olaraq 85 ABŞ dollarına çatdı. Söhbət dekabr ayı üçün bağlanılan müqavilələrdən gedir. Buna səbəb Asiya ölkələrinin iqtisadi vəziyyətlərinin bərpa olunması prosesi, Avropa başda olmaqla demək olar, bütün dünyada qazın qiymətinin kəskin şəklidə qalxması, həmçinin OPEC+ ölkələrinin hasilatı sutkada cəmi 400 min barel artırmaq barədə qərarıdır. Qısa desəm, neft və ondan alınan yanacaq məhsulları dünyada getdikcə ən qiymətli nemətə çevrilir. Bu həm yaxşı, həm də pis haldır. Yaxşıdır - yalnız bu gün üçün, sabah isə bütün qida və sənaye məhsulları bahalaşacaqlar.

Dövlət Neft Fondu (ARDNF) tərəfindən satılan valyuta həcmi haqda açıqlanan məlumata əsasən, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 4 305 400 000 ABŞ dolları məbləğində vəsait realizə olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 304 700 000 dollar, yəni 23,3 faiz azdır. Qeyd edim ki, keçən ilin ilk 9 ayı ərzində ARDNF tərəfindən 5 610 100 000 ABŞ dolları məbləğində vəsait satılmışdı.
Təkcə sentyabr ayı ərzində Fond tərəfindən valyuta hərraclarında 565 400 000 ABŞ dolları məbləğində vəsait satılıb ki, bu, əvvəlki ayla müqayisədə 10,4 faiz çox sayılsa da, 2020-ci ilin müvafiq dövrünə nəzərən 6,8 faiz az təşkil edib.
Ümumiyyətlə, il başlanandan bəri adı çəkilən qurum tərəfindən verilən bütün anoloji açıqlamalarda xarici valyuta satışı üzrə tələbin az olduğu göstərilib. Halbuki, may ayından iqtisadi tənəzzül dayanıb. Yəni, işgüzar fəallıq bərpa olunub. Bu normal tendensiyadırmı?


Müəllifin əvvəlki yazıları:
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Yuxarıda qeyd etdim ki, neftin qiymətinin yüksək olması və ölkəyə valyuta gəlirlərinin artmasının daxildə valyutaya tələbin az olmasında rolu var. Lakin bu əslində, psixoloji olaraq belədir, başqa sözlə desəm, ölkədə neçə müddətdir panik əhval-ruhiyyə yoxdur, bu da valyutaya reallıqdan artıq tələbin yaranmasına lüzum qoymur. Ancaq iş bundadır ki, işgüzar fəallıq amili prinsipi və yaxud mənbəyi üzrə də ölkədə xarici valyutaya tələbat əslində, normal tempdə deyil. Bunu deməyə yuxarıda qeyd etdiyim ARDNF-in açıqladığı rəqəmlər əsas verir.
Belə ki, diqqət yetirsək, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 5 610 100 000 ABŞ dolları məbləğində valyuta satıldığı deyildiyi halda, cari ilin eyni dövrü üzrə bu rəqəm 1 304 700 000 dollara qədər, yəni 23,3 faiz az, - 4 305 400 000 ABŞ dolları təşkil edib.
Keçən ilin yanvar-sentyabr ayları pandemiya şəraitinin ən qızğın vaxtı sayılırdı. Demək olar, bütün iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq edilmişdi. Ölkə iqtisadiyyatı, biznes dairələri və sahibkarlar dövlət dotasiyası hesabına nəfəs alırdılar. Bütün növlər üzrə gediş-gəliş və giriş-çıxış bağlanmışdı. Həm ölkə daxilində, həm də ölkə ilə xaric arasında... Necə olur ki, belə bir fonda daxili valyuta bazarında cari ildəkinə rəğmən, 1 milyard yarım dollara yaxın çox valyuta satılıb?

Keçən il iqtisadiyyat bütövlükdə 4.3 faiz çökdü. Tənəzzül bu ilin mayına qədər davam etdi. Yalnız maydan ilkin iqtisadi artım qeydə alınmağa başlandı. Hazırda artım 4 faizə yaxındır. Xarici ticarətdə müsbət saldo hökm sürür. Dövlət büdcəsinin gəlirləri xərcləri üstələyir, neçə aylardır ardıcıl profisit müşahidə olunur və sair... Bəs, səbəb nədir ?

Ən başlıca səbəb odur ki, ölkədə müşahidə edilməkdə olan iqtisadi artım heç də bilavasitə işgüzar fəallığın artması hesabına baş vermir və intensiv deyil, məhz ekstensivin amillərin (neftin dünya bazar qiymətləri və sair) hesabınadır.

İkinci səbəb isə ondan ibarətdir ki, valyuta bazarında spekulyativ amillərin rol oynaması üçün hazırda heç bir zəmin mövcud deyil, manatın dəyəri möhkəmdir deyə, ortada hər hansı bir formada ajiotaj da yoxdur. Yəni, daxili valyuta bazarında tələbi iqtisadiyyatın real sektoru müəyyən edir.

Və nəhayət, üçüncü səbəb ondan ibarətdir ki, dövlət büdcəsinin qeyri-neft sektorundan əldə edilən gəlirləri artıb. Cari ilin I yarısının yekununa əsasən, büdcənin gəlirləri 12177,2 milyon manat proqnoza qarşı 11755,0 milyon manat icra olunub ki, bu da 3,5 faiz az deməkdir. Lakin, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin xəttilə 4342,0 ilyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat olmaqla 8,4 faiz çox deməkdir. Həmin vəsaitin 73,1 faizi, yaxud 3175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Bunun özü də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 milyon manat və ya 9,5 faiz çox təşkil edib. ARDNF dövlət büdcəsinə 4696,7 milyon manat və ya 6 aylıq proqnoza rəğmən1403,2 mln. manat (23,0 faiz) az vəsait daxil edilib. Xatırladım ki, cari ildə Neft Fondundan büdcəyə 12 milyard 200 milyon manat transfert olunmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL


Teqlər: Dollar   Manat  





Xəbər lenti