Rezidenturaya qəbul imtahanı başlayır

Rezidenturaya qəbul imtahanı başlayır
  25 Mart 2014    Oxunub:1271
Martın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
AzVision.az APA-a istinadən xəbər verir ki, rezidenturaya ərizə qəbulu fevralın 11-dən 20-dək aparılıb. Bu müddət ərzində ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə 1412 nəfər sənəd verib. Bunlardan 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür.

Rezidenturaya qəbul qaydalarına əsasən qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər keçəcəklər. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.

İmtahanda iştirak edəcək namizədlər martın 19-dan etibarən TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrdən istifadə etməklə “İmtahana buraxılış vərəqi”ni çap etməlidirlər.

Qeyd edək ki, bu vaxta kimi rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi sentyabr ayında ardıcıl şəkildə iki gün ərzində keçirilib. Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək. Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.


Teqlər:





Xəbər lenti