“Qarabağa kitabla gedək” layihəsi təqdim olunub

“Qarabağa kitabla gedək” layihəsi təqdim olunub
  10 Oktyabr 2021    Oxunub:2285
Oktyabrın 10-da Ekspo Mərkəzinin təqdimat zonasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək” adlı kitabtoplama layihəsinin təqdimatı keçirilib.
Azərbaycan Milli Kitabxanasından Azvision.az -a verilən məlumata görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun qazandığı böyük Qələbədən danışıb. K. Tahirov qeyd edib ki, bütün işğaldan azad olunan rayonlarda qalan 975 kitabxanamızın hamısının binaları tamamilə dağıdılaraq yerlə yeksan olunub, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılıb.

Mədəniyyət Nazirliyi və Milli Kitabxana dirçəlməkdə olan işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün kitab toplama kampaniyasına başlayıb. Qeyd edilib ki, Xalq yazıçısı Elçin şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim edib, daha sonra layihəyə xeyli sayda ziyalılarımız, yazıçı və şairlərimiz, nəşriyyatlarımız və bütün ölkə vətəndaşları qoşulub. Direktor onu da qeyd edib ki, Milli Kitabxananın saytında layihə haqqında məlumatlar əks olunub.

K. Tahirov bütün Azərbaycan xalqını, ziyalıları, müəllifləri, naşirləri bu kampaniyada iştiraka səsləyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birlikdə ilin əvvəlində “Qarabağa kitabla gedək” layihəsinə start verdiyini nəzərə çatdırıb. Hazırda bu aksiya çərçivəsində 55 482 kitab toplanılıb: “Bu gün biz Qarabağa həm mədəniyyətimizi, həm də ədəbiyyatımızı qaytarırıq”. O, bir daha bütün nəşriyyatlara, müəlliflərə üz tutaraq bu kampaniyada fəal iştiraka səsləyib.

Azvision.az



Teqlər:





Xəbər lenti