"Mavi" ilə "yaşıl"ın arasında: Avropada qaz böhranının iki tərəfi

   "Mavi" ilə "yaşıl"ın arasında:    Avropada qaz böhranının iki tərəfi
  10 Oktyabr 2021    Oxunub:3352
Bu həftə Avropada qazın qiymətləri fantastik dinamika nümayiş etdirərək, əvvəlcə tarixdə görünməmiş həddə - min kubmetrə görə $1936-a qalxdı, sonra isə eyni başgicəlləndirici sürətlə aşağıya yuvarlandı, hərçənd, yenidən qalxmayacağına heç bir zəmanət yoxdur. Ona görə də, bütün bunları diqqətlə və ətraflı təhlil etmək lazımdır.
Hər şeydən əvvəl, dəqiqləşdirək ki, Avropa bazarında təbii qaz “commodity” adlanan xammal sayılır, yəni birjalarda sərbəst şəkildə alınıb-satılır. Bu isə spekulyantların onun qiymətilə manipulyasiya etməsinə əla imkan yaradır. Əvvəllər qazın qiyməti neftə bağlı idi. Avropa Birliyi Qaz Bazarında “islahat” apararaq, mavi yanacağın qiymətinin neftə bağlılığını ləğv etdi və birja meydanlarının öhdəsinə buraxdı. Bu, olduqca ciddi səhv idi. Əgər qazın qiymətinin neftə bağlılığı qalsaydı, indiki həngamələrin heç biri baş verməyəcəkdi.

1900 dollara qalxan qazın fiziki həcmlərinin yox, fyüçerslərinin qiymətidir. Axı “mavi yanacağ”ın istehsal və nəqliyyat xərcləri o qədər artmayıb ki, belə bir qiymət yaransın. Düzdür, tələbat son 25 ildə ən yüksək həddə çatıb, amma bu da qazın qiymətinin 1900 dollar olması üçün kifayət deyil. Ümumiyyətlə, 1900 dollar elə qiymətdir ki, hətta varlı Avropa ölkələrində belə, insanlar o qiymətə qaz yandırmaqdansa, evlərində olan mebeli yandırıb, isinməyi daha üstün tutarlar. Müqayisə müəyyən mənada qüsurludur, amma hər halda, deyək ki, Azərbaycanda qazın qiyməti 1200 kubmetrlik limitə qədər 10 qəpik, limiti aşandan sonra 20 qəpikdir. Yəni 1000 kubmetri 200 manata düşür. Bunu 3230 manatla (1900 dollarla) müqayisə edin. Bir anlıq təsəvvür edək ki, Azərbaycanda qazın kubmetri 20 qəpik yox, 3 manat 30 qəpik olsa, nə qədər insan evində qaz yandıracaq?! Demək istədiyim odur ki, qiymətin müəyyən bir səviyyəsindən sonra əmtəə nə qədər vacib olsa da, alıcılar ondan imtina etməyə başlayırlar. Hətta qaz kimi həyati əhəmiyyət daşıyan əmtəədən belə! Ona görə də, Avropa ölkələrinin çoxunda media artıq insanlara qazı minimum istehlak etməklə yaşamağın yolları haqqında xüsusi məsləhətlər verməyə başlayıb.
Avropada “qaz böhranı”: Niyə yarandı, nə ilə bitəcək – Ekspert

Bu acı təcrübə ilk növbədə Avropadakı ultraliberal bazar nəzəriyyələrilə bağlı suallar doğurur. Tutaq ki, spekulyantlar birjada qaz fyüçerslərinin qiymətini uzun müddət 2000 dollar ətrafında saxlamağa nail olsalar (bu, tamamilə mümkündür), əhali nə etməlidir?! Donub ölməlidirmi?! Avropanın bu “azad bazar” mexanizminə baxanda etiraf etmək lazım gəlir ki, qazın qiymətinin Azərbaycandakı kimi tənzimlənməsi əslində daha doğru və sivil, üstəlik, sosial ədalətli metoddur. Tarif Şurasını nə qədər tənqid etsək belə! Ona görə də, Avropa öz qaz bazarının işləmə mexanizmlərinə ciddi şəkildə yenidən baxmalıdır. Düşünürəm ki, mütləq baxacaq da!


İkincisi, qaza tələbatın təklifi ciddi üstələməsinin səbəblərinə baxmaq lazımdır, amma Qərb mediasının etdiyi kimi yox – Putini ortaya qatmadan. Hətta “Şimal Axını-2” kəmərinə qaz vurulandan sonra da fyüçerslər 20% bahalaşmışdı. Bu, onu göstərir ki, məsələ Rusiyada deyil. Geniş mənada heç Çində də deyil. Yenə də məsuliyyət əvvəlcə spekulyantların, sonra yanlış enerji siyasəti yürüdən rəhbərlərin üzərinə düşür. Putin bir məsələdə tamamilə haqlı idi ki, alternativ energetikaya tədricən, yavaş-yavaş keçmək lazımdır. Bunu Avropadakı sayaq arqressiv şəkildə edəndə, ideologiya səviyyəsinə qaldırıb, Qreta Tunberq kimi kukla oynatmalı olan uşağı Avropa liderlərinin üstünə salanda belə də olmalı idi. İqtisadiyyat ideologiyanı sevmir, o, dəqiq elimdir, dəqiq qanunları var.

OPEK-in baş katibi Məhəmməd Barkindo “Energy Intelligence” forumunda alternativ energetikaya keçidin mahiyyətinin təhrif olunduğunu deyəndə tamamilə haqlı idi. Çox vaxt elmi yanaşma və faktlar yanlış təqdim olunaraq, belə təəssürat yaradılır ki, sanki günü bu gün bəşəriyyət karbohidratları yandırmaqdan əl çəkərək, “yaşıl” eraya adlaya bilər. Əlbəttə, biz istəyərdik belə olsun, amma belə deyil axı! Və evlərimizdə donmaq istəmiriksə, çəhrayı eynəkləri çıxarmaq vaxtıdır.

Avropa kömürlə işləyən elektrik stansiyalarını bağlamağa tələsdi. 2011-ci ildən başlayaraq, atom, sonra qaz elektrik stansiyalarını da ixtisara salmağa başladı. Halbuki, reallıq nə deyir? Bəli, alternativ energetikanın gələcəyi var, amma o gələcək bizə göstərildiyi qədər yaxında deyil. Ciddi ekspertlərin hesablamaları göstərir ki, indiki templə inkişaf edərsə, 20-25 ildən sonra alternativ energetika bəşəriyyətə lazım olan gücün təxminən 25-30%-ni verəcək. Başqa araşdırmaya görə, 2035-ci ildə dünyanın enerji balansında alternativ mənbələrin payı təxminən 16%, ənənəvi mənbələr (neft, qaz, kömür) 74% proqnozlaşdırılır. Qalan 7% və 3% atom ilə hidroenerjinin payına düşürlər.
Fakt odur ki, alternativ energetikanın real imkanları bizə xeyli şişirdilmiş təqdim olunur. Bəli, bu sahədə elmi araşdırmalar davam edir, böyük investisiyalar qoyulur və istisna deyil ki, bu gedişlə yaxın gələcəkdə yeni texnologiyalar kəşf oluna, o zaman “yaşıl” energetika real alternativə çevrilə bilər. Hələlik isə realist olmaq lazımdır.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor


Teqlər:   Qaz   Avropa  





Xəbər lenti