“Möhtəşəm 44”-ün 6-cısı: Düşmən dabanına tüpürüb!

      “Möhtəşəm 44”-ün 6-cısı:    Düşmən dabanına tüpürüb!
  02 Oktyabr 2021    Oxunub:2476
Vətən Müharibəmizin 6-cı günü "Qarabağ" klubunun Avropa Liqasının “play-off” mərhələsində Polşada "Legiya" üzərində qazandığı 3:0 hesablı qələbəni əsgər salamı ilə qeyd etməsilə başladı. “Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirik",- demişdi baş məşqçi Qurban Qurbanov. Simvolik jest sanki o günlərdə hamımızın əsgər olduğunu bütün Avropaya car çəkirdi.

Doğrudan da, hərə öz cəbhəsində döyüşürdü. Məsələn, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə sentyabrın 27-dən başlayaraq, açıq ermənipərəst mövqe ortaya qoyan “The Guardian” qəzetinə məktub ünvanlamışdı .


Fransadakı soydaşlarımız küçələrə erməni təcavüzünü əks etdirən plakatlar yapışdırmışdılar.


Amma əlbəttə ki, düşmənə əsas zərbələri Şanlı Əsgərimiz endirirdi. Gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatları nəticəsində Madagiz ətrafındakı hakim yüksəkliklər azad olunur. Murov dağı istiqamətində əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altına alınır. Cəbrayıl-Füzuli istiqamətində Ordumuz düşmənin müqavimətini qıraraq, irəliləyir. Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilmişdi.

Yayılan xəbərlərə görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən könüllülər qorxaraq, müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Azərbaycan Müdafiə Nazriliyi dediklərini faktlarla təsdiqləyərək, düşmənin məhv edilməsinin görüntülərini yayır.


Əsgərimizin qarşısında duruş gətirə bilməyən ermənilər xaincəsinə dinc əhaliyə atəş açmaqda davam edirdilər. Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.
Fransanın "Le Monde" nəşrinin Dağlıq Qarabağdakı bombardman zamanı zərər çəkən jurnalisti və fotoqrafı məsələsini şişirtməyə çalışan rəsmi Parisə Bakıdan sərrast cavab verilir: “Fransız jurnalistlər Azərbaycan hakimiyyətinə xəbər vermədən Qarabağdakı separatçı rejimin olduğu ərazidə qalıblar. Bu ərazilərdə hazırda aktiv döyüşlər gedir, atəş davam edir.
Müharibənin 19-cu günü: Azad olunan ərazilərin coğrafiyası genişlənir
Fransa media nümayəndələri Ermənistan tərəfinin təşəbbüsü ilə Dağlıq Qarabağda olduğu üçün bu hadisələrə görə Azərbaycan heç bir halda məsuliyyət daşımır. Qarabağ və işğal olunmuş digə ərazilərdə baş verən hadisələri işıqlandırmağa qərar verən xarici KİV nümayəndələri mütləq bu barədə Azərbaycanı xəbərdar etməlidir”.
Bu sözlər əslində təkcə fransızlara yox, bütün ermənipərəstlərə ünvanlanmışdı.

…Günorta saatlarında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi müharibənin ilk dörd günü ərzində Ermənistanın iqtisadiyyatına dəyən zərər barədə məlumatı açıqlayır : 1 milyard 200 milyon ABŞ dollar. Bu, Ermənistanın iki illik hərbi büdcəsi demək idi. Cəmi 4 günə!..

Buna baxmayaraq, ermənilər “feyk” yaymaqla təsəlli tapmağa çalışırdılar. Bu xəbərlərə hətta o vaxt da kimsə inanmırdı, indi isə ümumiyyətlə, gülməli görünürlər. İnformasiya müharibəsindəki bu gedişlərin qarşısı Azərbaycan tərəfindən dərhal alınır, yalanlar ifşa olunurdu.




Ermənilərin ən gülünc yalanlarından biri guya İrəvan üzərində Azərbaycana məxsus dronların vurulması idi. Lakin tezliklə, bu “fotoşop” əməliyyatının da üstü açılır.
- Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur. Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Belə olan halda onların da təhlükəsizliyi təmin oluna bilər,- deyə, Prezidentinin köməkçisi Hikmət Hacıyev hadisəni şərh edərkən söyləmişdi. O, həmçinin bildirir ki, çətin şəraitə baxmayaraq, Ordumuz addım-addım irəliləyir:
- Ermənilər 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurublar. Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır. Lakin əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Biz onlarla fəxr edirik!

Sosial şəbəkədə həmin günün ən maraqlı hadisəsi Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının açıqladığı “Artıq düşmən cəbhəyə qadınlarını göndərir” xəbərinə verilən reaksiyalar idi: “Gözləyirik!”, “MAXE-lərin gözü yoldadır”…

Həmin gün yayılan başqa bir xəbərdən aydın olurdu ki, artıq ermənilər “asta qaçan namərddir” rejiminə kökləniblər. Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun komanda birliyinin döyüş bayrağı ələ keçirilir.


"Döyüş bayrağı hər bir hərbi hissənin şərəf və qeyrət rəmzidir. Bu bayraq aid olduğu hərbi hissə ilə birlikdə döyüş əməliyyatları bölgəsində olmalıdır. Hərbi hissənin bütün şəxsi heyəti döyüş bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun ələ keçirilməsinə yol verməməlidir. Döyüş bayrağı itirildikdə onun məxsus olduğu hərbi hissə ləğv edilməlidir".


Ordumuzun döyüş meydanındakı hücumları Ali Baş Komandanın diplomatiya müstəvisindəki fəaliyyətilə tamamlanırdı. Həmin gün o, “Əl-Cəzirə” televiziya kanalına müsahibə verir.
- Paşinyan dünya liderlərinə dəfələrlə zəng vurub, Azərbaycandan şikayət edəndə, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan, - deyə cənab Əliyev bildirir, - Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq.


“Əl-Cəzirə” müxbirinin suallarından biri də Ermənistanın irəli sürdüyü və bugünə qədər də əl çəkmədiyi feyk iddia – guya Azərbaycana xaricdən döyüşçülərin gətirilməsilə bağlı idi.
- Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus “F-16”nın onların “Su-25”ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb, - deyən dövlət başçımız Fransa Prezidentinin bir gün əvvəl verdiyi bəyanata da toxunur: “O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur”.

Azərbaycanın diplomatik mübarizəsi qardaş Türkiyənin aktiv dəstəyilə davam edirdi. “Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək” – bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deymişdi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında bildirmişdi ki, beynəlxalq birlik münaqişə ilə bağlı nəsə etmək istəyirsə, Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxarsın. Həmin günlərdə Qardaş Ölkədən gördüyümüz bu qətiyyətli dəstəyin bizim üçün mənəvi-psixoloji önəmi sonsuz idi…

Günün axırına doğru Müdafiə Nazirliyimiz düşmənin idarəetmə məntəqəsinin üzərindəki Ermənistan bayrağı və qondarma rejimin əski parçası ilə birlikdə göyə sovurulmasının görüntülərini yayır. Digər videoda isə düşmən ordusunun döyüş meydanında atıb qaçdığı silah-sursat, sənəd və müxtəlif avadanlıqların ələ keçirildiyini görürük. Bəli, artıq şübhə ola bilməzdi: Düşmən dabanına tüpürüb.


Gecə keçirdiyi ənənəvi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev gün ərzində düşmənin Tərtərə 2 mindən çox mərmi atdığını açıqlayır. Aydın idi ki, Ermənistan döyüş meydanındakı uğursuzluğunun əvəzini dinc əhalidən çıxmağa çalışır. Amma bu, cəbhə zonasında yaşayan mərd və mətanətli Azərbaycan övladlarının heç vecinə də deyildi. Onlar da hamımız kimi, Əsgərimizin düşməni necə əzdiyini müşahidə edirdilər. Gecədən xeyli keçmiş Ordumuzun məhv etdiyi erməni hərbçilərinin siyahısı hər şeyi ortaya qoyurdu.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: 44-Gün   Vətən-Müharibəsi  





Xəbər lenti