Daşkənddə “Azərbaycan kino günləri” başladı – FOTOLAR
Açılışa Azərbaycan nümayəndə heyətinin üzvləri - Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” studiyasının direktoru Fariz Əhmədov, “Baku Media Center”in icraçı direktoru Orman Əliyev, “UNEC TF” Fondunun departament müdiri Ellada Əliyeva, Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, rejissor Afaq Yusifli və digərləri qatılıb.
Əvvəl Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və iştirakçılar Ulu Öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri düzüb. O, mərasim iştiraçılarını salamlayıb, bu münasibətlə festivala qatılanları təbrik edib. Səfir uzun illərdən bəri Azərbaycan kinosunun şərəfli bir yol keçdiyini, dünya kino tarixinə qiymətli sənət əsərləri bəxş etdiyini bildirib.
O deyib ki, Azərbaycan kinematoqrafçıları son 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız haqqında müxtəlif sənədli və bədii filmlər çəkib və 44 günlük Vətən Müharibəsindən sonra bu iş daha sürətlə davam edir.
- Biz torpaqlarımızı erməni işğalından azad etdik. Bu haqda çoxlu sənədli və bədii filmlər çəkilməli, dünyada yayılmalıdır. Bu gün burada da belə filmlərdən biri nümayiş etdiriləcək,- səfir deyib.
Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışan səfir vurğulayıb ki, tanınmış Azərbaycan kinorejissoru, Xalq artisti Tofiq Tağızadə vaxtilə “Görüş” adlı film çəkib və bu əsər Azərbaycan-özbək dostluğunun bariz nümunəsidir.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov “İpək yolu dürdanəsi” festivalında Azərbaycandan böyük nümayəndə heyətinin təmsil edilməsindən məmnun olduğunu deyərək, bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsini arzulayıb.
Rüfət Həsənov bildirib ki, zaman-zaman Azərbaycan rejissorları və artistləri Özbəkistanda, özbək kinematoqrafçıları isə Azərbaycanda birgə film çəkilişlərində iştirak ediblər. Məşhur “Nəsimi” filminin bəzi kadrları, o cümlədən Nəsiminin edam edilməsi səhnəsi Özbəkistanda, Xivədə çəkilib.
R.Həsənov əmin olduğunu bildirib ki, kinematoqrafçılarımız bundan sonra da daha yaxından əməkdaşlıq edəcək, birgə yeni-yeni filmlər yaradacaq. O deyib ki, indiki festivalda Azərbaycan kinematoqrafçılarının filmləri Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.
“Uzavtosanoat” Səhimdar Cəmiyyəti idarə heyəti sədrinin müşaviri Zumrad Şadjalilova qonaqları salamlayıb, ölkələrimiz arasında belə mədəni tədbirlərin müntəzəm olaraq keçirilməsi vacibliyindən danışıb.
Sonra rejissor Orman Əliyevin 44 günlük Vətən müharibəsindən bəhs edən “Biz” sənədli filmi nümayiş etdirilib.
Teqlər: Kino Özbəkistan