Baydenin BMT-də ilk çıxışı: Dünyaya hansı mesajlar verildi - TƏHLİL

  Baydenin BMT-də ilk çıxışı:  Dünyaya hansı mesajlar verildi -  TƏHLİL
  23 Sentyabr 2021    Oxunub:2355
Hər ilin sentyabr-oktyabr aylarında keçirilən BMT Baş Assambleyasının toplantılarında adətən qlobal əhəmiyyətə malik məsələlər ətrafında müzakirələr aparılır. Budəfəki 76-cı toplantının əsas mövzularını BMT-nin Baş katibi Anntonio Qutteriş müzakirələrin ilk günündə açıqlamışdı: Böhranlar, pandemiya, qlobal iqlim dəyişiklikləri və davam edən münaqişələr.
BMT-nin baş katibi çıxışında əsas problem kimi, vaksinlərin qeyri-bərabər paylanması, nəticədə bəzi ölkələrin vaksin çatışmazlığı ilə üzləşdiyi halda, bəzilərinin vaksinin artıqlığından şikayət etdiyini bildirib. Varlı ölkələrin vətəndaşlarının əksəriyyətinin peyvənd olunuduğu halda, afrikalıların 90 faizinin hələ də birinci dozanı gözlədiyini deyən baş katib, bu vəziyyətin qəbuledilməz olduğunu bildirib və əlavə edib ki, “Biz elm üzrə imtahanı uğurla verdik, ancaq etikadan 2 alırıq”.
Qutteriş bütün dünya əhalisinin vaksinlənməsi üçün qlobal peyvəndlənmə planının hazırlanmasını və beynəlxalq təşkilatların nümayəndələrindən formalaşdırılmış qrupun həmin planın icrasını reallaşdırmasını təklif edib.

İqlim dəyişiklikləri ilə bağlı vəziyyətin stabilləşməsi üçün 2030-cu ilə kimi parnik qazlarının həcminin 45 faiz azaldılması lazımdir, lakin milli iqtisadiyyatların ümumi təhlili həmin tarixə qədər əksinə, 16 faiz artacağını göstərir. Nəticədə havanın tempraturunun yol verilən 1.5 dərəcə deyil, 2,7 dərəcə artacağı proqnozlaşdırılır. Baş katib bu qlobal problemin həlli üçün ilk növbədə tullantıların azaldılması, iqlim dəyişikliklərinə uyğunlaşma üzrə tədbirlərin həyata keçirilməsi və kasıb ölkələrdə “yaşıl iqtisadiyyat”ın maliyyələşdirilməsində görür.
Mövcud münaqişələr mövzusuna toxunan Qutteriş, bir tərəfdə ABŞ, digər tərəfdə isə Çinin dayandığı ikiqütblü dünyanın formalaşmasının təhlükəli olacağını açıq şəkildə vurğulayıb. “Hadisələrin bu tip gedişatı “soyuq müharibə”dən daha təhlükəli və gözlənilməz hadisələrlə nəticələnə bilər”,- baş katib bildirib.

Qeyd etmək lazımdır ki, Baş Assambleyada keçirilən müzakirələr ilk növbədə qlobal problemlərin həllinə hesablansa da, ayrı-ayrı dövlətlərin nümayəndələri bu müstəvidən öz maraqları naminə ikitərəfli və çoxtərəfli münasibətlərin həlli üçün istifadə edirlər. Doğrudur, liderlər çıxışlarında qlobal problem kimi göstərilən iqlim dəyişiklikləri və pandemiya məsələlərinə toxunsalar da, bu məsələlərə milli maraqlar kontekstindən yanaşırlar. Bununla belə, bir sıra dövlət rəhbərlərinin çıxışından qlobal dünya düzəninin gələcək gedişatı və geosiyasi, həmçinin regional məsələlərlə bağlı müəyyən proqnozların irəli sürülməsi mümkündür. Bu mənada ABŞ prezidenti Baydenin çıxışı xüsusilə maraq doğurur.

Baydenin ABŞ prezidenti qismində BMT tribunasındakı ilk çıxışını əslində Ağ Ev administrasiyasının xarici siysətində izləyəcəyi proqramın mətni kimi də qəbul etmək olar. Və bu proqram əslində demokratların əvvəlki nümayəndəsi, keçmiş prezident Barak Obamanın izlədiyi xarici siyasətlə eynidir desək, yanılmarıq. Baydenin çıxışının əsas şüarı kimi isə Əfqanıstandan Amerika silahlılarının çıxarılmasının Vaşinqtonun bundan sonra ümumiyyətlə hərbi münaqişələrə qoşulmayacağını simvolizə etdiyini qəbul etmək olar.

Doğrudur, Ağ Evin rəhbəri ehtiyac yaranacağı təqdirdə hərbi gücə əl atacaqlarını inkar etməsə də, əsas etibarilə problemlərin həlli üçün diplomatiyaya üstünlük verəcəyini vurğulayıb. Bu nöqteyi-nəzərdən İranın nüvə proqramı məsələsinin də danışıqlar yolu ilə həllinə tərəfdar çıxdığını deyən ABŞ prezidenti, 2015-ci ildə Tehranla imzalanmış razılaşmanı dəstəklədiyini gizlətməyib.

Belorusda hakimiyyət əleyhinə baş qaldıran mitinqlər və Moldovada keçirilən seçkilərin nəticələrini xatırladan Bayden xalqların demokratiyaya can atmasını yüksək qiymətləndirdiyini bildirib. Bu baxımdan belə qənaətə gəlmək olar ki, Vaşinqtonun Rusiya da daxil olmaqla, postsovet respublikalarında “demokratikləşmə” prosesinə dəstək vermək adı altında “məxməri inqilab” ssenarilərini işə salacağı mümkündür.
Bayden “Biz yeni “soyuq müharibə”yə, yaxud, bloklara parçalanmış dünyaya can atmiriq” desə də, hər hansı güclü dövlətin iqtisadi, hərbi, texnoloji üstünlüyü və dezinformasiya vasitəsi ilə özündən zəif ölkə üzərində dominatlığına, öz sərhədlərini həmin ölkələrin əraziləri hesabına genişləndirməsinə imkan verməyəcəyini vurğulamağı da unutmadı. Burada ilk növbədə söhbətin təbii ki, Rusiyanın Ukrayna və Belorusa yönəlik siyasətindən getdiyi aydındır. Və ehtimal etmək olar ki, Amerikanın xarici siyasətində prioritet məsələlərdən biri bu dövlətlərin Rusiyanın təsirindən çıxarılması olacaq.

Tofiq Vahid
Azvision.az



Teqlər: Bayden   BMT  





Xəbər lenti