“Davalı kinolar” və davalı həyat...

  11 Fevral 2013    Oxunub : 4653
“Davalı kinolar” və davalı həyat...
Füzuli Sabiroğlu

Uşaqlıqdan hərbi uniformanın vurğunuydum. Kolleksiyamda bütün fəsillərə uyğun əsgər papaqları, müxtəlif döş nişanları, kəmərlər varıydı. Qəzetlərdən, jurnallardan kəsdiyim əsgər şəkillərindən qalın bir albom düzəltmişdim. Bu yaşdakı bütün uşaqlar kimi davalı kinolar mənim də hobbim idi. Televizorda, kəndin klubunda göstərilən bir dənə də filmi buraxmırdım.
Yəqin ki, elə hərbi geyimlərə məhəbbət də buradan yaranmışdı. “Geriyə yol yoxdur”, “Sakit üfüqlərdə”, “Döyüşə qocalar gedir”, “Dörd tankçı”, “Əsgər haqqında ballada”, “Torağay”, “Oderdə bahar”, “Zabitlər”, “Get və bax” filmlərinə, “Azadlıq” kinoepopeyasına, “Baharın 17 anı” teleserialına və onlarla belə filmlərin hər birinə neçə dəfə baxdığımı indi xatırlaya bilmirəm. Yaşıdlarımla hər dəfə bu filmlərə baxandan sonra özümüzü gah mayor Toporkov, gah Vanya Solntsev, gah da qəhrəman tankçı İvan obrazında görərdik. Böyüklərlə aramızda ciddi problem yaratsa da məhəllədəki evlər, küçələr, bağlar və əkin yerləri döyüş meydanına çevrilərdi. Düzünü desəm, həmişə də bu “əməliyyat planları”nın əsas müəllifi mən olurdum və “fövqəladə” bir hadisə baş verəndə əsas günahkarı axtarmaq lazım gəlmirdi. Hər dəfə “partizan mətanəti”ylə bütün danlaqlara sinə gərirdim.
Bir dəfə anamla mənə ayaqqabı almaq üçün rayon mərkəzindəki ”Uşaq Aləmi” mağazasına getmişdik. Elə mağazaya girən kimi gördüyüm mənzərə məni sanki sehrlədi. Qapı ilə üzbəüz ən yuxarıdakı rəfdə oyuncaq bir avtomat qoyulmuşdu. Bu əsl “Şpaqin” avtomatıydı. Müharibə kinolarındakı sovet əsgərlərinin əsas silahı. Anam ayaqqabı satılan bölməyə keçmişdi. Mən isə tilsimlənmiş kimi gözümü avtomatdan çəkə bilmirdim. Cəmi 2 manat 50 qəpiyə... Erməni satıcı mənim baxışlarımı tutdu, avtomatı əlinə götürüb mənə tərəf tuşladı və bir neçə dəfə tətiyi çəkdi. Dalbadal üç dəfə partıltı eşidildi. Ətrafı yanmış kükürd qoxusu bürüdü. Bu avtomatın mənə alınmasını ağlıma belə gətirə bilməzdim. Çünki, valideynlərim mənim “dava-dava” oyunlarımdan onsuz da boğaza yığılmışdılar. Yalnız gözlərimi yumub bu ətri sinə dolusu ciyərlərimə çəkməklə kifayətləndim. Bir anlığa özümü bu avtomat əlimdə məhləmizdə “döyüş meydanında” hiss elədim. Anamın səsi məni xəyaldan ayırdı. Mənim üçün seçdiyi ayaqqabını yoxlamağa çağırırdı. Ayaqqabının pulunu verib çıxanda mağazanın qapısının ağzında bir də dönüb həsrətlə avtomata baxdım. Satıcının gözü yenə də məndəydi. Baxdığımı görüb başını buladı və istehzayla gülümsədi.

Aradan bir il keçdi...

Mağazada gördüyüm o oyuncaq avtomat gözümün qabağından getmirdi. Artıq məftildən və ağacdan düzəltdiyimiz “tüfənglərlə” oynamaq o qədər də ləzzət eləmirdi.
Payız aylarıydı. Bir bazar günü anam mənə dedi ki, işi çox olduğundan rayon mərkəzinə bazara gedə bilməyəcək, artıq böyük oğlanam və qonşu arvadla alış-verişə mən getməliyəm. Həyətimizdəki beçələrdən birini tutub ayağını bağladı və həsir səbətə qoydu. Dönə-dönə beçəni 5 manatdan aşağı satmamağı tapşırdı və bu pula alacağım şeyləri sadaladı.
Rayon mərkəzində bazarın içərisi tünlük olduğundan, çöldə, hasarın dibində toyuq və yumurta satanların cərgəsində özümüzə yer eləyib müştəri gözləməyə başladıq. “Uşaq Aləmi” mağazası bizim dayandığımız yerlə üzbəüz, yolun o biri tərəfindəydi. Burnuma yanmış kükürd qoxusu gəlirdi. Baxışlarım mağazanın qapısına kilidlənib qalmışdı. Özümü kinolardakı kimi əlimdə avtomat döyüş meydanında hiss eləyirdim. Qarşımda dayanan ortayaşlı yekəpər erməninin səsi məni ağlı-qaralı xəyallarımdan ayırdı. Beçənin qiymətini soruşurdu (Göyçədə azərbaycanlı əhali əksəriyyət təşkil elədiyindən ümumi ünsiyyət vasitəsi ata-babadan azərbaycan dili, ermənilərin təbirilə, desək türk diliydi). “5 manat” cavabını eşidən kimi kişi yağlı dilini işə saldı ki, ay balam bu balaca cücədi, özü də deyəsən xəstədi. Sən bunu heç qaytarıb evinizə də apara bilməyəcəksən. Yoldaca öləcək. Gəl 3 manat verim. Bir səbətin içində ləhləyən beçəyə, bir də yolun o üzündəki mağazaya baxdım. Beçəni səbətdən götürüb erməniyə uzatdım. Əclaf deyəsən heç bunu gözləmirdi də. Bic-bic qımışıb tələsik cibindən çıxardığı bir topa pulun içindən yaşıl bir “üçlük” götürdü və mənə uzadıb tələsik uzaqlaşdı. Qonşu arvadın başı yumurtalara qarışmışdı. Deyəsən məni ümumiyyətlə, yaddan çıxartmışdı.
Mağazaya girən kimi arxayınlıqla dərindən bir nəfəs aldım. Oyuncaq avtomat 1 il əvvəlki yerində necə qoyulmuşdu, eləcə də dururdu. Ovcumda sıxdığım 3 manatı satıcıya uzadıb avtomatı göstərdim. Satıcı yəqin ki, məni xatırlamırdı. Əvvəl duruxdu, sonra əlini uzadıb rəfdəki avtomatı götürüb mənə verdi. Hər şeyi unutmuşdum. Anamın tapşırıqları, elədiyim özbaşınalığa görə evdə məni hansı cəzanın gözləməsi... Heç nə vecimə deyildi. Avtomatı götürüb, şəstlə davalı kinolarda olduğu kimi boynumdan asdım. Qapıya tərəf gedəndə arxadan satıcı və onun yanında dayanmış iki erməninin bir-birinə nəsə deyib, ucadan güldüklərini eşitdim. Erməni dilini başa düşməsəm də “türk” və “avtomat” sözlərindən söhbətin məndən getdiyini anladım.
Anam tapşırdığı şeyləri həmin gün qonşu arvad deyinə-deyinə satdığı yumurtaların pulunnan almalı oldu. Kəndimizə gedən avtobusa minəndə sanki ayıldım. Evdə anamın, atamın üzünə necə baxacağımı, nə cavab verəcəyimi bilmirdim. Ancaq gözlədiyimin əksinə, anam mənə heç nə demədi. Eləcə gözünün ucunnan boynumdan asdığım avtomata baxdı və köks ötürüb, başını buladı. Mən fikirləşirdim ki, yəqin məhkəmə axşam atam evə gələndən sonra qurulacaq. O da olmadı. Atam üzümə baxmadan bircə kəlmə dedi ki, “daha yekə oğlansan, 14 yaşın var, bir az gözüaçıq ol”. Vəssalam. Həmin axşam atamın da, anamın da üzündə narahatçılıq dolu qəribə bir kədər varıydı. Həm də elə bil bir-birindən nəyə görəsə utanırdılar.
Mən bunun səbəbini sabahısı gün - dərsdən evə dönəndən sonra anladım. Həmin gün dərslərin necə keçdiyindən xəbərim olmadı. Nə qədər çətin olsa da bütün günü özümü saxlayıb məhləmizin uşaqlarına da bir söz deməmişdim. Evə qayıdandan sonra məhlənin doqqazında başımda əsgər pilotkam, əlimdə avtomatım onların qarşısına çıxanda dostlarımdan hansının nə vəziyyətə düşəcəyini təsəvvürümə gətirdikcə daha da həyacanlanırdım.
Ancaq mən gözlədiyim kimi olmadı. Uşaqlar avtomata çox maraqla tamaşa eləsələr də, onların üzündə-gözündə gözündə nə həsəd, nə təəccüb - ümumiyyətlə, mən gözlədiyim reaksiyaların heç birini görmədim. Özüm də bilmədim nəyə görə isə utana-utana - “Başlayaq?” dedim. Uşaqların üzündəki istehzaqarışıq təəccüb ifadəsi hələ də gözlərimin qabağındadı. Mənimlə bir sinifdə oxuyan Elman gülə-gülə: “Nə danışırsan uşaq-zadıq? “Dava-dava” oynayan vaxtımızdı?” dedi.
Birdən-birə mən sanki yoldaşlarımın üzünü uzun illər sonra yenidən gördüm. Hamısının sifət cizgiləri kişiləşmiş, bığ yerləri tərləməyə başlamışdı.
Bir əlimdə oyuncaq avtomatım, bir əlimdə pilotkam başı aşağı evə qayıdırdım. Qəribədir ki, bu oyuncaq avtomat da, əsgər pilotkası da indi mənə çox mənasız görünürdü. Evimizin sonbeşiyi kiçik qardaşım Tofiq həyətdəki kötüyün üstündə oturub alüminium məftildən özünə araba düzəldirdi. Avtomatı da, pilotkanı da onun qucağına qoyub evə keçdim.
Şüşəbənddəki güzgünün qabağına keçdim və yerimdə donub qaldım. Bu, mən deyildim. Güzgüdən məndən də, hətta sinif yoldaşlarımdan da yaşca böyük yeniyetmə bir gənc baxırdı. Həmin anda atamın və anamın axşam niyə mənə belə kədərlə baxdıqlarını anladım.
Anamın gözlərindəki o narahatçılıq dolu kədəri bir də 15 il sonra gördüm.
1993-cü ilin payızıydı. Sumqayıt şəhər Hərbi komissarlığının ehtiyatda olan zabitlər şöbəsinə iki həftə ayaq döyəndən sonra, nəhayət ki, məni şəhər ətrafındakı hərbi hissəyə göndərdilər (Qəribəydi ki, camaatı küçədən, iş yerindən tutub hərbi hissələrə göndərdikləri halda, məni müxtəlif bəhanələrlə get-gələ salırdılar). Elə hərbi hissəyə gəldiyim gün mənə forma verdilər və bildirdilər ki, sabah səhər tezdən gəlib komandiri olduğum taqımı qəbul eləyim. Uzağı bir həftəyə yeni təşkil olunmuş tabor cəbhə bölgəsinə yola düşməliydi. Tabor 3 aydır ki, sürətləndirilmiş proqramla hərbi təlim keçən əsgərlərdən təşkil olunmuşdu.
İçimdə həyacan qarışıq bir sevinc hissi varıydı. Elə bil illər uzunu ürəyimdə gəzdirdiyim ən böyük arzuma çatmışdım. Evə çatanda anam da, yoldaşım da məni hərbi formada görüb özlərini itirdilər. Elə bil ikisinin də başından bir qazan soyuq su tökmüşdülər. Sevinən ancaq 3 yaşlı Samir və 2 yaşlı Seymuruydu. Uşaqlarım sevinclərindən atılıb-düşür, min oyundan çıxırdılar. Yoldaşım danışmasa da, gözlərindən yaş süzülürdü. Mən onları sakitləşdirmək üçün söz tapa bilmirdim. Gülə-gülə ayağa durdum: “Necədi? Yaraşır?”,- soruşdum. Anam ağlamsına-ağlamsına: “Allah məni öldürsün. Necə də sevinir, elə bil bəylik paltarı geyinib”,- dedi. Onun dolmuş gözlərində 15 il əvvəlki narahatçılıq dolu kədər varıydı. Amma bu dəfə daha dərin, daha ağır... Yoldaşım isə gözlərindən yaş süzülə-süzülə xeyli baxdı və titrəyən səslə: “Bir az əyninə böyükdü. Çıxar, yanlarından yığım”,- dedi.
...Hərbi hissədən dedikləri kimi də oldu. Düz 6 gündən sonra günorta tabor komandiri zabitləri toplayıb bu gün axşam evə getməməyi tapşırdı. Bizi Füzuli isiqamətinə göndərirdilər. Cəbhənin bu hissəsində vəziyyət daha ağır idi. Ermənilər yaydan başlayaraq bir-birinin ardınca Qubadlı, Cəbrayıl, ZəngilanFüzuli rayonlarını işğal eləyib, Beyləqan rayonuna qədər gəlib çıxmışdılar. Ancaq bir ay əvvəl Beyləqan ətrafında qoşunlarımız onların qabağını saxlaya bilmişdilər. Burada ciddi itki verən düşmən artıq geriyə çəkilməyə başlamışdı.
Uzaqdan gələn güllə səsləri, mərmi partlamaları mənə davalı kinoların fon səslərini xatırladırdı. Elə bil kimsə televizorun səsni sona qədər qaldırıb kinoya baxırdı. Qəribə bir uşaq marağıyla mən də baxmaq istəyirdim o filmə. Həmin axşam tabora döyüş hazırlığı əmri verildi. Gecə yarısı cəbhə xəttinə yola düşməliydik. Düşmən duyuq düşməsin deyə gecə hərəkət edən və təyin olunmuş yerə səhərə yaxın çatan əsgərlər növbəti əmr gələnə qədər daldalanmaq və dincəlmək üçün iki gün əvvəl azad olunmuş kəndin təhlükəsiz yerlərində yerləşdirildilər. Bizim tabor xüsusi təlim keçmiş hücum təyinatlı hərbi birliyə daxil olduğundan qarşısına düşmənin möhkəmləndirilmiş ön mövqelərini bir neçə yerdən yarmaq və arxadan gələn başqa hərbi hissələr üçün daha geniş əməliyyatlar üçün şərait yaratmaq idi. Günorta tabor komandiri döyüş tapşırığını yerində izah etmək üçün bütün zabit və gizirləri ön xəttə apardı. Cəbhənin həmin hissəsində müntəzəm döyüş aparan hərbi hissənin üz-gözündən yorğunluq və yuxusuzluq tökülən komandiri vəziyyəti ətraflı izah elədikdən sonra, biz bir neçə saat mövqelərdə qalıb ətrafı diqqətlə öyrəndik. Ermənilər müqavimətin mənasız olduğunu anlayır, pərakəndə şəkildə geri çəkilərək Arayatılı kəndində toplaşmış əsgərlərinin mümkün qədər itkisiz geriyə çəkilməsi üçün vaxt qazanmaq istəyirdilər. Düşmən tərəfdə sakitlik idi. Görünür, bizimkilərin belə tezliklə hücuma keçəcəyini gözləmirdilər.
Bizim bölük dəmir yolu xəttinin sağında və solunda mövqe tutub hücum əmri gözləyirdi. Səhərə yaxın əmr verildi. Göyün üzü tutqun olduğundan göz-gözü görmürdü. Düşməni duyuq salmamaq üçün əsgərlər təlimdə dəfələrlə məşq edib öyrəndikləri kimi asta və ehtiyatlı addımlarla irəliləyirdlər. Yolun yarısında uzanmaq və sürünərək irəliləmək əmri verildi. Bayaq hücum əmri veriləndə qəflətən içimə dolmuş həyəcan və gərginlikdən, indi demək olar ki, əsər-əlamət qalmamışdı. Mənə elə gəlirdi ki, bu gərginlik, həyəcan və qorxu hissi hər addımda əriyərək bizi ilk döyüş anından, bəlkə də, kiminsə həyatına qoyulacaq son nöqtədən ayıran zamana, vaxta damla-damla hoparaq onu ağırlaşdırır, daşlaşdırır. Nəhayət, bu nəhəng kristal öz ağırlığına davam gətirməyib haradasa dəhşətli bir gurultuya yerə düşüb çilik-çilik oldu. Onun işıq saçan qəlpələri yeri-göyü doldurmuşdu. Düşmən səngərlərinə çatıb atəş açan əsgərlər 30-40 metr aralıdan güclü atəşlə qarşılaşdılar. Düşmən burada ikinci müdafiə səddi qurmuşdu və bu səngərlər daha güclü müdafiə olunurdu. Hava işıqlaşanda müqaviməti qırılmış ermənilər bu səngərləri də boşaldıb geriyə çəkilməyə başladılar. Həmin gün Horadiz qəsəbəsi azad olundu...
Bundan sonra neçə belə ağır döyüşlər oldu. Nə qədər itkilər verdik. Neçə-neçə dəhşətlərlə üz-üzə gəldik. Müharibənin eybəcərlikləri fonunda əsəblərimiz bərkidi, daşlaşdı. Lakin ilk döyüş heç vaxt mənim yadımdan çıxmadı. Elə indi də, 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, o iki günü bütün detallarına, xırdalıqlarına qədər xatırlayıram. Hər dəfə də xatırladıqca həmin günlərdə keçirdiyim həyacanı, gərginliyi, itkilərin acısını və sonda qazandığımız ilk uğurun sevincini olduğu kimi yaşayıram.
Elə şeylər var ki, həmin anda onlar barəsində düşünmək insanın ağlına gəlmir. Yalniz sonradan - döyüş tapşırığını yerinə yetirib geriyə qayıtdıqdan sonra baş verənləri xatırlamaq döyüşdəkindən daha dəhşətli olur. Cəmi iki gün davam edən o ilk döyüşdən sonra anladım ki, bir də heç vaxt dönüb əvvəlki adam ola bilməyəcəm. Həmin döyüşdən sonra mənə elə gəlirdi ki, həyatım iki hissəyə bölünüb. Döyüşdən əvvəlki və sonrakı həyat. Birinci hissədə ayaq açıb yeridiyin gündən o ana qədər səni bu dünyaya bağlayan nə varsa hamısı, ikinci hissədə isə bütün bunları inkar edən güllə səsləri, top gurultusu, yaralıların fəryadı, parçalanmış cəsədlər, qan hopmuş torpaq... Deməli insan ölümün gözlərinin içinə baxmayınca həyatın əsl qiymətini verə bilmirmiş.

Bizim - ötən əsrin 60-cı illərində və 70-ci illərin əvvəlində doğulmuş nəslin qismətinə paradokslarla dolu bir həyat yaşamaq qismət oldu. Biz, dünyaya gəlişimizdən 20-30 il əvvəl atalarımızı, analarımızı yetim qoymuş müharibə haqqındakı filmlərə baxa-baxa onları daha çox romantika kimi qəbul elədik. Bəlkə də bunun səbəbi o filmlərin ağ-qara olması idi. Biz orada müharibənin əsl rənglərini görə bilməmişdik. Amma bizim taleyimizə başqa bir müharibənin dəhşətlərini yaşamaq düşdü. Bu müharibə kinolarda gördüklərimizdən fərqliydi. Burada hər şey öz rəngindəydi: torpaq torpaq rəngində, qan qan rəngində.
Yaralanıb qayıdandan sonra “bizim müharibə” haqqında baxdığım ilk film “Laçın dəhlizi” olmuşdu. Mən nə o filmdə, nə də ondan sonra Qarabağ müharibəsi haqqında çəkilmiş başqa filmlərdə “bizim müharibə”nin nə rənglərini gördüm, nə səsini eşitdim. O filmlərdə nə mən varıydım, nə də mənim tanıdığım insanlar. Bu filmlərdəki obrazlar daha çox bizim məhlənin “dava-dava” oynayan uşaqlarına bənzəyirdilər.
Son aylarda Aqil Abbasın ssenarisi əsasında rejissor Elxan Cəfərovun çəkdiyi “Dolu” filminin ekrana çıxmasıyla ürəyimdə yenə də bir ümid qığılcımı baş qaldırdı. Bəlkə bu dəfə... Filmin iki dəfə təqdimatı olsa da, imkan tapıb heç birinə gedə bilmədim.
Ancaq mən bu filmə mütləq baxmaq istəyirəm. Tanış rəngləri və səsləri duymaq, 20 ildi görmədiyim dostlarımı görmək ümidiylə. Özümə kənardan baxmaq ümidiylə...

Teqlər: