Almanları heyrətləndirən, ABŞ prezidentlərinin etibarını qazanan Sikorski kim olub?

 Almanları heyrətləndirən, ABŞ prezidentlərinin etibarını qazanan  Sikorski kim olub?
  14 Sentyabr 2021    Oxunub:1356
1939-cu ilin bu günü ABŞ-da İqor Sikorskinin "VS-300" (S-46) helikopterinin prototipi ilk uçuşunu həyata keçirib. Beş il sonra, 1944-cü ildə isə bu prototipin əsasında dünyanın ilk helikopteri yaradılaraq onun kütləvi istehsalına başlanıb.
Azvision.az xəbər verir ki, İqor Sikorski (1889-1972) dünyaca məşhur helikopter şirkəti olan "Sikorsky" nin qurucusudur. Onun rəhbərliyi altında 78 fərqli təyyarə hazırlanıb. Bunlardan 72-si kütləvi şəkildə istehsal edilib, 2-si isə prototip mərhələsinə qədər gətirilib. Yalnız 4 helikopter layihəsi kağız üzərində qalıb.



Sikorski pilot-aviator diplomunu 1911-ci ildə Kiyev Aeronavtika Cəmiyyətindən alıb. 1912-ci ildə Sankt-Peterburqa köçüb və "Rus-Baltik Vaqon Zavodu"nun aviasiya şöbəsinin baş konstruktoru təyin olunub. Bu zaman ukraynalı dahinin cəmi 24 yaşı var imiş. Zavod dünyanın ilk ağır təyyarəsi olan "Ruskiy vityaz" və məşhur dörd mühərrikli "İlya Muromets" təyyarəsini hazırlayıb. Birinci Dünya müharibəsi zamanı alman pilotlarını dəhşətə gətirən və səkkiz nəfərlik ekipajı olan "İlya Muromets"in məhz 24 yaşında Kiyev Politexnik İnstitutunun tələbəsi olmuş İqor Sikorski tərəfindən hazırlandığı bildirilir.



"İlya Muromets" 1923-cü ilə qədər Rusiya ordusunda qalıb. Hətta ondan ölkədə ilk hava xətlərindən biri sayılan Moskva-Xarkov üzrə sərnişin daşımada da istifadə olunub. Layihə müəllifi təyyarənin təyinatındakı bu dəyişikliyi qəbul etməyib. O, ABŞ-a miqrasiya edərək burada 1923 -cü ildə "Sikorski Aeroengineering Corporation" aviasiya şirkətini qurub.

Sikorskinin Şimali Amerika qitəsində həyata keçirmək istədiyi ilk layihəsi böyük mühərrikli "S-29" təyyarəsi idi. Sonradan onun şirkəti amfibiya təyyarələrinin, 1930-cu illərin sonlarından etibarən isə helikopterlərin istehsalına güc sərf etdi. Sikorski ABŞ -da 17 növ təyyarə və 18 helikopter yaratdı. 1957 -ci ildən bəri, Duayt Eyzenhauerdən başlayaraq bütün ABŞ prezidentləri Sikorski tərəfindən hazırlanmış helikopterlərlə uçurlar.



Onun layihələri əsasında istehsal olunmuş helikopterlər hələ də aktiv şəkildə ordu birləşmələrində istifadə olunur. Sikorskini "aviasianın atası" da adlandırırlar.



Tural Tağıyev
Azvision.az



Teqlər: Təyyarə   ABŞ   Sikorski  





Xəbər lenti