Coli əfqanlara görə "İnstagram"da hesab açdı

   Coli əfqanlara görə  "İnstagram"da hesab açdı
  21 Avqust 2021    Oxunub:3497
Məşhur Hollivud ulduzu və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coli "İnstagram"da qeydiyyatdan keçib.
Azvision.az xəbər verir ki, o, sosial şəbəkəyə gəlişinin Əfqanıstandakı hadisələrə görə baş verdiyini bəyan edib. Coli paylaşımlarında əfqanların ölkədəki mövcud vəziyyət fonunda hekayələrindən danışacağına söz verib.

"Hazırda Əfqanıstan xalqı sosial şəbəkələrdə sərbəst ünsiyyət qurmaq və öz fikirlərini ifadə etmək imkanlarını itirir. "İnstagram"a bu səbəbdən gəldim ki, onların başına gələn hadisə və hekayətlərini və bütün dünyada əsas insan hüquqları uğrunda mübarizə aparan insanların səslərini bölüşüm",- aktrisa sosial şəbəkələrdə paylaşdığı fotonun altında qeyd edib.

Pentaqondan qalmaqallı foto ilə bağlı açıqlama: "O uşaq xəstə idi"
Coli özünün "İnstagram" səhifəsində ilk olaraq yeniyetmə bir əfqan qızın məktubunu paylaşıb. Hansı ki, burada Talibanın gəlişi ilə əlaqədar vəziyyətin dəyişməsi və ərazilərin ələ keçirilməsinə işarə edilir. Yeniyetmənin sözlərinə görə, əvvəllər əfqanlar normal həyat sürürdülərsə, indi hamı onlardan qorxur, insanlar belə hesab edirlər ki, xalqın hüquqları pozulur. Baxmayaraq ki, bəziləri hələ də Talibanın "dəyişdiyini" düşünür.

"Los Angeles Times" isə əvvəllər sosial mediaya şübhə ilə yanaşan aktrisanın "İnstagram"a qoşulmasını maraqlı məqam kimi qeyd edib. Colinin səhifəsinin artıq 4 milyondan çox izləyicisi var.



Qeyd edək ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Anclina-Coli   Əfqanıstan   Taliban   İnstagram  





Xəbər lenti