Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə iştirak edəcək

Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə iştirak edəcək
  17 Avqust 2021    Oxunub:2211
23-30 avqust 2021-ci il tarixlərində Tatarıstanın Dövlət Muxtar Mədəniyyət Təşkilatı Buinsk Dövlət Dram Teatrının bazasında Beynəlxalq Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Malikanə mədəniyyət məkanı: həyətdən salona" adlı növbəti tədbirini həyata keçirəcək.
Beynəlxalq Mədəniyyət Mərkəzi hər zaman Rusiyanın və xarici mütəxəssislərin yaradıcılıq əlaqələrinin genişləndirilməsinə, tanınmış yaradıcı şəxslərin, eləcə də gənc aktyor və rejissorların beynəlxalq səviyədə əməkdaşlığının yeni modellərinin hazırlanmasına geniş şərait yaradır.

Bu, həm də xarici sənətçiləri bir araya gətirərək Rusiyada yaşayan xalqların ənənəvi mədəniyyəti ilə çağdaş mədəni mühit, tarixi və müasir mədəniyyət xüsusiyyətləri ilə tanış etmək sahəsində əhəmiyyətli rol oynayır.

Azərbaycan Dövlət Akademik Musiqili teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təşkilat komitəsinin dəvəti ilə bu mərasimdə fəxri qonaq qismində iştirak edəcək. Bir sıra beynəlxalq festivalların və müsabiqələrin münsiflər heyətində hər zaman təmsil olunan tanınmış rejissor və təcrübəli pedaqoq türkdilli xalqların mədəniyyətinin daha da yaxınlaşması baxımından bu səfəri çox dəyərləndirir və belə hesab edir ki, Tatarıstanın peşəkar kollektivləri ilə yerindəcə tanışlıq, eləcə də dünyanın müxtəlif ölkələrindən tədbirə qatılacaq məşhur incəsənət xadimləri ilə görüşlər gələcəkdə sənət cameəsində daha sıx əlaqələrin qurulmasına yeni töhfələr verəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti