Ana və nənə obrazlarının mahir ifaçısı: Sədayə Mustafayevanın anım günüdür- FOTOLAR

      Ana və nənə obrazlarının mahir ifaçısı:   Sədayə Mustafayevanın anım günüdür-   FOTOLAR
  13 Avqust 2021    Oxunub:7339
Bu gün Azərbaycanın unudulmaz teatr və kino aktrisası, Xalq artisti Sədayə Mustafayevanın anım günüdür. Azvision.az xəbər verir ki, fədakar səhnə ustası olan Sədayə Mustafayevanın zəngin həyat yolu olub.
1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olan aktrisa 5 illik orta təhsil alıb. Orta təhsilini bitirdikdən sonra atası İsmayılı və qardaşı Məhəmmədi Böyük Vətən Müharibəsinə yola salan qızcığaz Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. O, boyu çox uca olduğundan və həmişə səmaya baxdığı üçün “Günəbaxan” Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada maraqlı obrazlar qalereyası yaradan Xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib.



Sədayə xanım 1950-ci ilin martında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə teatra aktrisa kimi dəvət olunub. O, Gəncə teatrının səhnəsində 400-dən artıq maraqlı obrazlarlar yaradıb.



Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB
"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtgin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları Xalq artistinin yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir.



Xalq artisti həmçinin “Azərbaycanfilmin” istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. O 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.



Qeyd edək ki, o Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşı, teatrşünas-tənqidçi Anar Bürcəliyevin isə anasıdır.







Tural Tağıyev
Azvision.az



Teqlər: Xalq-artisti   Teatr   Kino    





Xəbər lenti