"Virus bütün incəsənəti məhv etdi" - Ramiz Məlikov

 "Virus bütün incəsənəti məhv etdi" -  Ramiz Məlikov
  04 Avqust 2021    Oxunub:2809
Bu gün Xalq artisti Ramiz Məlikovun doğum günüdür. Aktyor Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 78 yaşını qeyd edən sənətkar özəl günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb. O, yeni yaşında arzularını dilə gətirib.
- Ramiz bəy, deyirlər, yaş kişinin var-dövlətidir. Siz bu haqda nə fikirləşirsiniz?
- Allah verən ömürdür, yaşayırıq. Necə yaşamağımıza gəlincə isə insanlar özü kənardan qiymət verir. Mən nə deyə bilərəm ki?! Bu vaxta qədər normal yaşamışam, sənət ilə məşğul olmuşam. Nə yaratmışam, hansı obrazları canlandırmışamsa, göz qabağında olub.

- 78-dən geriyə boylanıb həyatınızı bir kitab kimi vərəqləyəndə hansı illərin xatirəsinə dalırsınız?
- Xanım, mən bütün illərimin xatirəsinə dalıram. Özümü dərk edəndən, lap uşaq vaxtımdan indiyə qədər yaşadığım bütün illər mənim üçün əzizdir.

- Bu günü necə qeyd edəcəksiniz?
- Ailə daxilində sadə süfrə arxasında toplaşacağıq.

- Nəvələriniz varmı? Onlar babanı necə sevindirəcəklər?
- Dörd nəvəm var. Onlardan ikisi xaricdə, ikisi buradadır. Hər halda zəng edərlər, hələ etməyiblər.

- Özəl gününüzdə sizə nə desələr və ya necə təbrik etsələr, ürəyinizin "sarı simi" tərpənər?
- Can sağlığı arzu etsinlər, bəsimdir. Bu yaşda insana ancaq sağlamlıq lazımdır, başqa heç nə.

- Canınızı sağlam saxlaya bilmisnizmi?
- Əgər bu vaxta qədər gəlib çatmışamsa, deməli, qorumuşam.

- 78 yaşlı insan həyatdan nə istəyər, nə arzulayar?
- Uzun ömür və sağlamlıq.

- Neçə vaxtdır ki, teatrlar qapanıb. Virusa yoluxma qorxusu ilə yaşayırıq. Bu cür həyat tərzi sizi bezdirməyib ki?
- Virus bütün incəsənəti, mədəniyyəti məhv etdi. Çox şey üçün darıxıram.

- Gününüzü necə yola verirsiniz?
- Kondisionerin və sərinkeşin köməyilə yayı başa vurmaq niyyətindəyəm. Hərdən sosial şəbəkələrdən xəbərləri oxuyub, günümü keçirirəm. Nə edək, başqa çarəmizmi var?

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RamizMəlik   Aktyor   doğumgünü  





Xəbər lenti