Bugünkü polis dünənki deyil

  04 Avqust 2021    Oxunub :3065
    Bugünkü polis dünənki deyil
Dünən mandatına xitam verilən və həbs olunan deputat Elədiniz Səlimovun vəzifəsindən və mövqeyindən sui-istifadə edərək, polisə əl qaldırması cəmiyyətdə qızğın müzakirələrə səbəb olub. Əhalinin əksəriyyəti, əlbəttə, “lotuluq edən”, özünü millət vəkili deyil, “reket” kimi aparan eks-deputatı qınayır, ona qarşı tətbiq olunan qanuni tədbirləri dəstəkləyir. Ancaq ara-sıra polisə qarşı da müəyyən qınaqlar səsləndirənlər olur.
Polislərin də bəzən qanunsuz hərəkətlər etdiyi, kimisə döydüyü, kimə qarşısa ədəbsizlik etdiyi və cəzasız qaldığı hallar haqqında danışanlar var. Bu halların olduğunu biz də inkar etmirik, ancaq son illər Azərbaycan polisinin iş prinsipində, hərəkət və davranışlarında, peşə mədəniyyətindəki önəmli inkişafı, irəliləyişi də gözardı edə bilmərik. Bugünkü polis artıq əvvəlki deyil. İstər forma, istərsə də məzmun baxımından. İndi biz küçədə gəzərkən iri qarınlı, furajkasını peysərinə itələmiş, potaboy, toppuş, qırmızı, danışığı loru, ədası, hərəkəti kobud polisləri ucaboy, sağlam bədənli, mədəni, savadlı nitq qabiliyyəti olan gənc oğlanların əvəz etdiyini görürük. “Oğlanlar” yazdığım üçün xanımlar məndən inciyə bilərlər və buna haqları da çatır. Çünki son zamanlar polis sistemində xeyli xanım əməkdaşlar da çalışmağa başlayıb və asayişi qorumaqda, qabiliyyətdə, ədəb-ərkanda, xoş görünüşdə heç də kişi həmkarlarından geri qalmırlar.

Sovet dövründə belə bir şüar vardı: “Mənim milisim (oxu: polisim – N. Q.) məni qoruyur”. Və milis həqiqətən də xalqın güvəndiyi, inandığı, öz təhlükəsizliyini etibar etdiyi bir qurum idi. Bununla belə, müəyyən zümrələrdə ona qarşı neqativ münasibət də vardı və həmin zümrələr milisi gözdən salmağa çalışır, ona cürbəcür ayamalar qoşur, yarlıqlar yapışdırır, ayrı-ayrı intizamsız əməkdaşların qüsurlarını bütün daxili işlər sisteminin ayağına yazmaq istəyirdilər. Bunu başa düşmək çətin deyil, çünki milis həmin zümrələri təmsil edən neqativ şəxslərin bəd əməllərinə ciddi şəkildə mane olurdu. Oğrular, avaralar, möhtəkirlər, rüşvətxorlar, əlbəttə, milisi sevə bilməzdilər və sevmirdilər də. Ancaq xalqın çox hissəsi milisi həm sevir, həm ona güvənir, həm də ehtiramla yanaşırdı. Təbii ki, ondan da eyni münasibəti görürdü.

Milis ailəsində böyüdüyüm üçün, yəni atam milis işçisi olduğundan bu sahədə çalışan insanların xarakterini, cəmiyyətdə hansı rolu oynadıqlarını, nələrə qatlaşdıqlarını, hansı məhrumiyyətlərə dözdüklərini daha yaxından müşahidə edə bilmişəm. Yadımdadır, dövlət tədbirləri zamanı evdən səhər saat 6-da çıxan atam bir də gecə saat 12-də son dərəcə yorğun gəlir, anama gün ərzində macal tapıb bir stəkan çay belə içə bilmədiyini deyirdi. O zaman pambıq yığımı mövsümündə də milis əhalinin səfərbər edilməsində, məhsulun “son qozasına qədər” toplanıb dövlətə təhvil verilməsində mühüm rol oynayırdı. Milis Kür daşqınları zamanı yaşayış məntəqlərinin, təsərrüfatın sel altında qalmasına qarşı mübarizə aparır, əhalinin, müəssisələrin təşki olunmasında aparıcı funksiya yerinə yetirirdi. Kür daşan zaman atamın günlərlə evə gəlmədiyini yaxşı xatırlayıram.

Erməni daşnaklarının torpaqlarımıza təcavüzünün ilkin dövründə, Azərbaycan ordusunun formalaşmadığı vaxtlarda ölkəmizin müdafiəsi də əsasən milisin üzərinə düşürdü. Atamgil mütəmadi olaraq cəbhə bölgəsinə ezam olunur, düşməni cəsarətlə geri oturdurdular. Həmin döyüşlərdə çox sayda milis qəhrəmancasına şəhid oldu, yaralandı. Onlardan biri də atamın müavini vəzifəsində işləyən baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, şəhid İmamverdi Əliyev idi.


Ancaq müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, daxili işlər sistemində də müəyyən intizamsızlıq halları baş qaldırdı, destruktiv, neqativ meyilli adamlar qeyri-sabit, bir qədər qarışıq durumdan istifadə edərək, polis sisteminə də soxuldular və öz məhdud merkantil, şəxsi mataqlarını təmin etmək üçün polisin nüfuzuna, adına xələl gətirən işlərlə məşğul oldular. Bu da istər-istəməz cəmiyyətdə polisə qarşı müəyyən mənfi ovqat formalaşdırdı. Əlbəttə, sağlam polislərimiz də az deyildi, ancaq neqativlər, pis şeylər, bəd əməllər daha tez nəzərə çarpır. İnsanlar mənfiləri müsbətlərdən daha tez görürlər. İnsan rahat, təhlükəsiz, firavan yaşayanda, təbii olaraq, elə bu cür olmalı olduğunu düşünür və bunu təmin edəni xatırlamağa lüzum görmür. Ancaq elə ki xoşgəlməz hadisələr, qanunsuzluqlar, cinayətlər baş verir, dərhal dövlətin, hüquq-mühafizə orqanlarının hara baxdığını, nə işlə məşğul olduğunu dilə gətirir.

Sözümün əvvəlinə qayıdaraq, bir daha vurğulamaq istəyirəm ki, bugünkü polis artıq dünənki deyil. Hətta sovet dövrünün milisindən də qat-qat peşəkar, müasir, konstruktiv, prinsipial, qanunpərəst, təchizatlı və təminatlı, ən əsası da dövlətçi və vətənpərvərdir. Ordumuz cəbhədə düşmənə qarşı qəhrəmancasına vuruşduğu anda polisimiz də arxa cəbhədə təxribatlara və təxribatçılara qarşı effektiv mübarizə aparır, sabitliyin pozulmasında maraqlı olan destruktiv qüvvələrin qarşısının alınmasında ciddi rol oynayır, qanunun keşiyində dayanaraq, onun aliliyinin təmin olunmasına öz töhfəsini verir, sabitliyi və əmin-amanlığı, vətəndaşların həyatını onun özünün görüb hiss etmədiyi potensial təhlükələrdən qoruyur. İstər hər gün qarşılaşdığımız yol polisinin, post-patrul xidmətinin fəaliyyətində, istərsə də cinayətkarlığa qarşı mübarizədə polisimizin nailiyyətləri göz qabağındadır və mən inanıram ki, yaxın illərdə Azərbaycan polisi öz nümunəvi davranışı ilə xalq arasında nüfuzunu daha da artıracaq!

Bu gün biz artıq polisin fəaliyyətində yaxın keçmişimizin mənfiliklərini, demək olar ki, görmürük. Polis vətəndaşdan yalnız qanunlara riayət etməsini istəyir və tələb edir. Vətəndaşın da borcu asayiş keşikçisinin qanuni tələbinə əməl etməkdir. Təəssüflər olsun ki, bəzi vətəndaşlar qanunları bilmir, bəziləri öyrənmək istəmir, bəziləri bilərəkdən pozur və günahı polisin üzərinə atmağa çalışırlar. Arqumentləri də həmişə polisin keçmişdəki hansısa günahlarından, hansısa ayrı-ayrı cinayət törətmiş, intizamsız, rüşvətxor polis işçiləri haqda dedi-qodu xarakterli “faktlar” gətirməkdən uzağa getmir. Ancaq bir qədər diqqətli olsaq, obyektiv müqayisələr aparsaq, dəyişiklikləri, inkişafı, tərəqqini görməmək mümkün deyil. Millət vəkili ilə polis əməkdaşı arasında baş verən son insidentə diqqətlə nəzər salanda da görürük ki, söhbət mədəni surətdə ifadə olunan qanuni tələbdən və onun yerinə yetirilməməsindən, kobudluqdan, təhqirdən, hətta vəzifə və məqamdan istifadə edilərək zor tətbiqindən gedir. Bəli, polis qanunun aliliyi, qanun qarşısında hamının bərabər olması prinsipindən çıxış edərək, deputatı asayişi pozmamağa dəvət edib. Ancaq təəssüf ki, qarşı tərəfin münasibəti adekvat olmayıb və vəzifəsini yerinə yetirən sıravı polis təhqirə, zora məruz qalıb. Doğrudur, millət vəkili layiqli cəzasını aldı və proses davam edir. Ancaq polis işçisinə dəyən mənəvi-psixoloji yaranın sağalması bir neçə günün işi deyil.

Nadir Qocabəyli
Azvision.az

Teqlər: Polis  







Xəbər lenti