"Vətən Müharibəsinin Baş Planı:Əliyevin Böyük Azərbaycanı" - Zahid Orucdan sensasion yazı

"Vətən Müharibəsinin Baş Planı:Əliyevin  Böyük Azərbaycanı" - Zahid Orucdan sensasion yazı
  04 Avqust 2021    Oxunub:4108
Sovetlər Birliyinin dağılmasına misilsiz zəka və əmək sərf edən amerikalı strateq Zbiqnev Bjezinskinin soyuq dekabr günlərində Bakıya xüsusi missiya ilə gəlişi 70 illik imperiyanın son mogikanlarından olan Heydər Əliyevlə məxfi görüşmək, neft müqavilələrinin taleyi haqda ölkəsinə mötəbər bilgilər vermək məqsədinə xidmət edirdi. Əlbəttə, belə ranqlı təmaslar təkcə mühərriklərin sürtkü yağlarına həsr oluna bilməzdi və polşalı yəhudi əsilli diplomat gələcək memuarları üçün də əlinə düşən tarixi fürsəti qaçırmadı.
Əks ideoloji sistemlərdə və antoqonist elitalarda təmsil olunmalarına baxmayaraq, hər iki liderin bir-birinə dərin simpatiya bəsləməsi regionu və yeni müstəqil dövlət başçılarını tanımağa zaman sərf edən digər hökumət təmsilçilərindən üstün bir vəziyyət yaradırdı.

Bjezinski 2-ci dünya müharibəsində sovetlərə qalibiyyət gətirən neft Bakısının son illər qərq olduğu müharibə qaranlığında hərbi xaosun və siyasi anarxiyanın Xəzər hövzəsinin bütün perimetri boyu qeyri-sabitlik yaratdığını yaxşı görürdü. Axı o, bir vaxtlar Amerikanın əsas ideoloqu kimi müəllifi olduğu Əfqanıstan doktrinasının - SSRİ-ni bahalı müharibələrə çəkmək və məhv etmək planının yerində indi bölgəni toparlamaq və onu Qərbin iqtisadi-siyasi, mümkün olduğu halda hərbi dayanacağına çevirmək çağırışı qarşısında olduğunu əla bilirdi.

Prezident Bill Klintonun surquclu məktubu ilə gecə yarıdan keçmiş Abşeron sahillərində -yüz illərlə daxili və xarici savaşların meydanı olan sərt küləklər şəhərində Əliyevlə razılaşma formulu tapmaq onun kimi qlobal düşüncə sahibinə çətin olmamışdı. Bjezinski danışıqlar apararkən hələ barıt qoxusu çəkilməmiş paytaxt və bölgələri bürüyən humanitar fəlakətin qarşısında şax dayanan Əliyevin Kremldə dünyanı idarə edənlərdən biri manerasını burada da-min illər yaşı olan Xəzər-Şərq sivilizasiyasının sahillərində də qoruyub saxladığını yaxşı görürdü.

Uzun sürən danışıqlardan sonra Ağ Evə verilən nikbin raport məxfi diplomatın tərcümeyi-halının növbəti parlaq səhifəsi, bir əsrlik fasilədən sonra Qərbin iri şirkətlərinin, qlobal tacirlərin, meqa layihəçilərin və maliyyəçilərin qədim Şərqin sirli qapısı olan Bakıya qayıdışı, Xəzərinsə üç dənizlə birliyinin əsası demək idi. Azərbaycan liderinin şəxsiyyətində təcəssüm edən mərdlik, qətiyyət və qorxmazlıq Amerika emissarını necə ovsunlamışdısa, o siyasi etiketləri aşaraq öz xanımının dərin simpatiya duyduğu bir simvolla danışdığını açıqca dilə gətirmişdi. Lakin müstəqilliyi imtahan qarşısında olan Əliyevə o anlar şəxsi heyranlarından daha çox, 90-cı illərin qeyri müəyyənliyindən və hələ formalaşmamış geosiyasi düzənindən öz ölkəsi üçün maksimum istifadə edərək təkcə neft partiyasını deyil, həm də region uğrunda gedən hərbi davanı qazanmaq gərək idi.

Üstündən 27 il keçəcək, bütün dövrlərin ən adil hakimi-zaman Əliyev doktrinasının doğruluğunu sübut edəcəkdi. Bəli, 20 sentyabr 1994-cü illə 27 sentyabr 2020-ci illəri vahid siyasi təqvim hesab edənlər tam haqlıdılar. Lakin hələ mübarizə davam edirdi.

Öz xalqının böyük və həm də faciəli oğlu Levon ter Petrosyanın bunu hamıdan yaxşı və daha tez dərk etdiyi üçün ömrünün sonunadək tənha qalacağına şübhə yoxdur. Doğrudur, erməni lider öz silahdaşlarının sonsuz torpaq iştahının onun millətinə hansı bəlalar gətirəcəyini daha öncədən xəbərdarlıq etmişdi. Lakin Əliyevin siyasi şahmat partiyasını görəndən sonra Şərq hökmdarlarının sirli və mürəkkəb kombinasiyalarının onların müxtəlif imperiyalar arasında manevr etmək və sağ qalmaq əvəzinə ölümdən, kütləvi qırğınlardan keçdiyini elə öz şəcərəsində - suriyalı köçkünlüyündə yaxşı bilirdi. Levonu meydan və səngər yoldaşlarından ayrı salan uzaqgörənliyi onun taxtdan devrilməsindən hələ çox əvvəl Lissabonda növbəti təsdiqini tapmışdı. Qafqazda sülh və təhlükəsizlik üçün xüsusi plana malik olmayan, yalnız rusiyalı peşəkar manipulyator, ikili agent Vladimir Kazimirovun qarşısında xaotik reaksiyalar verən ATƏT zirvəsi nəhayət, 1996-cı ildə ilk dəfə düzgün qərar çıxarmışdı. Lakin o vaxtlar yüz minlərlə köçkünün səpələndiyi Bakı küçələrində hərbi məğlubiyyətin yaralarını sarımağa başı qarışan azərbaycanlılar əsil “Versal sindromu”nun acısını yaşayırdılar.

Xatırladaq ki, 1-ci dünya müharibəsindən sonra kapitulyasiya etmiş Almaniyanın ona diqtə olunan alçaldıcı şərtlər altında verdiyi kontribusiyalar, ərazi güzəştləri və Fransanın Rurda hərbi təmsilçiliyi, eləcə də savaşda məğlubiyyətin gətirdiyi kütləvi yoxsulluq belə sindromun yaranmasına səbəb olmuşdu. İndi öz xalqını Versal rüsvayçılığından qurtarmaq üçün Əliyev Xəzəri Qarabağla birləşdirməyə, su və quru yolları arasında arteriyalar qurmağa və neftin dünyəvi gücündən faydalanmağa çalışırdı. Nəinki “dəniz doktrini” olmayan, eləcə də kəşfindən sonra özgə paytaxtlardan idarə olunan sümürgən buruqlar yalnız sovetlərin hökmranlığı dövründə, o da müəyyən zaman kəsiyində Azərbaycanın quruculuğuna xidmət etmişdi, qalan vaxtlarda xarici basqıların və işğalların bir nömrəli səbəbi olmuşdu.

Əliyev Lissabonda tarixi zəfər qazandığını elan edəndə Bakıda inqilabi romantizmin məğlub dəstələri və dünya erməniçiliyi onu söz atəşinə tutmuşdular. Gerçəkdən də necə ola bilərdi ki, torpaqlarının beşdə birini itirən kiçik bir dövlətin rəhbəri konsensuslu qərarı durduraraq dünyanın 57 ölkəsinin iradəsi əleyhinə gedir, zirvə görüşünü yekun sənədsiz bitməsi təhlükəsi ilə üz-üzə qoyurdu? Lakin indi-yaşadığımız günlərdə Eçmiədzinin qaranlıq dəhlizlərində öyrəndiyi tarixi gerçək adı ilə çağırmaqdan çəkinməyən və öz millətini ilğımlardan oyatmağa çalışan seyid-ter Levon həmin günlərin qrifli gizlinlərini də gün üzünə çıxarır. Lissabon sammiti haqqında görün o nə deyir: “Balans 1996−1997-ci illərdə Azərbaycanda beynəlxalq neft konsorsiumu formalaşan zaman amerikalılar, BP və digər payçılar orada təmsil olunanda pozuldu. Lissabonda nə olmuşdu? Biz ora çatanda Oskanyanın (sabiq XİN-Z.O) sifəti əsirdi, o titrəyərək dedi ki, Amerika yeni formul gətirib, bizdən başqa hamı ilə razılaşdırıb. Mənə məlumat verildi ki, prezident Bill Klintonun masasına həmin sənəd necə düşüb. Onu Texasın neft lobbisi edib. Onlar Klintona deyiblər ki, sən Lissabona gedirsən, Əliyev bizdən belə bir sənəd istəyib. Hətta onu bilirəm ki, Amerika Konqresinin keçmiş rəhbəri Nyut Qinqriç bunu Klintondan tələb edib. O vaxtdan Azərbaycanın ritorikası dəyişdi, onlar xarici güclər hesabına ilhamlandılar və zamanın onların xeyrinə işlədiyini görüb daha heç bir təklifə razı olmadılar. Bizim hesablamalarımız nəinki səhv, hətta faciəli və millət üçün ölümcül oldu”.

Göründüyü kimi, yaxın şərqli erməni lideri həlledici dönüş nöqtəsini açıq dilə gətirməkdən çəkinmir. Halbuki 90-cı illər meydanlarında və ekranlarda müxtəlif strategiyalar üfürənlərin Qarabağın siyasi qayıdışına xidmət edən Lissabon bəyanatını, erməni icmasının danışıqlardan birdəfəlik kənarlaşdırılmasına səbəb olan misilsiz qərarı daxili mərəkələrin və məzxərələrin obyektinə çevirməsi gerçək tarixin qanunauyğun gedişini dəyişdirə bilmədi.

Əliyev 1997-ci ilin ilk Amerika səfərinə gedəndə demokrat Yeltsinin ona hazırladığı sui-qəsdin neftlə və boru kəmərləri ilə birbaşa bağlı olduğunu deyərkən onun çoxdankı həmkarı Eduard Şevardnazde cəmisi 6 ay sonra günün günorta çağı avtomobil korteji ilə az qala hərbi həmləyə məruz qalacaqdı və sovetlərin sonuncu xarici işlər naziri, dünyanın çox sirlərindən məlumatlı gürcü diplomat yaralarını sarımamış ekranlar qarşısına çıxaraq ona vurulan zərbənin səbəbinin Bakı nefti olduğunu açıq dilə gətirmişdi. Azərbaycan liderinin isə okeanın o tayına səfərini “zəfər” kimi xarakterizə edən Amerika qəzetləri yazırdılar ki, prezident Klinton Əliyevə bir qəhrəmana layiq münasibət nümayiş etdirdi.

Adətən keçmişi sovetlərə bağlı olan, xüsusən çekist məktəbinin parlaq simalarından birinə Ağ Evdə yüksək ehtiram göstərmək hamını yarğılamağa öyrəşmiş quzğun Qərb mediası üçün xarakterik deyildi. Lakin Vaşinqtonun iki yerə ayırdığı Qafqazlarda -İrana və Rusiyaya açılan pəncərədə hakimiyyət sükanı arxasında Əliyev kimi Sistem Adamının olmadığı şəraitdə istənilən inqilabi demokrat Qərbin bütün planlarını -zəngin karbohidrogen ehtiyatlarını Avropa bazarlarına çıxarmaq, gələcəkdə Orta Asiyaya çıxış əldə etmək, Əfqanıstanı kontrolda saxlamaq, ən əsası o vaxtkı Moskva və Tehran qarşısında müstəqil platforma qurmaq xəyallarını puç edə bilərdi. Əlbəttə, Əliyev bütün etimadı doğrultdu, Nobel qardaşlarının sərmaye qoyduğu sərvətləri Qərblə birgə işlətməyi bacardı, amma cəsurluğun hesabı hələ qabaqdaydı.

Gürcüstandan Qərbə dəhliz açmaq üçün böyük yatırımlara razılıq alan Əliyev təkcə özünə deyil, eləcə də regiona müştərək məsuliyyət sahibi etdiyi Avropa Birliyi, NATO və bütün Qərbə strateji nəfəsliyin hansı risqlər gətirdiyini hamıdan yaxşı bildirdi. Lakin Azərbaycan liderinin Qarabağ formulunu regionda qeyri-müəyyənlikdən və boşluqdan bəhrələnərək qurması, oyunun şərtlərini dəyişdirməyi bacarması nəinki ənənəvi imperiya tərəfdarlarını, o cümlədən Ermənistanı iqtisadi müharibədə məğlubiyyətə uğradaraq gələcək silahlı meydanda tək qalmasının əsasını qoydu.

İndi Heydər Əliyev əleyhinə fakt kimi onun BMT-nin 50 illik sammitində[2] iştirakı zamanı Douninq street 10-da Britaniyanın baş naziri ilə görüşünün yekunlarını stenoqramlaşdıran adi bir məmurun subyektiv metaforasına uyub digər səhifələrdə və sətirlərdə onun gerçək peşəkarlığını, öz millətinin mənafeləri üçün necə fədakarlıqla döyüşdüyünü görməyən siyasi məhəlləçilər əvəzində Vaşinqtondan gündəlik status yazmağı peşəkar siyasət zənn edirlər. Halbuki bir əsr əvvəl kraliça ordularının əvvəlcə Qafqazı, sonra isə İranı rüsvayçı şəkildə tərk etməsinin əksinə olaraq, Əliyev baş nazir Con Meycora onun sələfi general Tomsonun iki minlik ordusunun neft çəlləklərini qoruya bilmədiyinin səbəblərini xatırladır, Bakının müstəqilliyinə və suverenliyinə yardım etmədən burada möhkəmlənməyin qeyri-mümkünlüyünü izah edirdi.

Zaman göstərdi ki, ədalətli sülh ugrunda aparılan müharibənin əsas xəttini Xəzərin və Qarabağın statusu təşkil etməsəydi, daha doğrusu, kiçik savaşı qazanmaq üçün Ermənistanın tarixi ideallarının izi ilə onların ideologiyası əllərindən alınmasaydı, yalnız döyüş meydanlarında qələbə qazanıla bilməzdi. Əliyevlər müharibəni dənizlərdə qazanacaqları təqdirdə təkcə dağılmış ordunu və iqtisadiyyatı qurmaq üçün çoxmilyardlı resurslar əldə etmirdilər, eləcə də Bakını beynəlxalq siyasi-təhlükəsizlik arxitekturasının nüvəsinə çevirmək fürsəti qazanırdılar. Axı Bakı-Ceyhanın o vaxt hələ mərkəzi əlaqələndirmə punktu tapılmamışdı.

Tbilisi, yaxud Tehran, Supsa, yoxsa ənənəvi Novorossiysk xətti ətrafında gedən gərgin müzakirələr əsrlərdir böyük neft səltənətinin sahibi olan Azərbaycanın, daha sonra Qazaxıstan nefti və türkmən qazının gələcək taleyini müəyyənləşdirməliydi. Heydər Əliyev bütün gücü ilə İrəvanı özünün çoxməchullu diplomatiyasının və əsas enerji kursunu müəyyən edən qlobal oyunçuların sərəncamına verməklə güclü bir rıçaq əldə etmək istəyirdi. Deyəsən, səhra komandiri Robert Köçəryan 2002-ci ildə neft kəmərlərinin İrəvandan keçməsi əvəzinə İranla sərhəd əraziləri işğaldan azad etmək öhdəliyini bahalı layihə sayıb anındaca imtina edəndə də, Serj Sərkisyanın boru xətlərinin Qarabağdan keçidini özünün pis diplomatik dili ilə “Qarabağ əvəzinə neft” formuluna çevirib yalnız ticarət sövdələşməsi kimi dərk edəndə də öz milləti və gələcək rəhbərlər üçün necə böyük faciələrə yol açdıqlarının fərqində deyildilər. Axı ata Əliyevin İrəvana qarşı həmlə kursunun mahiyyətini hamıdan yaxşı bilən və döyüş varisliyini qətiyyətlə qəbul edən oğul Əliyev Ermənistanın 220 illik “dənizdən-dənizə planı”nı onların əllərindən necə almağın yollarını dəqiq və əminliklə görürdü. Gənc Əliyev dünyanın son 300 illik çarxını irəliyə aparan bir nömrəli resursun dövlət binalarında və hərbi meydanlarda taleyinin necə həll olunduğunu əla öyrənərək böyük siyasətə daxil olmuşdu.

1780-ci ildən bu yana regionun və aparıcı Qərb dövlətlərinin yardımı ilə inkişaf etdirilən erməni coğrafiyasını üç dənizə qədər böyütmək planı təkcə Türkiyə və Azərbaycana qarşı deyil, eləcə də Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən bütün xalqlara bəlalar gətirmişdi. İndi çətin ki, Allahın ermənilərə vermədiyi neft və geniş su hövzələri ideologiyasını hazırlayanların “Böyük Ermənistan” əsatirinə görə qurban gedən insanların sayı və maddi itkilərin dəqiq miqyasını hesablamaq mümkün olsun. Lakin Əliyevin “dənizdən-dənizə planı” ideyaların, dəyərlərin, ticarətin, yüksək standartların, nəqliyyat və kommunikasiya qovşaqlarının qitələrarası miqyasda hərəkətə gətirilməsinin açarı oldu, Azərbaycanı Aralıq, Qara və Xəzər dənizləri arasında ən güclü məntəqəyə çevirdi, enerji resurlarını dövlətin maddi, mənəvi və ən sonda hərbi güc mənbəyinə çevirdi. Gerçəkdən də heyrətamiz müdriklik və cəsarətlə üç dəniz əfsanəsinin həyata keçirilməsi 35-dən artıq dövlətin mənafelərinin birləşdirilməsi demək idi. Baxmayaraq ki, sərhəd ölkələrinin heç də hamısı oradan birbaşa pay götürmürdülər, lakin Aralıq dənizi ətrafında 24, Qara dənizin sahilində 6, Xəzər yanında isə qərarlaşan 5 dövlətin üst-üstə 3.3 milyon kv. km-dən artıq su hövzələrini birləşdirməklə ortaq limanlar, ticarət, iqtisadiyyat, mədəniyyət, siyasət, bir sözlə, vahid tale birliyini yaratmış olurdular. Hesablamaq çətin deyil ki, burada bir araya gələn vahid ÜDM və əhali kütləsi nə qədərdir, Bakını daha böyük siyasi coğrafiyaların paytaxtı etmək siyasətinin tam mahiyyəti onda dərk olunur.

Axı Azərbayacana qarşı yürüdülən iki yüz illik müharibədə sözügedən ölkələrin heç biri bu qədər Abşeronun sürətlə dəyişən havasının sabitliyində maraqlı olmamışdılar. Ermənilərdən fərqli olaraq, böyük Azərbaycan idealı və üç dənizə çıxmaq layihəsi torpaq işğallarını və özgə əraziləri tutmaq iddialarını nəzərdə tutmurdu, əksinə qitələr və regionlar arasında əməkdaşlıq platformasına çevrilərək dəyərləri və bilikləri, bacarıq və vərdişləri, fərqli mədəniyyət və ənənələri, ayrı din və məzhəbləri Bakı ətrafında birləşdirirdi. İrəvansa bu sivilizasiyadan kənarda qalırdı və “böyük” mifinin əvəzləndiyi “kiçik Ermənistan”a doğru sürətlə irəliləyirdi.

Xəzər regionunun qlobal çəkisini artıran Azərbaycanın sonrakı illərdə nəinki Şərq-Qərb arasında enerji, eləcə də Cənub Qaz dəhlizi, daha sonra Bakı-Tiflis-Qars dəmir yolu xəttini, ardınca Şimal-Cənub nəqliyyat platformasını meydana gətirməsi təkcə müstəqlliyinə beynəlxalq təminatları gücləndirmədi, həmçinin, ikinci Qarabağ savaşına gedən yolun Baş Planını ərsəyə gətirdi. Təsadüfi deyil ki, növbəti ildönümünü yaşadığımız 2008-ci ilin 5 günlük avqust müharibəsi zamanı Gürcüstanı Rusiyanın tankları qarşısında xilas edənlərdən biri də yenə İlham Əliyev oldu. Əgər 5 dövlətin rəhbəri, xüsusilə də indiki Fransa prezidentindən fərqli olaraq, həqiqətən bölgəyə sülh missiyası ilə gələn Sarkozinin, eləcə də polşalı, litvalı və digər rəhbərlərin qorxulu Tbilisiyə təhlükəsiz gedişini məhz ölkəmizin Gəncədən verdiyi yol və təminatlar mümkün etdi.

Qafqazların müharibə tarixində heç vaxt Əliyevin qurduğu düzgün neft siyasətinin övladı olan ikinci Qarabağ savaşındakı qədər Azərbaycanın xeyrinə beynəlxalq şərait, xarici dövlətlərin misilsiz neytrallıq və balans siyasəti, əlverişli informativ və diplomatik üstünlük olmayıb.Yüz il əvvəl general Tomsonun Xosrov bəy Sultanovu təyin etdiyi Qarabağ qubernatorluğundan fərqli olaraq, müasir Britaniyanın bütün açıq və gizli siyasi elitası İlham Əliyevin 21-ci əsr müharibəsini ardıcıl müdafiə etdilər, ölkəmizi haqsız yarğılamaq istəyən BMT qətnamələrindən inanılmaz prinsipiallıqla qorudular, o vaxtkı kimi yalnız neft maraqlarını deyil, eləcə də Londonun arxivlərindən yaxşı tanıdıqları böyük Azərbaycan naminə qələbəyə qətiyyətlə dəstək verdilər. Rusiya və İran da 90-cı illərin neft müqavilələri imzalanan zaman Qafqazlada hərbi-siyasi balansın Bakının xeyrinə dəyişəcəyini özlərinin dərin dövlət təcrübələrində yaxşı bildiklərindən bu dəfə general Pavel Sisiyanov və Abbas Mirzə kimi Azərbaycanın bölgüsünə deyil, Əliyevin iki əsrlik savaşda qələbəyə qoyduğu bütün hüquqi, siyasi, iqtisadi və hərbi resurslara haqq qazandırmaqla dəstək verdilər. Moskva və Tehranın tarixində gerçəkdən də ilk olan bu unikal mötədilliyi yalnız Əliyev müdrikliyinin və strateji ağlının məhsulu saymaq olar.

O, 90-cı illər Türkiyəsini bölgəyə gələrkən hər addımında ehtiyatlılıq və Brüssel-Moskva-Vaşinqton-Tehrandan verilən bəyənatları həyəcanla izləmək durumundan xilas edərək 2010-cu ildə strateji tərəfdaşlığa hamını hesablaşmağa məcbur edərək, ordu və silah birliyinə gətirib çıxarmağa nail oldu. Gerçəkdən, nə Səfəvi hökrmanlığında, nə Osmanlı xanədanlığında, nə də Cümhurriyyət fədailəri və Qırmızı bayraqların hakimiyyəti illərində Qafqazlarda hərbi-siyasi tarazlıq bu qədər Bakının xeyrinə olmamışdı.

Əliyev və Ərdoğan tandeminin məhz bu dövrdə-azərbaycanlı və türklərin 21-ci əsr yenidən qalxınma və inkişafı üçün yorulmadan, bütün xarici və daxili sınaqlardan uğurla çıxarmağı bacarması heç şübhəsiz, soyuq müharibədən sonra Ankaranın Qərbin pəncərəsi statusunu itirəcəyi və onun dünya siyasəti üçün periferiyaya çevriləcəyi iddialarını alt-üst etdi. Azərbaycanın nefti və qazı, boru kəmərlərinin güclü qan-damar sistemləri, dəmir və quru yolları Ankara-Bakı arasında vahid kommunikasiyadan canlı orqanizmə və siyasi tale birliyinə yol açdı. Ona görə də iki yüz il əvvəl türk qoşunları bölgəni yarımçıq tərk edəndə də, 100 il əvvəl Nuru paşanın əfsanəvi qəhrəmanlığını Osmanlının süqutu durduranda da, 90-cı illər Dəmirəl Türkiyəsinin ürkək iradəsi Yumşaq Ələ çevriləndə də Azərbaycan Qarabağda “Dəmir Yumruq” formalaşdıra bilməmişdi. Deməli, “Qələbə yumruğu” təkcə daxildə lider-ordu-xalq birliyini deyil, eləcə də Abel Aqanbekyanı 34 il əvvəl “Humanite” jurnalında üstümüzə kükrədən Yelisey sarayının qarşısında London-Ankara-İslamabad-Tel-Əviv və digər mərkəzlərin güclü dirənişini özündə əks etdirir.

Həqiqətən inanılmaz xarici siyasət nümunəsidir, qlobal ölçüdə bir-birinə qarşı olan Vaşinqton və Tehranla qurduğun münasibətlər heç birinin forpostu olmadan siyasət aparmağın mümkünlüyünü ortaya qoyur, yaxud Moskva əleyhinə xarici sanksiya rejiminə qatılmadan Ağ Evlə, Brüssel çinovnikləri ilə müstəqil ranqlı davranışları davam etdirə bilirsən, Tel-Əviv və Tehran arasında balans, Tel-Əviv və Ankara duetində uzlaşma yaratmağı bacarırsan, din və dünyəvilik, qərbçilik və şərqçilik, Turançılıq və Avrasiyaçılıq ideoloji savaşında bizə keçmişdə bəlalar gətirən maksimalizmi xeyirli mizan-tərəzi ilə əvəz edirsən. Kim deyə bilər ki, Əliyevin məscidlər, kilsələr və sinaqoqlar üzərindən verdiyi ilahi mesajlar, dünyəvi modeldə ölkəsini istənilən islam və xristian ölkəsinin mənəvi ladından, dövlətin söykəndiyi dəyərlər sisteminin birinin digərinə üstünlük verməsi ilə fərqlənir? Cavab hamıya bəllidir, hətta ermənilərin belə ittiham edə bilmədiyi tolerantlıq radikalizm və fobiya tezislərini alt-üst edir, azərbaycanlıların bir sıra Yaxın Şərq ölkələrindəki kimi dindən terrora, xilafət və orta əsr əşirət hakimiyyətinə keçməkdə suçlandırmağa arqument saxlamır. Ona görə də 1805-ci il-Kürəkçay, 1813-cü il-Gülüstan, 1828-ci il-Türkmənçay və 1920-ci il-İrəvan və Zəngəzur, 1990-93 cü illərdə Qarabağ torpaqlarının itirilməsi zəncirini qırmaqla fərqli bir tarix yaratmağı bacardı.

İndi Əliyev strategiyası Qarabağı beynəlxalq masalardan birdəfəlik çıxararaq onun yerini quruculuq gündəlikləri ilə əvəz etməyə, Şuşanın konflikt keçmişini və çox əsrlik yaralarını sarımağa, millətinin həyatını təhdid edən əbədi savaş konseptindən çıxararaq onlara yeni hədəflər verməyə yön alır, fədakar xalqını postmünaqişə həyatına hazırlayır, qorxularını dəf edir, məğlubiyyət şüurunu və faciə kültürünü unutduraraq min illik tarixindəki qalibiyyət səlnaməsinin qırılmaz bağlarını yeni dövlət və millət quruculuğunun təməllərinə daşıyır. Qələbəyə gedən 27 il üstəgəl 44 gün Əliyevin dili ilə desək, “hər bir addımda yalnız qələbəni düşünürdüm” ayəsi-öz-özlüyündə təkcə dövlət başçısı və Ali Baş Komandanın normativ konstitusion öhdəliyi deyil, həm də onun və təmsil etdiyi soyun şəxsi qalibiyyət ruhunun nümayişi, “Əliyev müharibə”sinin qızıl səhifələri kimi tarixə və tərcümeyi-halına daxil olur. Onu kimsə artıq poza bilməz.

O, “statussuz erməni” deyərkən, hər yerdə vətənsiz, torpaqsız, dövlətsiz bir xalqı deyil, yalnız statusu qalib Azərbayanda digər millətlər kimi birgəyaşıyışı, sülhü, qonşuluğu və sərhədini, həddini tanımağı nəzərdə tutur. Əks halda, Ermənistana Əliyev dövlətini udmaq mümkün olmayacaq.

Sabiq müşavir və ter-Levonun əqidə silahdaşı, onun kimi öz xalqının faciələrini açıq söyləməkdə davam edən Jirayr Libaridyan deyir ki, savaşı əvvəlcədən qazana bilməyəcəyimiz aydın idi və biz məğlubiyyətə məhkum idik. Onun “suverenlik və müstəqlliyimizin böyük bir hissəsini itirdik” sözləri ilk növbədə, İlham Əliyevin təkcə ərazilər uğrunda savaşı deyil, həm də ideya müharibəsini udması və mifik erməni ideologiyasının üzərindən xətt çəkməsini nəzərdə tutur. Ona görə də Azərbaycanın 44 günlük müqəddəs davanı qazanması 27 illik Əliyevlər kursunun “dənizdən-dənizə planı”nın tərkib hissəsi, onun birbaşa övladıdır. Bakı-Tiflis-Ceyhan koridorundan açılan dünya, yaxud o ölçüdə qlobal layihələrin hər biri indi Əliyevin növbəti on illiklərə yönələn Zəngəzur dəhlizi planı ilə ideya-siyasi baxımdan qardaşdır, məqsədcə vahiddir. Bir vaxtlar baxımsız yer olan Səngəçalda yaradılan nəhəng sənaye mərkəzinin böyük məsafələri, çətin və amansız Qafqaz dağlarını, yovuşmaz iqlim və seysmik qeyri-sabitliyi aşan məhsulları hansı mərama xidmət edirdisə, indi Ələt və azad torpaqlarda qurulan limanlar da Əliyevin gələcək məqsədlərinin əsas dayaq ünvanlarıdır. Sadə adamların hər gün yanından keçdikləri adi yaşayış məntəqləri dövlət başçısının strateji baxışında tam ayrı mənanı daşıyır.

Bir vaxtlar inqilabi Fransada bir-birini əvəz edən hakimiyyətlər fonunda əvvəllər çox da tanınmayan qraf aristokrat Anri Sen-Simon bəyan etmişdi ki, siyasətçilər deyil, məhz mühəndislər dünyanı dəyişir. Ardınca onun tələbəsi, böyük mühəndis Ferdinand de Lessals müəlliminin sözlərindən ilhamlanaraq, Süveyş kanalını layihələndirdi və tikdi. Hamı dünyanın fəthinə çalışan imperator Napoleon Bonapartın tərifli ordusundan fərqli olaraq, Misirlə Müqəddəs torpaqları alternativ yollarla birləşdirib oraya hökrmanlıq edə biləcəklərini gördü. İndi Amerikadan Asiyadan, Avropadan Antarktidaya qədər həmin qəhrəman mühəndislərin davamçıları müxtəlif məntəqələri, varlı və əlçatmaz ünvanları körpü və kommunikasiyalarla birləşdirərək yeni minilliyin əsas layiləhəndiriciləri kimi çıxış edirlər. Əliyev məhz öz mühəndislərini - Pekindən Londona, Hind okeanından Buxarestə qədər ərazilərdə bir vaxtlar xəyal olan Bakı-Ceyhana qədər mürəkkəb dəniz, quru və hava kommunikasiyalarını heyrətamiz iradə və entüziazmla gerçəkliyə çevirir.

Görünür, son iki yüz ildə məhz bu çatmayıb-yeraltı, yerüstü və hava məkanının gücünü birlikdə səfərbər edərək nəinki Qarabağa, daha da uzağa gedən məqsədlərlə məglubiyyətin daşlaşdırdığı kompleksləri dəf etmək və regionu birləşdirməklə Ermənistanı Azərbaycanın bir hissəsi kimi sərhəd divarlarını aşıb keçmək Əliyev missiyasının yeni siyasi üfüqləridir.

Bəli, iki əsrlik məğlubiyyət keçmişini dəyişmək mümkün deyil, lakin aldığımız dərslər yeni eranı Qələbə ilə başlamağa yol açdı!

Müharibəni təkcə generallar uduzmur, bir millətin yüz illik mədəniyyət və ideologiyasının səhv olduğunu bütün dünya erməniçiliyinə göstərməklə Əliyev min illərin qələbəsini qazandı.

İndi “Əsrin qayıdışı”-“Əliyevin Marşal planı” qarşısındayıq!

Bu haqda növbəti yazılarda!

Zahid Oruc
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri



Teqlər: Azərbaycan   Türkiyə   Qarabağ  





Xəbər lenti