Zillət vəkilləri, yaxud "şilləvuran"a qahmar çıxanlar

  Zillət vəkilləri,  yaxud "şilləvuran"a qahmar çıxanlar
  03 Avqust 2021    Oxunub:3510
Bu gün Milli Məclisdə öz mövcudluğunu adam döyməklə yada salan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verildi. Onun hərəkətinə əvvəlcə hüquqi qiymət verilib, yəni cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Eldəniz Səlimov qanunları pozmuş hər bir vətəndaş kimi, məsuliyyətə cəlb olunaraq, müvafiq cəza alacaq. İlk baxışda hər şey normaldır. Yəni burada nə var ki? Qanun qarşısında hər kəs bərabərdir və törətdiyi əmələ görə cavabdehdir. İstər deputat, istər nazir, istərsə də digər vəzifəli şəxs olsun. Bütün dünya bu yolla gedir və biz istisna deyilik. Heç olmamalıyıq da...

Bu hadisə bir çox baxımlardan son dərəcə rüsvayçıdır. İnsanın insana, kişinin kişiyə, ailə başçısına, qanunverici hakimiyyət nümayəndəsinin dövlət qulluqçusuna, qanun qəbul edənin onu qoruyana, ən nəhayət, sivil bir ölkənin bir mədəni vətəndaşının digərinə qaba güc tətbiq etməsi heç bir əndazəyə sığmır. Bu hərəkət həm də dövlətə və onun ərazisində yaşayan bütün vətəndaşlara qarşı hörmətsizlikdir.

İndiyəcən heç bir qanun layihəsi təklifi, təşəbbüsü, ictimai-siyasi çıxışı, digər fəaliyyəti ilə tanınmayan deputat birdən-birə adam döyməklə gündəmə gəlir. Dəhşətli haldır: insanların haqlarını, hüquqlarını qoruyacaq şəxs onları döymək, əzmək, sındırmaq, təhqir etməklə məşğuldur. Beləsinin imkanları artsa, xoşuna gəlməyən və gücü çatan hər kəsi öldürə də bilər.

Ancaq təəccüblüdür ki, “şilləvuran” deputata qahmar çıxanlar, bu işin “arxasında” nəsə axtaranlar da tapılır. Guya kiminsə qəzəbinə gəlib, nə bilim, başqa səbəblər də var və s. Qardaşlar, bacılar, siz hansı “qaranlıq” məqamlardan danışırsınız? Adamın əməli, törətdiyi cinayət göz qabağındadır, bu faktın üzərindən necə keçmək və başabəla deputata qarşı tətbiq olunan tədbirləri başqa yerlərə yozmaq olar?

Məsələnin ən pis tərəfi başqa bir millət vəkilinin öz həmkarına qahmar çıxmasıdır. Əlbəttə, həmkarını, iş yoldaşını, salam-əleyk etdiyi insanı dolayısı ilə müdafiə edən hörmətli Tahir Kərimlini haradasa başa düşmək olar. Ancaq müdafiə etməyin, alicənab, dostyana münasibətin də bir qaydası var. Vaxtilə Ali Məhkəmənin sədri olmuş, otuz ildir siyasi səhnədə olan, partiya rəhbəri kimi tanınan birinin “bu ölkədə polisin yiyəsi var, amma deputatın yiyəsi yoxdur” kimi bayağı, bir millət vəkilinə yaraşmayan ifadə işlətməsi insanı məyus edir. Görünür, Milli Məclisin tərkibi heç də arzuolunan səviyyədə deyil və bizi başqa xoşagəlməz sürprizlər də gözləyir.


Üzr istəyirəm, ancaq dövlət “lotuluq eləyən” deputata, məmura öz gücünü, daha doğrusu, qanunların diktəsini göstərə bilməyəcəksə, o nə dövlətdir. Biz vaxtaşırı qanunlara məhəl qoymayan hansısa qudurğan məmurlardan, onların harın balalarından danışır, dövləti onlara qarşı sərt olmağa səsləyirik. Cənab Prezident bu məsələ ilə bağlı vəzifəli şəxslərə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə bir şəraitdə deputatların, millət vəkillərinin prosesdə aktiv iştirak etməkdən, bu cür halların aradan qaldırılmasında ölkə başçısına kömək etməkdənsə, özlərinin də “lotuluq” etməsi və bu davranışa dolayısı ilə haqq qazandırması sadəcə təəssüf doğurur.

Cəmiyyət qanunların hamı üçün eyni olduğunu, hər kəsin qanun qarşısında bərabər məsuliyyət daşıdığını yalnız kağızdan oxumamalı, həyatda da görməlidir. Eyni zamanda, bu prosesdə aktiv iştirak edərək, dövlətə, onun başçısına, müvafiq qurumlara dəstək verməli, neqativ halları mütəşəkkil şəkildə pisləməlidir. Biz yalnız bu yolla güclü, hüquqi, ədalətli dövlət qura və cəmiyyət formalaşdıra bilərik!

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Deputat   Mandat   Xitam  





Xəbər lenti