Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi

  03 Avqust 2021    Oxunub :671
   Eldəniz Səlimovun deputat toxunulmazlığına  xitam verildi
Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
Azvision.az -ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın iclasında 1 məsələ müzakirə olunaraq qəbul edilib.

Toplantıda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilib. Bununla da parlamentin növbədənkənar sessiyası işini yekunlaşdıırb. İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Milli Məclisin 53 deputatı növbədənkənar sessiyanın çağırılması üçün sədr Sahibə Qafarovaya müraciət etmişdi. S.Qafarova avqustun 3-də növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalamışdı. Bu gün növbədənkənar sessiyanın iclası keçirilib. Toplantı başa çatıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.


Azvision.az

Teqlər: Deputat  







Xəbər lenti